23 Dekabr 2024

Ermənistan yenə sülhə güllə atdı və cavabını ağır ödədi…

Rəsmi İrəvan gərginliyi tətikləmək xəttini yürüdür; düşmən özünə quyu qazır

Kəlbəcər istiqamətində Ermənistanın sərhəd təxribatları təzədən artıb. Yanvarın 11-də düşmənin atəşkəsi xain şəkildə pozması nəticəsində ordumuzun müddətdən artıq xidmət keçən hərbçisi qəhrəmanlıqla şəhid olub. Şəhidimiz ötən gün Tovuz rayonunda dəfn edilib. Amma hələ qəhrəman əsgərimiz torpağa tapşırılmazdan öncə Ermənistan təxribatının cavabını artıqlaması ilə alıb. 

Çox təəssüf ki, biz bir şəhid verdik. Amma erməni tərəfin itkiləri daha çoxdur, rəsmi etirafa görə, 3 ölü, 2 yaralı. Ancaq təcrübədən çıxış etsək, Ermənistan yaxın günlərdə itkilərinin sayını artıra da bilər, adətən daxildə etdirazların qarşısını almaqdan ötrü cəbhədəki itkiləri hissə-hissə açıqlayırlar. Üstəlik, Kəlbəcərdə iki dağıdılmış postları qaldı düşmənin. Bu qəbildən təxribatların təsadüfi olmadığı şübhəsizdir. Nəzərə alsaq ki, tezliklə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiya işə başlamalıdır. İkinci tərəfdən, təxribatların artması – həm də Qarabağın anklav hissəsində – KTMT çərçivəsində Ermənistanın Qazaxıstana sülh missiyası göndərməsindən dərhal sonraya təsadüf etməsi ilə diqqət çəkir. Kəlbəcərdə silahlar işə düşdüyü zaman Şuşa ətrafında da atəş səslərinin eşidildiyi haqda məlumatlar sosial şəbəkələr üzərindən yayılmağa başlamışdı.

Ancaq sonrakı məlumatlar ondan xəbər verir ki, Azərbaycan əsgərinin 11 yanvar dərsi də bəs eləməyib. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. Nazirlikdən bildirilib ki, hazırda qeyd olunan istiqamətlərdə nisbi sakitlikdir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qoruyur.

Bütün bunlar isə 11 yanvar 2021-ci il Moskva razılaşmasının birinci ildönümündə baş verir. Ermənistan aqressiv siyasətdən əl götürüb, uçuruma yuvarlanmaqdan xilas olmaq yolunu seçməkdənsə,  özünü   məhvetmə yolunu seçib. Hələ aylar öncə Rusiya lideri demişdi ki, növbəti müharibə Ermənistan üçün intihar ola bilər. 14 yanvarda Moskva Türkiyə-Ermənistan danışıqlarına ev sahibliyi edəcək. Yəni Ermənistan, nəhayət, Türkiyə qapılarının üzünə açılmasına nail ola, blokadadan çıxa bilər. Baş verənlər isə onun əleyhinə işləyir. Belə olduqda İrəvan nəyə nail olmaq istəyir? Azərbaycanın daha sərt cavabını gözləyəkmi? Bəlkə yenə də Azərbaycana qarşı təxribatlar törədən erməni hərbçilərini əsir götürmək lazımdır?..

Akif Nağı — Vikipediya

Akif Nağı: “Rusiya rəhbərliyi qarşısında konkret mövqe qoyulmalıdır”

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, təxribatlar gözlənilən idi: “Birmənalı şəkildə bilməliyik ki, Ermənistan heç vaxt status-kvo ilə razılaşmayacaq. Danışıqlar yolu ilə də heç bir nəticə əldə olunmayacaq. Delimitasiya, demarkasiya, sülh müqaviləsi təklifləri mənasız şeylərdir. Ermənistan hər dəfə ya təxribatlara əl ataraq, ya da başqa bir bəhanə taparaq danışıqları pozacaq, hər hansı nəticənin əldə olunmasına imkan verməyəcək. Ermənistan həm də Qazaxıstandakı son hadisələrlə bağlı bir qədər ürəklənib, hətta hadisələrin yönünü Qarabağa tərəf çevirməyə cəhdlər edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistanın sədrlik etməsi də onlara əlavə stimul verir. Əlbəttə, Ermənistanın bu qurumda sədrliyi formal xarakter daşıyır, amma ermənilər boş şeyi də şişirtməyi bacarırlar. İndi Qazaxıstana müdaxiləni, orada qayda-qanunun bərpa olunmasını az qala Ermənistanın böyük qələbəsi kimi təqdim etməyə çalışırlar”.

A.Nağı qeyd etdi ki, bütün hallarda Qarabağda, həmçinin Azərbaycan-Ermənistan sərhədində ermənilərin hələ də təxribatlar törətməsinin məsuliyyəti Rusiyanın üzərinə düşür: “Biz 2020-ci ildə hərbi əməliyyatları Rusiyanın xahişi ilə dayandırdıq, Ermənistanın tam darmadağın edilməsinə getmədik, eyni zamanda Moskvanı da pis vəziyyətə qoymadıq. Çünki Ermənistanın acınacaqlı məğlubiyyəti həm də Rusiyanın məğlubiyyəti demək idi. Azərbaycan Rusiyanın vəziyyətini nəzərə alaraq hərbi əməliyyatları dayandırdı, sülhməramlıların regiona girməsinə razılıq verdi. İndi Rusiya öz öhdəliklərini yerinə yetirməlidir. Hər qətlə yetirilən azərbaycanlıya görə Rusiya rəhbərliyi cavab verməlidir”. Ehtiyatlı olmağı vacib sayan QAT sədri qeyd etdi ki, biz işimizi iki istiqamətdə qurmalıyıq: “Birincisi , ermənilərin istənilən təxribatına sərt cavab verilməlidir, onqat artıq canlı qüvvəsi məhv edilməli, geri qaytarmamaq şərti ilə əsirlər götürülməli, mövqeləri dağıdılmalı, dağıtmaqla kifayətlənməməli, həmin mövqelərə əsgərlərimiz yerləşdirilməlidir. Düşmən bu cür cavab alarsa, yeni təxribatlara cəhd etməyəcək. İkincisi, Rusiya rəhbərliyi qarşısında konkret mövqe qoyulmalıdır: onlar öz öhdəliklərini yerinə yetirmirlərsə, regionu tərk etməlidirlər! Sülhməramlılar Ermənistanı qorumaq üçün gəliblərsə, keçsinlər Ermənistan ərazisinə, nə qədər qoruyurlarsa, qorusunlar. Biz öz ərazimizdəki araiklərlə özümüz bacara, əmin-amanlığı təmin edərik. Məsələ bu şəkildə konkret qoyulmalıdır”.

A.Nağı narahatlıqla bildirdi ki, cəmiyyətdə antirus əhvalı sürətlə artır: “Rusiya rəhbərliyi bundan özü üçün təcili nəticə çıxarmalıdır ki, xalqımızın ədalət və nifrət ”dəyənəyi”nə əl atmasına ehtiyac qalmasın. Ermənilər də bilməlidirlər ki, “dəmir yumruğ”un növbəti zərbəsindən sonra onlardan heç “yaş yer” də qalmayacaq.

“Ermənistan-Azərbaycn sərhədinin həm Kəlbəcər istiqamətində, həm də Tovuz rayonu ilə həmsərhəd ərazilərində baş verən təxribatlar bundan sonra da davam edəcək. Yəni vaxt uzatmaq, sərhədlərin müəyyənləşdirilməsi məsələsini bir qədər də ertələmək üçün bu, daim gündəlikdə olan planın tərkib hissəsidir”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərov: “Beynəlxalq güclər çalışırlar ki, öz varlıqlarını bərpa etmək üçün tərəflər arasında bundan da ciddi toqquşmalar baş versin”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, yenə hər iki tərəfdən itkilərin olması hazırda məqam gözləyən ATƏT-in bivec həmsədrlərinin düşünüb ortaya qoyduqları məqsədin bir tərkib elementidir: “Onlar bu ay nəyin bahasına olursa-olsun regiona gəlmək və bunun üçün Ermənistan kartından istifadə etmək istəyirlər. Azərbaycanın bu məsələdə mövqeyi artıq bəllidir. Amma beynəlxalq güclər çalışırlar ki, öz varlıqlarını bərpa etmək üçün tərəflər arasında bundan da ciddi toqquşmalar baş versin. Hesab edirəm ki, biz bundan əvvəl həm Kəlbəcər istiqamətində və digər ərazilərdə saxladığımız erməni terorçularını rusların xahişi ilə qarşı tərəfə rahat qaytarmaqla da onları bir qədər arxayın saldıq. Bundan sonra bu səhvləri, humanistliyi etmək lazım deyil. Sərt və qəti qərarlar verməli, düşmənin təxribatlarının qarşısını almaq üçün qabaqlayıcı addımlar atmalıyıq. Yoxsa bu ”xəmir hələ çox su aparacaq”. Biz imkan verməməliyik ki, hər ay əsgər və zabitlərimizdən kimsə düşmənin terrora cəhdi nəticəsində ya yaralansın, ya da şəhid olsun”. Ü.Cəfərov bildirdi ki, vəziyyət yaxın həftələrdə gah artan xətt üzrə, gah da səngimiş kimi davam edəcək: “Ermənistanın hazırkı rəhbərliyi özü də nələrin baş verdiyinin fərqində olmalıdır. Ölən və yaralanan erməni əsgər və zabitləridir. Onları ağılsız təxribatlara cəhd edənlər isə İrəvandan min kilometrlərlə məsafədə oturub min hoqqadan çıxan maraqlı qüvvələrdir. Region hələ uzun müddət narahatlıqla dolu olan hadisələri yaşayacaq. Çünki bunu istəyən və buna çalışan bədxahlar mövcuddurlar hazırda. Bizim hələ qarşıda çox çətin və həllini gözləyən problemlərimiz olacaq. Son hadisələr də belə düşünməyə tam əsas verir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”