23 Dekabr 2024

Düşmənçilik, qarşıdurma səhifəsi bağlanmalıdır – Bu günün reallığı

2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun xalqımıza qazandırdığı tarixi Zəfərin bugünümüz və gələcəyimiz üçün yaratdığı reallıqlar nəinki ölkə, hətta beynəlxalq ictimaiyyət üçün də böyük maraq doğurur. Bu reallıqlar Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş hüquqlarını bərpa etməsi, torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoyulmasıdır.

Prezidentimiz daim vurğulayır ki, bu gün hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var: “Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq”.

Müharibədən dərhal sonra azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanıldı. Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğurlu fəaliyyət göstərir. Artıq Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada əldə etdikləri razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsi davam etdirilir.  Əslində 2021- ci il yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmanın məzmunu Ermənistan və Azərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmiryolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Bu dəhliz mühüm bir layihə olaraq böyük strateji əhəmiyyət kəsb edir. Əvvəla, ölkə başçısının söylədiyi kimi, ilk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.

Təxminən 30 illik fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bu da Azərabycanın strateji, iqtisadi, və siyasi məqsədlərinin daha sürətlə reallaşmasına yol açacaq.

Digər yandan isə yalnız Azərbaycan deyil, eyni zamanda, regionda maraqları olan dövlətlər də bu dəhlizdən maksimum yararlanmaq imkanı əldə edəcəklər. Bu baxımdan ölkə başçısının qeyd etdiyi kimi, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb. Bütövlükdə yeni koridor bölgənin inkişafına böyük töhfələr verəcək. Bu mənada Ermənistan qeyri-konstruktiv hərəkətlərinə son qoymalı, regionda davamlı sülhün bərqərar olması üçün 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinə əməl etməli və Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanımalıdır. Bu ölkənin hərbi-siyasi rəhbərliyi dərk etməlidir ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi üçün danışıqların başlanması istiqamətində bütün lazımi tədbirləri həyata keçirəcək.

İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar müstəvisində sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi ölkəmizin başçısı tərəfindən dəfələrlə səsləndirilib. Prezident İlham Əliyev daim vurğulayır ki, münaqişə bitib və indi hamımız gələcəyə baxmalıyıq: “Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm”.