05 Fevral 2025

Ermənistanın siyasi-hərbi rəhbərliyi vahimədə – “dəmir yumruğun” fobiyası, yoxsa…

Deputat Elman Nəsirov: “Azərbaycan Prezidentinin mövqeyi, bəyanatları, praktiki addımları beynəlxalq hüquqa söykənir”

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, Ermənistan yenə pozuculuqla məşğuldur. Sitat: “Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir”. XİN bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobiyalar yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.

Prezident İlham Əliyevin məlum çıxışına münasibətlərindən, reaksiyalarından açıq görünür ki, Ermənistan dövləti və xalqı bizdən qorxur. İlham Əliyevin bəyanatları onları möhkəm həyəcanlandırır. Ən əsası, görürlər ki, Azərbaycan Prezidenti güzəştsiz və qətiyyətli danışır. Onun illərdən bəri bu cür qətiyyətli çıxışlarının ardından 2020-ci ilin payızında Azərbaycan Vətən müharibəsi başlatdı, torpaqları azad, Ermənistanı məğlub etdi. “Göz gördüyündən qorxar” misalındakı vəziyyətdir Ermənistanda. Düşmən ölkənin rəhbərliyi və cəmiyyəti yaxşı bilir ki, bizimlə oyun oynamağa çalışmaq onlara baha başa gəldi. Ona görə də indi Prezident İlham Əliyevin çıxışına başqa don geyindirib, özlərinə beynəlxalq immunitet qazanmaq istəyirlər. Niyyətləri baş tutacaqmı?

Elman Nəsirov | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyi

Elman Nəsirov 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan tərəfinin bu davranışı acı təəssüf doğurur. Ermənistan tərəfi bir yandan postmüharibə dövrünün həllini gözləyən məsələləri ilə bağlı guya konstruktiv mövqedə dayandığı görüntüsünü yaratmaq, əməkdaşlıq, guya nəqliyyat-kommunikasiyaların bərpasını istəyir. Digər yandan da elə bir davranış ortaya qoyur ki, həmin davranış əldə edilmiş bütün razılaşmaların üstündən xətt çəkir. Buna Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatı misal göstərmək olar: “Həmin bəyanatda iddia olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Quba rayonuna səfəri zamanı ictimaiyyətlə görüşdə Ermənistanı hədələyib, guya Ermənistanın ərazi bütövlüyü və suverenliyi üçün təhdid yaradan mövqe ortaya qoyub və bu mövqe əldə edilmiş razılaşmalara, 10 noyabr üçtərəfli bəyanatına uyğun deyil. Ermənistan XİN-in bu əsassız bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi artıq öz mövqeyini bildirib. Azərbaycan XİN-in yaydığı bəyanatda Ermənistan tərəfinin mövqeyinin tamamilə əsassız olduğu göstərilir və Ermənistanın növbəti dəfə sülhyaratma prosesinə mane olmaq cəhdi kimi qiymətləndirilir.

Azərbaycan Prezidentinin mövqeyi, bəyanatları, praktiki addımları beynəlxalq hüquqa söykənir. 26 noyabr Soçi görüşünün nəticəsində açıqlanan bəyanatda da ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı, humanitar məsələlərlə bağlı razılaşma əldə edilib, eyni zamanda 10 noyabr bəyanatının tələblərinin tam olaraq həyata keçirilməsinin sürətləndirilməsi məsələsi qoyulub. 10 noyabr bəyanatında isə qoyulan məsələlərdən biri Zəngəzurdan nəqliyyat dəhlizinin açılması məsələsidir. Deməli, Azərbaycan Prezidentinin Qubada səsləndirdiyi fikirlər Soçi bəyanatının ruhundan irəli gələn fikirlərdir ki, o bəyanatı Ermənistanın baş naziri də təsdiqləyib”.

Deputat qeyd etdi ki, bu gün Ermənistan öz tarixinin ən mürəkkəb dövrünü yaşayır: “Bu gün Ermənistanda  bir-birinə satqın gözü ilə baxır. Hakimiyyətlə xalq arasında, eləcə də revanşist müxalifətlə xalq arasında böyük uçurum var. Revanşist müxalifət hətta Ermənistanın baş nazirini fiziki baxımdan aradan götürməklə hədələyir. Yəni belə bir durumda olan məğlub Ermənistan çalışır ki, düşdüyü bu ağır vəziyyətdə beynəlxalq ictimaiyyətin diqqətini özünə cəlb etsin. Yenə də çalışır ki, ənənəvi saxta ”yazıq, əzilən erməni” obrazını yaratsın və özünə beynəlxalq dəstək qazansın. Əslində isə reallıq ondan ibarətdir ki, Azərbaycanın işi haqq işidir. Biz 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etdik və eyni zamanda Azərbaycan Prezidenti dəfələrlə söyləyib ki, biz Ermənistanla əməkdaşlıq mühitinin yaranmasını istəyirik. Çünki bu, regional sülh və əməkdaşlıq üçün lazımdır, biz daimi qonşularıq, əbədi düşmənlər ola bilmərik. Müharibədən sonra dəfələrlə Azərbaycan əməkdaşlıq əlini Ermənistana uzadıb. Amma təəssüf ki, Ermənistan təxribatçı davranış ortaya qoyur. Ermənistanın hərbi-siyasi rəhbərliyi vahimə içərisindədir ki, Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Qubada görüşdə Zəngəzur dəhlizinin necə olur-olsun açılacağını söyləyib, Zəngəzur dəhlizinin konkret nə zaman açılacağı ilə bağlı Ermənistandan vaxt gözlədiyini bildirib. Azərbaycan Prezidenti deyib ki, Ermənistan bizə zaman bildirsin. Ermənistan ona görə vahiməyə düşüb ki, analoji mövqeyini Prezident İlham Əliyev Vətən müharibəsi zamanı da ortaya qoymuşdu, onda da bəyan etmişdi ki, torpaqlarımızdan çıxacağınızla bağlı qrafik təqdim edin, müharibəni dayandıraq. Müharibə də o zaman dayandırıldı ki, Ermənistan Kəlbəcərin, Laçının və Ağdamın Azərbaycana təhvil verilməsinin qrafikini təqdim elədi. İndi də cənab Prezident eyni mövqedən çıxış edir və Ermənistanda çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür, sözü imzası qədər dəyərə malikdir, əgər deyirsə, edəcək. Ermənistan hakimiyyəti bilir ki, dəmir yumruq yerindədir. Ona görə də Ermənistan hakimiyyəti vahimə içərisindədir və həmin vahimənin təsiri altında absurd bəyanatlarla çıxış edir və Azərbaycana beynəlxalq ictimaiyyətin təzyiq göstərməsinə nail olmaq istəyir. Ancaq Ermənistanın cəhdləri əbəsdir və istəyinə nail olması qeyri-mümkündür. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır və Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da onu göstərdi ki, Ermənistanın özünün haqsız işində beynəlxalq ictimaiyyətin dəstəyinə arxalanmaq istəyi nəticə verə bilməz”.