Ərəblər Azərbaycanda qanunsuz quş ovlayırlar? – YENİLƏNİB + FOTO
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Tovuz rayonu ərazisində, Ceyrançöl qışlağında xarici ölkə vətəndaşlarının ov etməsi barədə sosial şəbəkədə yayılan xəbərə münasibət bildirib.
Oxu.Az-a açıqlamasında o qeyd edib ki, hazırda ölkəmizdə ov mövsümü açıqdır və fevral ayının sonuna qədər su-bataqlıq quşları və bəzi məməli heyvanlar üçün ov mövsümü davam edəcək:
“Ov mövsümündə müvafiq limitlər və ov icazəsi əsasında yerli və xarici ovçular üçün icazələrin verilməsi qanunvericilikdə nəzərdə tutulub.
Qeyd edim ki, 2019-cu ildən etibarən xarici vətəndaşlara və ya onların təmsilçilərinə ov lisenziyaları 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilir və hazırda bir neçə şirkətə ov icazəsi verilib”.
Xidmət rəsmisinin sözlərinə görə, bu gün Ceyrançöl ərazisinə Nazirliyin regional idarələrinin əməkdaşları tərəfindən baxış keçirilib, lakin heç bir qanunsuz ov aparılması faktı aşkar edilməyib.
“Ərazi nəzarət altındadır, qanunsuz ov halları aşkar edilərsə, dərhal qanunamüvafiq tədbirlər görüləcək”.
14:03
Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb.
Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:
“Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər”.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.
Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür.