21 İyun 2025

E-ticarətdə virtual anbarların yaradılması üzrə layihə icra olunur

EU4Digital çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin pərakəndə satıcılarını, karqo şirkətlərini və gömrük orqanlarını dəstəkləmək, o cümlədən məhsulların xaricdə satılmasına şəraitin yaradılması məqsədilə elektron ticarət sahəsində virtual anbarların təsis olunması üzrə pilot layihə icra olunur.

Bunu “İki sahil”ə “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, layihənin birinci mərhələsində Azərbaycan və Gürcüstan pilot olaraq Almaniya ilə bəzi inteqrasiyaları həyata keçirib ki, bu da yerli istehsalçılarının məhsullarını bu ölkəyə tədarük etməsinə imkan yaradıb.

“Növbəti mərhələdə inteqrasiya işlərinin davam etdirilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması nəzərdə tutulub. İlkin mərhələdə biz test olaraq bunu “eBay” platforması ilə həyata keçirdik. Gələn mərhələdə “Alibaba”, “Amazon”la və EU4Digital-ın əməkdaşlıq etdiyi digər beynəlxalq platformalarla da inteqrasiyalar həyata keçirəcəyik. Burada söhbət rəqəmsal anbarın yaradılmasından və bu anbara yüklənilən məhsulların avtomatik olaraq digər platformalarda da nümayiş olunmasından gedir. Yəni bunun üçün ayrı-ayrılıqda platformalara daxil olmağa ehtiyac qalmayacaq”, – deyə A. Qədəşov qeyd edib.

O həmçinin əlavə edib ki, məhsulları bu platformaya təkcə Azərbaycandan deyil, Şərq Tərəfdaşlığı, həmçinin digər ölkələrdən də yerləşdirməyə imkan yaradılacaq.

“Bu, ölkələrin qarşılıqlı ticarət əlaqələrin genişlənməsinə və daha geniş auditoriyaya çıxmasına şərait yaradacaq. Məsələn, Azərbaycan idxalçıları Avropadan və Şərq Tərəfdaşlığı ölkələrindən idxal üçün yeni məhsullar tapa biləcəklər. Bu, qarşılıqlı ticarət əlaqələrin ümumi inkişafına töhfə verəcək”, – deyə A. Qədəşov əlavə edib.

Portalın rəhbərinin fikrincə, bəzi texniki məsələlər də var ki, növbəti mərhələdə onların da həlli nəzərdə tutulub.

“Təbii ki, burada məlumatların məxfiliyinin qorunması məsələsi var. Çünki həmin hesabların idarə olunması zamanı məxfi məlumatlar ortaya çıxacaq. Misal üçün kommersiya sirləri, bank məlumatları, satılan məhsulların qiymətləri və s. Onları ən yüksək səviyyədə qorumaq üçün lazımı texniki işlər görüləcək. Burda həmçinin hüquqi bazanın formalaşdırılması, beynəlxalq ödənişlərin genişləndirilməsi, eləcədə poçtdaşımalar və gömrüklə bağlı məsələlərin də avtomatlaşdırılması nəzərdə tutulub. Məsələn, məhsul sifariş olunduqda həm alıcı, həm də satıcı avtomatik olaraq biləcək ki, onun gömrük dəyəri və çatdırılması neçəyə başa gələcək”, – A. Qədəşov bildirib.