Əmək haqqı, pensiya, müavinət artımlarını inflyasiyadan necə qoruyaq – təklif

İqtisadçı-alim: “Sosial siyasət mütləq iqtisadi siyasətlə tamamlanmalıdır”
İki gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib. Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatların nəzərə alındığını deyib.
Nazir vurğulayıb ki, bu islahatlar Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq həyata keçiriləcək. Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən minumum əmək haqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əmək haqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.
S.Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Kollegiya iclasında həmçinin ymtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. Verilən məlumatdan aydın olub ki, 2021-ci ilin ötən dövrü ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlilinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.

Sahil Babayev
ƏƏSMN-dən verilən məlumata görə, hazırda Azərbaycanda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur və bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir: “Bu sosial ödənişlərdə son 3 ildə orta hesabla iki dəfə artım baş verib. Ümumilikdə isə son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb. 2021-ci ilin 9 ayında Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 4 milyard 469 milyon manat vəsait ödənilib. Bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,9 faiz və ya 166,4 milyon manat çoxdur. O cümlədən pensiya istiqaməti üzrə ödənilən vəsaitlərdə ciddi artımlar var. Məsələn, 2021-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması üçün illik əlavə olaraq 442 milyon manat ayrılıb.
Digər tərəfdən, bu ilin əvvəlindən təqaüdlərin növbəti ciddi artımı təmin olundu, yeni təqaüdlər təsis edildi, bunun üçün də il ərzində əlavə 40 milyon manat ayrılıb. Son üç ildə pensiyaların minimum məbləği 72,4 faiz, əmək pensiyalarının orta məbləği isə 60 faiz artırılıb. Həmçinin pensiyaların sığorta hissəsi 2020-ci ilin əvvəlindən 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz indeksləşdirilərək artırılıb”.
Nazirlik bildirir ki, ümumilikdə son üç ildə əmək pensiyalarının orta məbləği 60 faiz artaraq 332 manata, yaşa görə pensiyalar üzrə 361 manata çatıb. Əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda da ciddi artımlar baş verib. Əmək pensiyalarının orta məbləği dedikdə hər üç növ üzrə ödənilən pensiyaların orta məbləği nəzərdə tutulur.

Gələn il ümumilikdə büdcədə sosial xərclərin payı 46,4 faizə çatndırılacaq və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artıq olacaq. Bu xərclərin maliyyə tutumunnun 13 milyard 851 milyon manata çatdırmaq nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Yeri gəlmişkən, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsaitin yönəldilməsi təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Yanvardan əmək pensiyalarının sığorta hissəsinin artırılmasına dövlət büdcəsindən təxminən, 210 milyon manat vəsait ayrılacaq. Əmək pensiyalarının orta aynlıq məbləğinin 2022-ci ildə 345 manata, minimum məbləğinin isə 200 manatdan 240 manata qaldırılması nəzərdə tutulub. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artırılaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artırılaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatndan 35 manat artırılaraq 298 manata çatdırılması proqnozlaşdırılıb.
Gələn il məcburi dövlət sosial sınğorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması hallarına, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün 182 milyon manat vəsait nəzərdə tutulub. Bu müavinətlərin ödənilməsi xərclərinin artım tempi bütün növ müavinətlər üzrə proqnoznlaşdırılıb.
2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata, ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyanrının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi əvvəlki il ərzində orta aylıq nominal əmək haqqı artımına uyğun indeksasiya edilir. 2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 723,2 manat olub. İlin sonunadək bu artımın 3 faiz civarında olması gözlənilir. Bu isə o deməkdir ki, gələn il əmək pensiyalarının sığorta hissəsi indeksasiya nəticəsində 3 faiz həddində artırılacaq.
Ölkədə real inflyasiyanın rəsmi statistikanın qeydə aldığından kəskin yüksək olduğunu nəzərə alsaq, 2022-ci ildə əmək haqqı, pensiya və müavinətlərin məbləğində gözlənilən artımların əhalinin qiymət bahalaşmasından yaranan əlavə xərclərinin mühüm bir hissəsini qarşılamağa imkan verəcəyini söyləyə bilərik. Lakin bu, o zaman mümkün olacaq ki, artımlarla bağlı rəsmi qərarlardan sonra istehlak bazarında yeni bahalaşma olmasın.

Elşad Məmmədov
İqtisadçı-alim Elşad Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda pensiya, əmək haqqı və müavinətlərin artırılması müntəzəm xarakter daşıyır: “Son üç ildə bu sahədə daha böyük irəliləyiş görmüşük. 2022-ci ilin də bu baxımdan əlamətdar olacağı gözlənilir. Həm kölgə iqtisadiyyatına qarşı mübarizə nəticəsində büdcəyə gəlirlər artır, həm də sosial sahədəki neqativliklərin aradan qaldırılması nəticəsində xərclərə ciddi qənaət olunur. Bu isə büdcədən sosial müdafiə və sosial təminata ayrılan vəsaitləri artırmağa imkan verir”.
İqtisadçı-alimin fikrincə, Azərbaycan iqtisadiyyatında pul kütləsinin mövcud həcmi inflyasiyanı sürətləndirəcək qədər yüksək deyil: “Əksinə, bu gün ölkədə pul kütləsinin mövcud həcmi iqtisadiyyatın tələbindən aşağı həddədir. Buna görə də 2022-ci ilin əvvəlində pensiya, əmək haqqı və müavinətlərin məbləği artırılsa belə, bu, inflyasiyanı sürətləndirməyə gətirib çıxaracaq addım olmayacaq. Çünki gözlənilən artımlardan sonra da Azərbaycan iqtisadiyyatındakı xroniki pul çatışmazlığı sindromu davam edəcək. Bizdə inflyasiyanı sürətləndirəcək həddə pul kütləsi artıqlığı təhlükəsi nə indi, nə gələn il, nə də sonrakı ildə gözlənilən deyil. Düşünürəm ki, burada artıq suallar investisiya artımına cavabdeh olan qurumlara ünvanlanmalıdır. Hökumətin iqtisadi bloku, banklar iqtisadiyyata investisiyaların artması üçün zəruri addımlar atmalı, proqramlar həyata keçirməlidirlər. Biz inflyasiyanı xaricdən idxal edirik. İdxal məhsullarındakı artım xarici xammala bağlı yerli istehsalda da qiymət artımına səbəb olur. Bu gün hətta yerli xammalla istehsal olunan məhsullarda da bahalaşma baş verir. Yerli istehsalçılar çətin durumdadır hazırda: onların məhsulu idxal məhsulundan daha baha başa gəlir. Buna görə də Azərbaycanda yaxınmüddətli dövrdə qarşıda duran ən mühüm vəzifə iqtisadiyyata istehsal yönümlü investisiya qoyuluşunu kəskin artırmaqdır. Ölkədə nəhayət ki, investoru cəlb edəcək şərtlər, mühit formalaşmalıdır. Bizim başqa yolumuz yoxdur. Biz ən qısa müddətdə daxildə istehsalı artırmasaq, əmək haqqı, pensiya və müavinətlərin məbləğini nə qədər artırsaq belə, xaricdən idxal etdiyimiz inflyasiya bu artımdan əhalinin aztəminatlı təbəqələrinin bəhrələnməsinə, onların həyat şəraitinin yaxşılaşmasına imkan verməyəcək. Sosial siyasət mütləq və mütləq iqtisadi siyasətlə tamamlanmalıdır. Buna nail olunmasa, sosial müdafiəni nə qədər gücləndirsək də, bunun insanların real həyat səviyyəsinə təsiri az olaraq qalacaq”.