23 Dekabr 2024

Ərdoğan ABŞ-ı niyə hədələdi: Türkiyə NATO-nun dağılmasına qərar verə bilər

Ağ Evin öz hegemonluq iddiaları naminə NATO-nu ABŞ-ın beynəlxalq ordusuna çevirməsi artıq bu hərbi-siyasi alyansı maliyyələşdirən üzv dövlətləri narazı salır; Türkiyənin ABŞ və NATO-nu açıq təhdid etməsi rəsmi Ankaranın daha radikal qərar verə biləcəyini göstərir…

NATO-nun gələcək taleyi ciddi müzakirə mövzusudur. Bu hərbi-siyasi alyans öz mövcudluğunu qoruya biləcəkmi? Bu sual hazırda beynəlxalq siyasi iradə mərkəzlərini ciddi şəkildə düşündürür.

Maraqlıdır ki, bu sualın müsbət cavablandırılması məqsədilə konkret addımlar atmağa çalışan beynəlxalq dairələr mövcuddur. Onların davranışları və hətta canfəşanlıqları da təsdiqləyir ki, NATO-nun gələcək taleyi kifayət qədər ciddi təhlükə qarşısındadır. Yəni, Şimali Atlantika Alyansının perspektivsizliyi bəzilərində məyusluq doğurur.

Əslində, bu nüfüzlu və nəhəng hərbi alyansın ətrafında dərinləşən ziddiyyətlər qətiyyən gözlənilməz deyil. Çünki, bu ziddiyyətləri dərinləşdirən faktorlar kifayət qədər ciddidir. Və artıq NATO-nun üzvü olan dövlətlər arasına belə, yol tapa bilib.

Birincisi, NATO demək olar ki, bütün dünyanı öz hərbi bazaları ilə əhatə edib. Özünə beynəlxalq düşmənlər müəyyənləşdirib. Onları hərbi-siyasi cəhətdən durmadan təhdid edir. Buna misal olaraq, NATO-nun bir müddət öncə Rusiya ilə hərbi toqquşmaya qədər inkişaf etmiş qarşıdurmasını göstərmək olar.

1559310806_d.jpg (72 KB)

Əsas ziddiyyətlər də elə bu faktordan qaynaqlanır. Belə ki, NATO-nun hədəfə alıb, təhdid etdiyi ölkələrin bəziləri bu hərbi-siyasi alyansın üzvləri ilə iqtisadi-ticari tərəfdaşlıq münasibətlərinə malikdirlər. NATO-nun təhdidləri bu quruma üzv dövlətlərin hədəf ölkələrlə iqtisadi-ticari tərəfdaşlığına zərbə vurur, əngəl törədir. Nəticədə qarşılıqlı maliyyə-iqtisadi itkilər qaşılmaz xarakter daşıyır.

Ona görə də, bəzi üzv dövlətlər NATO-nun təhdid vərdişlərindən qətiyyən məmnun deyillər. Onlar hesab edirlər ki, maliyyələşməsində böyük paya sahib olduqları bir hərbi-siyasi qurumun ucbatından iqtisadi-ticari maraqlarını riskə atmalı olurlar. Xüsusilə də, NATO-nun Rusiya və Çini hədəfə alması bəzi nüfuzlu Avropa ölkələrinə maliyyə-iqtisadi ziyanla geri dönür.

Digər tərəfdən, NATO-nun maliyyələşməsi də Fransa başda olmaqla, bəzi üzv dövlətlər tərəfindən əsaslandırılmamış xərçlər kimi dəyərləndirilir. Bu mövqedə olan Avropa ölkələri bahalı NATO-nun əvəzinə “qoca qitə”də daha mobil və ucuz ümumi ordunun yaradılması ideyasına müsbət yanaşırlar. Və bunun Avropa ölkələrinin təhlükəsizliyi, eləcə də çəkilən xərclərin tutumu baxımından daha sərfəli ola biləcəyini düşünürlər.

Nəhayət, əksər üzv dövlətlər açıq şəkildə bəyan etməsələr də, NATO-nun birmənalı şəkildə yalnız bir dövlətin – ABŞ-ın maraqlarına xidmət etməsindən məmnun olmadıqlarına vaxtaşırı üstüörtülü eyhamlar vurmağa çalışırlar. Xüsusilə də, Avropa ölkələri hesab edirlər ki, NATO ABŞ-ın beynəlxalq hegemonluq iddialarının təmin olunmasında əsas mexanizmdir. Yəni, müəyyən mənada, NATO ABŞ-ın beynəlxalq ordusu rolunu oynayır.

EÜER_1530862356.jpg (127 KB)

Ancaq həmin Avropa dövlətlərinin qənaətinə görə, ABŞ bu beynəlxalq ordunu məhz NATO-ya üzv ölkələrin hərbi kontingentləri və maliyyə vəsaitləri hesabına formalaşdırıb. Yəni, ortaq düşüncə ondan ibarətdir ki, bir tərəfdən NATO-ya üzv dövlətlərin hərbi kontingentləri bu qurumun bayrağı altında ABŞ-ın beynəlxalq hegemonluq maraqlarına xidmət edir. Digər tərəfdənsə, NATO ABŞ-a bu hegemonluq xidmətini məhz üzv dövlətlərin parası hesabına göstərir.

Daha bir önəmli məqam ondan ibarətdir ki, ABŞ elə NATO-ya üzv dövlətləri də məhz bu qurumun nizamnaməsi üzərindən kontrol edir. Buna misal olaraq, elə ABŞ-Türkiyə münasibətlərində yaranmış çatları göstərmək olar. Çünki, ABŞ Türkiyənin hərbi-siyasi cəhətdən güclənməsində qətiyyən maraqlı deyil.

Ona görə də, Ağ Ev Türkiyənin hərbi qüdrətinin artmasını bloklamağa çalışır. Türkiyənin NATO standartlarına uyğun müasir silahlar almasını əngəlləyir. Alternativ silah bazarına yönəlməsindən də ciddi şəkildə qıcıqlanır.

Buna baxmayaraq, rəsmi Anraka Ağ Evin Türkiyə üzərində hegemonluq etmək cəhdləri ilə barışmaq niyyətində deyil. ABŞ-ın “Patriot” raket sistemlərinin və “F-35” döyüş təyyarələrinin satışından imtina etməsindən sonra Türkiyə öz hərbi ehtiyaclarını daha ucuz alternativ Rusiya silahları hesabına ödəmək qərarı verdi. Rusiyadan “S-400” raket sistemlər aldı. Hazırda “Su-57” müasir rus döyüş təyyarələrinin alınması ilə bağlı müzakirələrin aparıldığı bildirilir.

Erdogan-Putin.png (333 KB)

Təbii ki, Ağ Ev ciddi şəkildə qıcıqlanır və Türkiyəni NATO nizamnaməsi ilə şantaj etməyə, təzyiq göstərməyə çalışır. Ancaq Bayden administrasiyasının sərt sanksiya təhdidlərinə baxmayaraq, rəsmi Ankara geri çəkilmək niyyətində deyil. Əksinə, təhdidlər artdıqca, rəsmi Ankaranın Rusiya ilə münasibətləri daha da yaxınlaşır.

Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kreml sahibi Vladimir Putinlə isti münasibətləri rəsmi Ankaraya NATO-ya alternativ hərbi-siyasi təhlükəsizlik modeli təqdim etmək imkanları açır. Və bu, əslində, NATO-nun gələcək perspektivlərini şübhə altına sala biləcək olduqca ciddi faktora çevrilməyə başlayıb.

Türkiyənin bu prinsipial mövqeyi Rusiyanı da məmnun edir. Çünki NATO-nun iki əsas ölkəsindən biri olan Türkiyə ilə ortaq maraqlar çərçivəsində tərəfdaşlıq, bu hərbi-siyasi qurumun hədəfində olan Rusiya üçün müəyyən mənada, təhlükəsizlik təminatıdır. Hər halda, NATO-nun Rusiyaya qarşı ata biləcəyi bəzi radikal addımlar Türkiyə tərəfindən bloklana bilər. Və bu məsələdə Türkiyənin NATO-nu rahat davranma imkanlarından məhrum etmək mexanizmləri hər halda, olmamış deyil.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO ilə bağlı açıqlaması da Rusiyanı məmnun edə biləcək məzmun daşıyır: “NATO Türkiyə olmadan mövcudluğunu qoruya bilməz. Ümid edirəm ki, yaxın gələcəkdə bu qurumla əməkdaşlığımız daha konstruktiv xarakter daşıyacaq”.

5e667cb7125c9.jpg (63 KB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından belə anlaşılır ki, rəsmi Ankara ABŞ və NATO-nun təzyiqlərindən bezib. Ona görə də, rəsmi Ankara özünü müdafiə etmək üçün ABŞ-ın patronajlığı altında olan NATO-nu təhdid etmək qərarına gəlib. Və bu, təhdidlərin arxasında Türkiyənin vazkeçilməz hərbi qüdrəti dayanır.

Məsələ ondadır ki, Türkiyə NATO-nun ABŞ-dan sonra ikinici ən güclü ölkəsidir. Türkiyə hərbi kontingenti sayca və döyüş qabiliyyətinə görə, digər NATO ölkələrinin qurumdakı hərbi təmsilçiliklərindən daha üstündür. Əgər, Türkiyə NATO sıralarını tərk edərsə, bu qurumun dünya üzərindəki hərbi-siyasi nüfuzu ciddi şəkildə sarsıla bilər. NATO-nun hərbi-siyasi təsir imkanları öz əhəmiyyətini itirər. Son nəticədə isə NATO-nun tamamilə dağılmasına yönəlik proses qaçılmaz xarakter daşıyar.

Təbii ki, rəsmi Ankara bu reallığı hamıdan yaxşı bilir. Ona görə də, Türkiyə prezidenti öz açıqlaması ilə əslində, ABŞ və NATO-ya barmaq silkələmiş olur. Türkiyənin NATO sıralarını tərk edəcəyi təqdirdə, bu qurumun dağılacağı barədə açıq məzmunlu xəbərdarlıq edir. ABŞ və NATO-ya bu təhlükədən yayınmaq üçün Türkiyə ilə konstruktiv əməkdaşlığın yeganə çıxış yolu olduğu xatırladır.

Göründüyü kimi, vərdiş edilənin əksinə olaraq, bu dəfə Türkiyə ABŞ və NATO-nu təhdid etdi. Belə anlaşılır ki, rəsmi Ankara daha radikal addımların atılmasında yekun qərarın verilə biləcəyi mərhələyə yaxınlaşıb. Ona görə də, ABŞ və NATO-nun bu təhdidə necə reaksiya verəcəyi maraq doğurur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu