23 Dekabr 2024

Ermənistanın sentyabr təxribatının hədəfləri və məqsədləri… – deputatın şərhi

Deputat Azay Quliyev 12-14 sentyabrda Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatın və təcavüzün arxasında duran məkrli planın əsas məqsəd və hədəfləri haqqında mülahizələrini bölüşüb.

Millət vəkili Azay Quliyev deyir: – Son 4 gündə baş verən hadisələr, Paşinyanın 13 sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün müraciəti, 15-16 sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Daşkənddə keçirilən toplantısında iştirakdan imtina etməsi, 17-19 sentyabrda ABŞ Konqresinin sədri Nelso Pelosinin İrəvana səfəri və verdiyi bəyanatlar bir daha onu göstərir ki, Paşinyan hökuməti bir sıra ölkələrin iştirakı ilə bu məkrli təxribat planını öncədən hazırlamış və onun təsirli olması üçün maksimum səy göstərmişdi. Yüksək döyüş qabiliyyətinə və təchizata malik Azərbaycan ordusuna qəfil hücum etməyin nə ilə nəticələnəcəyini yaxşı bilən Paşinyanın bu təxribatı həyata keçirməkdə əsas məqsədi nə idi sualına cavab tapmağa çalışacam. Fikrimcə, bu məkrli planın 3 məqsədi vardı: BİRİNCİ MƏQSƏD, delimitasiya olunmayan dövlət sərhəddində silahlı qarşıdurma yaratmaq, cavab tədbirləri görməyə və dərinlikdə bizə qarşı istifadə olunan legitim hərbi hədəfləri məhv etməyə Azərbaycanı sövq etmək. Bu baş verdikdən sonra dərhal səs-küy qaldıraraq “qoymayın, Azərbaycan Ermənistana təcavüz etdi” deyə ölkəmizə qarşı yeni informasiya müharibəsinə başlamaq və bizi dünyada təcavüzkar kimi tanıtmağa çalışmaq. Bunun üçün ön hazırlıqlar görülmüş və Ermənistanın xarici ölkələrdəki səfirlikləri tam səfərbər olunmuşdu. Sentyabr ayında məhz Fransanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, bu qurumun Azərbaycanın əleyhinə istifadə olunması üçün yaxşı fürsət idi və necə ki, rəsmi Parisin tələbi ilə Təhlükəsizlik Şurası hadisədən dərhal sonra, yəni, sentyabrın 14-də məsələni müzakirə etmək üçün təcili toplandı. Bu təxribatın törədilməsində digər bir niyyət diqqəti Brüssel sülh danışıqlarının mövzusundan yayındırmaq və diplomatik müstəvidə Azərbaycana qarşı hücüm üçün yeni mövzu və vasitələr əldə etmək idi. İKİNCİ MƏQSƏD, KTMT-ni fakt qarşısında qoymaq: yəni, “ya bizim tərəfimizdə Azərbaycana qarşı savaşmalısan, ya da Ermənistana belə bir qurum lazım deyil” ritorikasını işə salmaq. Elə də oldu, döyüşlər başlanan kimi, dərhal KTMT-yə kömək üçün müraciət edildi, baxmayaraq ki, Ermənistan KTMT-nin köməyə gəlməyəcəyini və bunun üçün heç bir əsasın olmadığını yaxşı bilirdi. Əsas məqsəd dediyim kimi, KTMT-ni şantaj etmək və Ermənistan üçün bu qurumun əhəmiyytəsiz olduğunu nümayiş etdirmək idi. İlk demarş Paşinyandan gəldi, o ölkədəki vəziyyəti bəhanə edərək KTMT üzvlərinin də qatıldığı ŞƏT-in 15-16 sentyabrda Daşkənddə keçirilən toplantısına qatılmadı və ardınca plana uyğun olaraq Ermənistanın spikeri Alen Simonyanın dili ilə KTMT-yə açıq hücumlar edildi və qurum şantaja məruz qaldı.Paşinyanın təxribat planının digər tərkib hissəsi Nelsi Pelosinin səfəri ilə bağlı idi. Belə ki, o, ABŞ spikerinin 17-19 sentyabrda Ermənistana gələcəyini ən azı bir ay əvvəl bildiyinə görə dünyanın diqqətini daha çox cəlb etmək məqsədilə sərhəddəki toqquşmanı Pelosinin səfərindən cəmi 3 gün əvvələ təyin etdi. Bununla, göstərmək istəyirdi ki, baxın, Azərbaycanın hücumuna dünya səssiz qalmır və hətta, ABŞ kimi dövlətin spikeri Ermənistana dəstək üçün İrəvana səfərə gəlib. Paşinyan qismən də olsa buna nail oldu, ABŞ-ın spikeri Nelsi Pelosi xilaskar kimi Ermənistanda qarşılandı və o ermənilərə ABŞ-ın hərtərəfli köməyini vəd etdi. Onu da xatırlatmaq yerinə düşər ki, Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 5-də ABŞ-da səfərdə olmuş və səfərin detalları mətbuatdan gizli saxlanılmışdı. Çox güman ki, sentyabr təxribatının təfərrüatları orada razılaşdırırlıb.Bundan başqa, düşünürəm ki, planın bu hissəsi yuxarıda qeyd etdiklərimlə yanaşı, həm məğlub olmuş Ermənistan cəmiyyətində yeni bir ümüd hisslərinin yaranmasına, həm Rusiyanı şantaj edərək daha çox dəstək əldə etməyə, həm də öz hakimiyyətinə qarşı olan təhlükəni və Rusiya meylli rəqiblərini nisbətən neytrallaşdırmağa hesablanmışdı.Az da olsa başqa bir ehtimal Paşinyanın Ermənistanın Moskvanın təsirindən qurtarmaq və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasının önünü açmaq niyyəti də ola bilər ki, bunun nə qədər doğru olduğunu yaxın həftələrdə görəcəyik. Yox, əgər bu Rusiyanın zəifləməsindən istifadə edib regiona ABŞ və Fransanı gətirməklə geosiyasi durumu dəyişməyə və yeni müharibəyə hazırlaşmağa hesablanıbsa, o zaman Azərbaycan və Türkiyə buna imkan verməyəcək və bu avantüra Ermənistana çox baha başa gələcək. ÜÇÜNCÜ MƏQSƏD, Azərbaycanın diqtəsi altında keçən 31 avqust Brüssel sülh danışıqlarında əldə olunan kövrək nəticələri, xüsusilə, sentyabr ayında Azərbaycan və Ermənistan XİN başçılarının görüşərək sülh sazişinin ilkin mətninin müzakirə olunması haqqında razılaşmanı pozmaq idi. Danışıqlar masasında küncə sıxılan və Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində sülh sazişini imzalamaq reallığı ilə üz-üzə qalan Paşinyan, bununla, “time-out” götürmək və manevrə etmək imkanı əldə edəcəyini düşünüb. Baxmayaraq ki, Azərbayacn 31 avqustda Brüsseldə əldə edilən razılaşmanın icrasına töhvə vermək və sülhün əldə olunmasında nə qədər maraqlı olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada siyasi jest edərək cinayət törətmiş 5 erməni hərbiçi-məhkumun Ermənistana təhvil vermişdi. Ancaq, görünən odur ki, Paşinyanın planında bu jestə qarşılıq vermək adına heç nə olmayıb.Əlbəttə, “odla oynamaq” və belə bir çirkin təxribata baş vurmaq Ermənistana çox baha başa gəldi və bundan sonra da yəqin ki, onun fəsadları qonşu ölkədə daha da hiss olunacaq. Şübhəsiz ki, Ermənistanın ölkəmizə qarşı hazırladığı bu planın 1-ci və 3-cü hissəsi tam iflasa uğradı. Bununla yanaşı, ölkəmizə qarşı həyata keçirə bilmədiyi planın birinci hissəsini, yəni Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etdiyi görüntüsünü yaratmaq istəyinə nail olmaq üçün Paşinyan hökumətinin yaxın həftələrdə eyni təxribatı və hücumu təkrarlaması istisna olunmur.Ona görə də arxayınçılığa yol verilməməli, yaranmış vəziyyətə uyğun adekvat tədbirlər artırılmalı, Vətən müharibəsi dövründə olduğu kimi Ermənistanın ölkəmizə qarşı var gücü ilə işə saldığı “təbliğat maşını”nın tam olaraq neytrallaşdırılması istiqamətində səylərimiz gücləndirilməlidir.