23 Dekabr 2024

Ermənistanda Paşinyanı devirmək cəhdləri: İstənilən nəticə Azərbaycanın xeyrinədir – TƏHLİL

Ermənistanda müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə açılım siyasətinə getməsinin əleyhinə çıxaraq bir çətir altında toplanmağa qərar veriblər.

Robert Koçaryan, Serjik Sarkisyan kimi cani ikiliyinin, keçmiş baş “çekist” Artur Vanetsyanın təmsil olunduğu siyasi qüvvələrin ətrafında var-gəl edənlərin revanşizm xətti götürməsinin bir adı var – axmaqlıq və siyasi naşılıq.

Hərçənd ki, bu marginal qrupların təkbaşına hərəkət etmək kimi bir potensialı və qabiliyyətləri yoxdur, onlar indi əsas təlimatları Rusiyadan alırlar.

Rusiyanın böyükmiqyaslı planında Ermənistanı de-yure olaraq öz subyektinin çərçivəsinə salmaq xətti neçə ildir ki, görünür, lakin Paşinyan ara-sıra bu prosesə tıxac vurmağa cəhdlər edir. Özü də eyni anda iki stulda oturmaqla. Kreml isə bundan bərk qəzəblənir.

Mümkündür ki, Rusiyanın hədəfində heç Paşinyanı devirmək planları da dayanmır, sadəcə cari ssenarilər Moskvanın Paşinyanı daim təzyiq altında saxlamaq niyyətlərindən xəbər verir.

Ermənistanın hakimiyyət çevrilişinə hamilə olduğunu göstərən əlamətləri isə ələ alsaq, burada iki versiya önə çıxır:

Birinci versiya: Nikol Paşinyan hakimiyyətdən devrildikdən sonra hakimiyyətə gələcək qüvvə Azərbaycanla razılaşmaya gedəcək, Bakının diktəedici basqısının təqsirlərini Paşinyanın boynuna atmaqla, xalqı da bununla barışdıracaq.

Bu tezisi əsaslandırmaq üçün Ermənistanın 44 günlük müharibədən sonra düşdüyü durumun üzərinə işıq salmaq lazımdır.

Ermənistan revanşizm üçün lazım olan bütün resurslardan məhrumdur, onun yenidən silahlandırılması məsələsi isə olduqca çətindir. Çünki Azərbaycan silah daşımaları ilə bağlı bütün istiqamətləri diqqətlə izləyir və bunun yollarını müxtəlif kanallar və danışıqlar vasitəsilə alır.

İkinci bir cəhət, Ermənistan silahlansa belə, ordunun özünə gəlməsi üçün illər lazımdır, bu müddətdə isə Azərbaycan ordusu beynəlxalq reytinqlərdə daha da üst səviyyələrə gedib çıxacaq.

İkinci versiya: Nikol Paşinyanı baş nazirlik kürsüsündən qovduqdan sonra hərbi hərəkətliliklə revanşizmə cəhdlər edilsə, bu, Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq.

Çünki Azərbaycan ordusunun elit qüvvələri və ən müasir silahları Ermənistanın strateji və taktiki dərinliklərini məhv etməyə və tutmağa qadirdir, burada isə Prezident İlham Əliyevin “Ermənistan ərazi bütövlüyünü tanımasa, Azərbaycan da onların ərazi bütövlüyünü tanımayacaq” bəyanatına vurğu etmək vacibdir.

Ermənistandakı hadisələrin Rusiyadan idarə edildiyinə gəlincə, istənilən nəticə Azərbaycanın xeyrinədir.

Rusiya Ermənistanda iqtidara kimi gətirsə də, onu üçtərəfli bəyanatların sürətli icrasına məcbur edəcək, çünki regiondakı yeni iqtisadi mənzərə Kremlin iqtisadi mənfəətlərinin artmasının xeyrinədir.

Bundan başqa, nəzərə alaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Ermənistanın heç kimə lazım olmadığını bildirmişdi, bu isə İrəvanın gələcək taleyinin üzərindən Moskvanın qalın xətt çəkdiyinin indikatoru hesab oluna bilər.

Yekunda yazının mahiyyətinə belə nöqtə qoyula bilər ki, Ermənistandakı proseslər necə nəticələnir nəticələnsin, bu, Azərbaycanın əlini zəiflədən amilə çevrilməyəcək. Azərbaycan onsuz da istədiyini alacaq – ya siyasi yolla, ya da hərbi variantla.

Özü də növbəti revanşizm baş qaldırsa, bu zaman Türkiyə ilə də birgə hərbi əməliyyatlar keçirilə bilər – Rusiya razı olsa da, olmasa da.