Ermənistanda Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq çağırışları – reaksiya
“Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Əks halda, çamadanlarımızı yığıb hansısa bir yerə köçəsi olacağıq”. Bunu ilk Ermənistan prezidentinin müşaviri olmuş, Ermənistan diplomatiyasının veteranı Jirayr Liparidyan deyib. Sabiq diplomatın sözlərinə görə, qonşularla münasibətlər qurmaq, birbaşa Azərbaycan və Türkiyə ilə danışmaq, qonşuları başa düşməyi öyrənmək və onların nəyə “yox” cavabı verdiklərini dərk eləmək lazımdır. Liparidyan hesab edir ki, bu, düşmənlə deyil, qonşunuzla ünsiyyət qurduğunuza, onun problemlərini başa düşdüyünüzə inam yaradacaq.
Bəs belə bir perspektiv, belə bir konstruktivlik Ermənistan dövləti və cəmiyyəti üçün aparıcı siyasi xətt, əhval-ruhiyyə ola bilərmi? Bunun mümkün olması halında, Ermənistanla Azərbaycan ilk öncə nələrdə anlaşa bilər? Türkiyə ilə anlaşmaların ilk istiqaməti bəllidir – sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması. Lakin ortada bir məsələ var – yalnız Ermənistan cəmiyyəti deyil, Azərbaycan cəmiyyəti də anlaşmalara qarşıdır. Azərbaycan xalqı haqlı olaraq, ermənilərə və Ermənistana inanmır. Və ən əsası, bizim xalq ermənilərə heç də xoş münasibət bəsləmir. Səbəb də aydındır. Torpaqlarımızı işğal etmiş, 30-35 min nəfər civarında soydaşımızı şəhid etmiş, qız-gəlinlərimizi əsir alıb, onlara işgəncələr yapmış, Xocalı soyqırımı törətmiş bir xalqa, bir dövlətə necə inanaq? Bizim birgə yaşayışımızın, əməkdaşlıq və barışımızın baş tutması üçün ilk öncə zaman keçməsi, nəsillərin dəyişməsi və ermənlərin şəhidlər üçün, işğaldakı ərazilərimizin xaraba qoyulmasına görə yüksək təzminat ödəmələri lazımdırmı?
Qabil Hüseynli: “Liparidyan uzun illərdir Ermənistan cəmiyyətini, xalqını ağıllanmağa çağırır, lakin heç bir nəticəsi yoxdur”
Politoloq Qabil Hüseynli bildirdi ki, Liparidyan uzun illərdir Ermənistan cəmiyyətini, xalqını ağıllanmağa çağırır. Lakin heç bir nəticəsi yoxdur: “Liparidyan kimi düşünən ermənilərin fikirlərinin Ermənistanda aparıcı siyasi xəttə, dövlət siyasətinə çevrilməsi bu gün mümkün görünmür. Ermənistan dövləti və cəmiyyəti faşizm ruhludur. Ona görə də qonşularla normal münasibətlər qurmaq tərəfdarı olan Liparidyan tipli tək-tük erməninin mövqeyi heç vaxt aparıcı mövqeyə keçə bilmir. Bir zamanlar Nikol Paşinyan yeni deputat olduğu dövrdə Qarabağ məsələsində konstruktiv mövqeyi ilə seçilirdi. Hakimiyyətə gəldikdən bir müddət keçdikdən sonra Paşinyan sələflərindən daha irticaçı, daha işğalçı, daha pozucu mövqe ortalığa qoymağa başladı. Ermənistan dövlətinin, erməni cəmiyyətinin xəstə ideologiyasının tələbləri Paşinyanın da beynini zəhərlədi. Erməni cəmiyyəti o dərəcədə türkə nifrət üzərində köklənib ki, Türkiyə və Azərbaycanla yaxşı, isti münasibətlər qurmağın tərəfdarı kimi çıxış edən şəxsi xain adlandırıb linç edirlər. Belə bir reallıq ortada olduğu bir vaxtda Liparidyan kimi düşünənlərin üstün mövqeyə keçməsi çətindir.
İkincisi, Ermənistanda bu cür mövqe hətta aparıcı mövqeyə keçsə belə, təkcə onların arzusu, istəyi hər şeyin dərhal düzəlməsi demək deyil. Azərbaycana 30 ildə vurduqları dəhşətli zərbələrin yarası sağalmayıb. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bizə, Türkiyəyə ərazi iddialarından əl çəkməlidir. Bunları etsə, tədricən müəyyən qonşuluq əlaqələrindən danışmaq olar”.
Akif Nağı: “Erməni xalqının beyni o dərəcədə axmaq ideologiya, nifrət hissi ilə korlanıb ki…”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Ermənistan Azərbaycana mütləq təzminat ödəməlidir. Ermənistan 30 il ərzində Azərbaycana vurduğu zərərin bədəlini ödəməlidir. Bu, dünya praktikasında qəbul olunan normadır. Azərbaycan bu məsələdə israrlı olmalıdır: “Bundan başqa, hesab edirəm ki, yurdundan zorla çıxarılmış, 30 il didərgin həyatı yaşamağa məcbur edilmiş, evi-eşiyi, bütün əmlakı talan edilmiş hər bir azərbaycanlı köçkün ləngimədən Avropa İnsan Haqları Məhkəməsinə fərdi qaydada müraciət etməli, ona dəyən zərərərin Ermənistan hökuməti tərəfindən ödənilməsini tələb etməlidir. Bu, kütləvi bir prosesə çevrilməlidir. Köşkünlərimizə dəyən ziyan göz önündədir, işğaldan azad edilən ərazilərin vəziyyətini bütün dünya görür, əlavə sübuta da ehtiyac yoxdur. Azərbaycan hökuməti bu işi təşkil etməlidir. Etməsələr, biz edə bilərik.
Liparidyanın dediklərinə və bu cür mövqenin Ermənistanda üstün mövqeyə keçə bilmə ehtimalının olub-olmadığına gəlincə, ermənilərin başbilənləri ağır vəziyyətdən çıxış yolları axtarırlar. Bu, onların problemidir, bizim o qədər işimiz var ki, onların da əvəzinə düşünməyə vaxtımiz yoxdur, ehtiyac da duyulmur. Onların əvəzinə çox düşünmüş, çox işlər görmüşük, yaxşılıqlar etmişik, qanmayıblar. Onların bir çıxış yolu var ki, günahlarını, cinayətlərini boyunlarına alsınlar, təzminat ödəsinlər, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Yalnız bundan sonra Azərbaycan dövləti və cəmiyyətinin Ermənistanla münasibətlərindən söhbət gedə bilər. Lakin təcrübə göstərir ki, Liparidyan kimi düşünən ermənilərin sayı bir əldə olan barmaqların sayından heç zaman o tərəfə keçmir. Erməni xalqının beyni o dərəcədə axmaq ideologiya, nifrət hissi ilə korlanıb ki, Azərbaycana səmimi, normal münasibət göstərmələri mümkün deyil. Onlar son yüz ildə 3 dəfə bizim xoş münasibətimizə bəd əməllə, cinayətlə, xəyanətlə cavab veriblər. Bundan sonra onlarla xoş münasibət, hətta hər hansı əlaqə qurmağın yeri və mənası yoxdur”.
Etibar SEYİDAĞA