22 İyun 2025

“Erməni xəstələr erməni cərrahlara yox, mənə müraciət edirlər” – Borispoldan azərbaycanlı həkimlə MÜSAHİBƏ

Novruz Məmmədəliyev çox ağır taleyi olan bir azərbaycanlıdır. O, Hadrutda doğulub və demək olar ki, bütün uşaqlığını orada keçirib. Daha sonra Cəbrayıla köçüb. Amma Qarabağın erməni silahlıları tərəfindən işğalı səbəbindən o, vətənini tərk edərək Ukraynaya – Donetsk şəhərinə köçmək məcburiyyətində qalıb.

2014-cü ildə tarix təkrarlanıb: O, ikinci dəfə qaçmağa məcbur olub və uzun axtarışlardan sonra Borispol şəhərində məskunlaşıb. Lakin tale onun üçün daha bir xoşagəlməz sürpriz hazırlayıb və indi həmyerlimiz üçüncü dəfə qaçqın olmaqdan qorxur.

İxtisasca həkim olan Novruz Media.Az-a müsahibəsində bu və bir çox başqa mətləblərdən danışıb:

– Mən şəhər tipli qəsəbə olan Hadrutda anadan olmuşam. Orada uşaq bağçasına və birinci sinfə getmişəm. Anam feldşer işləyirdi, atam isə əmtəəşünas idi. O, faktiki olaraq Azərbaycanın bütün keçmiş Qarabağ Muxtar Vilayətini lazımi məhsullarla təmin edirdi. 1988-ci ildə Qarabağda artıq mitinqlər başlamışdı, gəlmə ermənilər qarabağ ermənilərini bizə qarşı qızışdırırdılar. Bir gecə evimizə daş atdılar. Buna baxmayaraq, 1989-cu ilin iyul ayına kimi Hadrutda yaşadıq.

Hadrutda olmusan? Bura çox gözəl yerdir, gözəl təbiəti var, camaatı da yaxşı yaşayırdı… Məlum hadisələrdən əvvəl… Elə həmin ilin yayın sonunda Hadrutdan Cəbrayıla köçdük, vəziyyət artıq gərginləşməyə başlamışdı.

– Amma münaqişədən əvvəl azərbaycanlılarla ermənilər yan-yana yaşayırdılar…

– Biz eyni məktəbdə oxumuşuq, Qarabağ erməniləri azərbaycanca danışırdılar, biz isə ermənicə də bilirdik.

– Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərə baş çəkə bildinizmi?

– Yox. Bilet almışam, yayda uçmaq istəyirəm. Məmnuniyyətlə doğma yerlərimə baş çəkərdim. Cəbrayılda, Füzulidə evlərimizdən heç nə qalmayıb. Qohumlar mənə video göndəriblər. Amma Hadrut, deyirlər, bütövdür. Yeri gəlmişkən, mənim valideynlərimin yaşı artıq 70-i ötüb. Onlar həqiqətən də öz doğma Hadrutlarına qayıtmaq və ömürlərinin qalan hissəsini orada keçirmək istəyirlər. Bu, onların arzusudur.

– Ukraynaya nə vaxt köçmüsünüz?

– Demək olar ki, Cəbrayıl rayonunun işğalından əvvəl. Burada qalmağın təhlükəsiz olmadığını anlayıb Donetsk vilayətinə yola düşdük. Donetskdə orta və ali təhsil almışam. 2014-cü ilə qədər yaxşı yaşadıq, sonra tarix təkrarlandı, separatçılar ərazimizi zəbt edəndə elə bil Qarabağda idim. Bir sözlə, “DXR” adlanan qurum yaranana qədər hər şey yaxşı idi.

– O hadisələri necə xatırlayırsınız?

– Donetsk vilayətində müxtəlif millətlərin nümayəndələri yaşayırdılar. Yunanların əsrlər boyu yaşadıqları bütöv bölgələr var. Elə kəndlər var ki, orada azərbaycanlılar, ruslar yaşayıblar… Orda əsasən insanlar həmişə rusca danışırdılar, heç kim heç kimin haqqına girmirdi. Donetsk bölgəsi Ukraynanın digər bölgələri ilə müqayisədə ən inkişaf etmiş bölgə idi. Təsəvvür edin ki, bizim yanımızda Rusiyanın Rostov vilayəti var, biz ora iş üçün gedəndə orada insanların necə kasıb yaşadığına heyrətlənirdik. Ruslar hər həftə sonu bizə gəlirdi, heç vaxt münaqişə olmayıb, hamı bir yerdə yaşayırdı.

2014-cü ildə rayona bir qrup şəxs gəldi. Çıxışlarından məlum idi ki, onlar özləri Donetskdən deyillər. Mitinqlər, aksiyalar təşkil etməyə, hüquqların tapdalandığını bəyan etməyə başladılar. Ömrüm boyu məndən heç vaxt milliyyətcə kim olduğumu soruşmayıblar, danışma dilini demirəm. Sonra nə oldu, bilirsən? Rusiya qoşunları daxil oldu və qondarma “DXR” və “LXR” yaradıldı, Krım isə Rusiya Federasiyasına birləşdirildi.

– Və sən?

– Dərhal getməyə qərar verdim. Bir vaxtlar çiçəklənən ərazi gözümüzün qabağında məhv oldu. Böyük bacım və valideynlərim Donetskdə qalmağa məcbur oldular. Orta və ən kiçiyi Kiyevdə yaşayır. Onlar 2014-cü il müharibəsindən sonra paytaxta gediblər. Yeri gəlmişkən, ən gənc məcburi köçkün Yaltadan paytaxta köçüb. Amma ən çox valideynlərim üçün narahatam. Anam deyir ki, hər gün avtomatlı rusiyalı hərbçilər evə gəlib mənim harada olduğumu soruşurlar.

– Niyə?

– Orada bütün kişiləri tutub Ukraynaya qarşı döyüşə göndərirlər. Təsəvvür edin oradakı atmosferi…

– Hazırda Borispolda yaşayırsınız?

– Bəli, mən yerli xəstəxanada ümumi cərrahiyyə şöbəsinə rəhbərlik edirəm. Tabeçiliyimdə 150-dən çox şəxs var. Burada heç kim məndən milliyyətimi soruşmayıb. Ukraynada millətçilik yoxdur. Son vaxtlara qədər mən Donetskdə həkim işləyirdim, hətta atəş altında belə …

– Dediniz ki, yaxınlarınız Donetskdə qalıb…

– ….və əziyyət çəkirlər. Orada sənin haqqın yoxdur, susmağa məcbursan. İndi Ukraynada, xüsusən də Volodimir Zelenski prezident olduqdan sonra belə deyil. Mən dövlətimizin başçısı ilə üç dəfə görüşmüşəm. O, xəstəxanamıza gələndə arzularımı onunla bölüşmüşəm. Biz mütəmadi olaraq şəhərin meri, rayon rəhbərliyinin nümayəndələri ilə görüşür, hamı dinləyib mövcud problemlərin həllinə köməklik göstərir. Ruslar bunu başa düşmürlər. İndi adi vətəndaşlar öz şəhərlərini müdafiə etmək üçün ayağa qalxıblar. Heç kim məcbur edilmir. Hamısı bunu öz istəkləri ilə edirlər. Xalq Zelenskini açıqlığına və dəstəyinə görə sevir. O, insanların bir çox problemlərini həll edib. Ukraynanın çiçəklənməsi üçün hər şeyi edir.

– Bəs azərbaycanlılara münasibət necədir?

– Əla. İnsanlar milli zəmində bölünmür və ukraynalılar həmişə Azərbaycanı dəstəkləyirlər. Bu, Qarabağ müharibəsi zamanı da özünü büruzə verdi. Qələbəmizdən sonra ukraynalı tanışlar və dostlar mənə daha çox hörmət etməyə başladılar. Yeri gəlmişkən, Qarabağdan olmağıma qayıdaraq onu da əlavə edim ki, Ukraynada yaşayan ermənilər tez-tez mənim qəbuluma gəlirlər, erməni cərrahların yanına getmirlər. Amma əvvəllər başlarını dik tutub gəlirdilərsə, Azərbaycan Vətən Müharibəsində qələbə çaldıqdan sonra başlarını aşağı salırlar. Yalan deməyəcəyəm, şadam.

– İndi Ukraynada müharibə gedir…

– Şəhərimiz nisbətən sakitdir. Raketlər isə şəhərin üzərindən uçur, növbəti dəqiqədə başınıza nə gələcəyini bilmirsiniz. Biz hava hücumu xəbərdarlığına öyrəşmişik, eşidən kimi sığınacağa qaçırıq.

– Bəs xəstələr?

Əvvəlcə onları ora aparırıq. Hətta doğuş da bəzən zirzəmilərdə aparılmalı olur. Nə etməli… Ukraynanın hər yerindən bizə xəstəxanaya yaralı dinc əhali, ərazi müdafiəsi sıralarında döyüşənlər, hərbi qulluqçular gətirilir… Bu yaxınlarda oğlumla qaçanda yıxıldım və büzdüm sümüyüm zədələndi. Amma ağrılara baxmayaraq, işə gəlməliyəm. Axı müharibə vaxtıdı!

– Bir uşağınız var?

– Yox, üç uşaq. Həyat yoldaşım da ayrılmaqdan qəti şəkildə imtina etdi, sona qədər yanımda olacağını söylədi.

– Sizcə bu kabus necə bitəcək?

– İnanıram ki, Ukrayna bu müharibədən qürurla çıxacaq. Allah eləməsin, hər şey Donetsk və Luqansk vilayətlərindəki kimi təkrarlanarsa, mən sadəcə gedəcəm… Onların başçısı (söhbət Rusiya prezidenti Vladimir Putindən gedir – red.) acığından daha təhlükəli bir şey buraxa bilər – söhbət nüvə silahından gedir. Bu məni qorxudur.

… İndi hələ ki rabitəmiz var. Yeməklə bir az çətinliyimiz olsa da, dünyanın hər yerindən kömək edirlər. Bir gün əvvəl ABŞ-dan zəng etdilər. Dedilər ki, Nyu-Yorkda yaşayan keçmiş pasientim telefon nömrəsini verib, hər cür köməklik təklif ediblər. İsraildən zəng edirlər… Əminəm ki, biz tab gətirəcəyik…