23 Dekabr 2024

Dünyanın gözü Türkiyədə: Antalya Zirvəsi bəşəriyyəti xilas edə biləcəkmi?

Azərbaycan Prezidenti bu gün Ərdoğanla görüşəcək, mühüm məsələlərin müzakirəsi gözlənilir; “Görüşlərdə hansısa nəticələrə gəlinməsi Türkiyənin regionda və dünyada nüfuzunun daha da gücləndirilməsinə çox ciddi təsir göstərəcək”

Bugünlərdə bütün dünyanın gözü Türkiyəyə zillənib. Çünki 11-13 mart 2022-ci il tarixdə Antalya şəhərində çox mühüm məsələlərin müzakirəsi gözlənilən Diplomatik Zirvə keçiriləcək.

Heç şübhəsiz ki, Antalya Zirvəsində əsas diqqət Rusiya-Ukrayna təmaslarına yönəlib. Türkiyənin vasitəçiliyi və ev sahibliyi ilə iki ölkənin xarici işlər nazirləri Antalyada bir araya gələcəklər. Artıq hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri görüşə hazır olduqlarını bəyan ediblər. Ancaq indiki durumda Azərbaycanın bu tədbirdə hansı səviyyəsində iştirak edəcəyi də bizim üçün çox önəmli məsələlərdəndir. Qeyd edək ki, Prezident İlham Əliyev 10 mart tarixində Türkiyəyə səfər edəcək. “Sabah Azərbaycan Prezidenti İlham Əliyev qonağımız olacaq”. “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün İsrail prezidenti İsaak Hersok qonağımızdır. Bazar günü Yunanıstan baş naziri Kriakos Miçotakis gələcək. Onlarla müzakirələrimiz olacaq. Antalya diplomatiya forumunda da bəzi liderlərlə görüşlərimiz nəzərdə tutulub”, – o bildirib. Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması üçün var qüvvəsi ilə çalışan qardaş ökənin lideri daha sonra bildirib: “Ümid edirəm, Rusiya xarici işlər naziri Lavrov və Ukrayna xarici işlər naziri Kulebanın sabahkı görüşü daimi atəşkəsə qapı açacaq. Bu kritik görüşdən əvvəl mülki şəxslərin təxliyəsi üçün elan edilmiş atəşkəsi də alqışlayırıq. Həm cənab Zelenski, həm də cənab Putinlə görüşlərdə problemlərin diplomatiya ilə həll edilməli olduğunu vurğuladıq. Bu gün 14-cü gününü tamamlayan münaqişə çox təəssüf ki, ciddi insan itkilərinə və faciələrə səbəb olur. Artıq 2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Belə davam etsə, rəqəm 5-10 milyona yaxınlaşacaq. Minlərlə insan həyatını itirdi və yaralandı. Yollara, məktəblərə, evlərə, xəstəxanalara ciddi ziyan dəyib. Ən çox günahsız uşaqlar və müdafiəsiz qadınlar əziyyət çəkir. Mən də millətimə səslənirəm. Müharibədə qətiyyən qazanan tərəf olmur. Biz NATO-nun Baş katibi Stoltenberq, Azərbaycan Prezidenti Əliyev, Belarus prezidenti Lukaşenko da daxil olmaqla, dövlət və hökumət başçıları ilə görüşümüzdə prosesə sülh gətirməyə çalışırıq”.

Göründüyü kimi, R.T.Ərdoğan üçüncü dünya savaşını tətikləyə biləcək savaşın dayandırılması, bəşəriyyətin növbəti dəhşətlərdən xilası üçün çox böyük bir proses başladıb. Bu prosesdə Azərbaycan dövlətinin də iştirakı mühüm məsələdir. Xatırladaq ki, Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqlara ev sahibliyi edə biləcək şəhərlər arasında Bakı və İstanbulun da adını çəkmişdi. Ötən həftə Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun Bakıya səfər etməsi, burada səsləndirdiyi çox mühüm açıqlamalar, o cümlədən iki qardaş ölkənin bütün məsələlərdə koordinasiyalı hərəkəti barədə diplomatlarımızın dedikləri “Bir millət, iki dövlət”in vahid mövqedən çıxış etməsinə şübhə yeri qoymur. Bu mənada cənab Ərdoğanın Azərbaycan lideri ilə də məsləhətləşmək niyyəti vacib məsələdir. Düzdür, İlham Əliyevin Antalya Sammitində iştirakı haqda hələlik rəsmi açıqlama yoxdur. Ancaq istisna deyil ki, dövlət başçımız Ankara səfərindən bir gün sonraya təsadüf edən zirvəyə qatıla bilər. Bu yerdə qeyd edək ki, Ermənistan da Zirvəyə dəvətli idi. Türkiyə bütün baş verənlərə, Ermənistanın yanlış, qeyri-konstruktiv siyasətinə rəğmən, münasibətlərdə müsbət dinamikaya səbəb ola biləcək bir davranış sərgiləyərək İrəvana da dəvət yollayıb. Bu, yenicə dialoq atmosferi yaranması yolunda mühüm addım sayılmalıdır. Paşinyan bir müddət öncə bildirmişdi ki, dəvəti rədd edib, amma son məlumatlara görə, onun şəxsən iştirakı gözlənilir.

Bununla belə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forumda erməni tərəfinin iştirakı ilə bağlı hələlik hər hansı qərarın olmadığını bildirib.  “Sputnik Armenia”nın xəbərinə görə, XİN başçısı bu barədə parlamentdə hökumət saatında deyib. “Dünyada hadisələr çox sürətlə inkişaf edir. Dünya hər gün, hər saniyə dəyişir”, – o qeyd edib. (APA) Ararat Mirzoyan vurğulayıb ki, forumun tarixi yaxınlaşan kimi Ermənistan tərəfi qərar verəcək. Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək. Xatırladaq ki, Türkiyə Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət edib.

Ceyhun Məmmədov: “Ən böyük arzum müəllim olmaq idi” - AzEdu.az AZƏRBAYCAN  TƏHSİL PORTALI

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında Antalya Zirvəsindən gözləntilərini bölüşdü: “Hesab edirəm qeyd olunan tərəflərin sözügedən sammitdə iştirakı xüsusi önəm daşıyır. Ukrayna ilə Rusiya arasında hansısa razılığa nail olunması çox yaxşı olardı. Məhz bu münaqişə baxımından həm regionda, həm də dünyada vəziyyət çox mürəkkəbdir. Gərginliyin davam etməsi regiondakı digər dövlətlərə də çox ciddi təsir göstərir. Münaqişənin tezliklə bitməsi üçün səylərin gücləndirilməsinə çox ciddi ehtiyac var”. Ermənistanın baş nazirinin burada iştirakına gəlincə, C.Məmmədov hesab edir ki, bunun baş verməsi gələcək əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır: “Ermənistan nə vaxta kimi boş vədlər verəcəyi, sözdən əmələ keçəcəyi ilə bağlı suallara da cavab verərdi. Çünki üzərindən bir müddət keçməsinə baxmayaraq hələ də nəticə yoxdur. Görüşlərdə hansısa nəticələrə gəlinməsi Türkiyənin regionda və dünyada nüfuzunun daha da gücləndirilməsinə çox ciddi təsir göstərəcək”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı

Türkiyənin Erciyes Universitetində çalışan professor Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Ukrayna və Rusiyanın XİN rəhbərlərini bir araya gətirməsi özü önəmli diplomatik başarıdır: “Türkiyə bölgədə söz sahibi olduğunu və iki savaş halında olan ölkələri barışdırmaq təşəbbüsünü ələ alan ölkə olduğunu göstərəcək. Bu barış danışıqlarının davamı Türkiyənin nüfuzunu daha da artıracaq. Danışıqlardan ciddi bir nəticə alınacağı təqdirdə, Türkiyə bir neçə hədəfə çatmaq imkanı da əldə edəcək. Azərbaycan da eynilə Türkiyənin siyasətinə uyğun siyasət yürütdüyündən bizim də barış üçün mövqeyimiz nəzərə alına bilər. Prezident bu tədbirdə, Antalya Forumunda qalib ölkə kimi iştirak edir”. Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan bu foruma qatılacağı təqdirdə, müəyyən təmaslar da ola bilər: “İlham Əliyev forumdan bir gün öncə Ərdoğanla bir araya gələcəyindən bütün məsələlərdə ortaq bir fikir ortaya qoyula bilər. Ermənistanın Ukrayna-Rusiya müharibəsindən aldığı yeni dərslər fonunda münasibətlərin yeni mərhələsinə keçilməsi istinsna deyil”. Politoloq qeyd etdi ki, bizi maraqlandıran digər mühüm məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə qarşıdakı təmasları sürətləndirməsidir: “Ermənistan qəsdən təmasları gecikdirir ki, Rusiyanın nəzarəti altında olan Xankəndi və digər ərazilərdə yaşayan erməni əhali ilə bağlı beynəlxalq müdaxiləyə nail olsun. İki gündən bir ATƏT-in Minsk Qrupunun fəallaşması arzusunu dilə gətirir, sürəci gecikdirir. Onu buna məcbur buraxmaq üçün forumda müəyyən qərar qəbul edilə bilər. Burada sərhədlərin müəyyənləşməsindən tutmuş, kommunikasiya xətlərinin açılmasına, keçmiş ”Dağlıq Qarabağ” ərazisindən erməni silahlı birləşmələrinin çıxarılmasına qədər çox ciddi həll olunmamış məsələlər var. Ermənistan sözdə münasibətlərin davamını söyləməkdədir. Amma əməldə elə bir ciddi addımın atılmaması bu dövlətin xarakterindən irəli gəlir. Bir daha deyirəm ki, onu bu işə məcbur etmək lazımdır”.

Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik sahəsində ən güclü  nümunədir” – TURAL İSMAYILOV – EtikXəbər

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə hazırda dünyada ən önəmli siyasi oyunçulardan birinə çevrilib: “Türkiyə beynəlxalq nizamsızlığa qarşı mübarizədə əsas müqaviməti formalaşdıran ölkələrdəndir. Qərb imperializminin Suriyada və  Liviyada təşəbbüsü ələ almaq cəhdləri regiona böyük fəlakət gətirdi. Türkiyə isə bu prosesdə beynəlxalq hüququn yanında yer aldı. Suriyada və Liviyada qaçqın düşən insanlar Türkiyədə sığınacaq tapdı.Türkiyə hazırda qlobal münasibətlərdə mühüm rol oynayır. Azərbaycan Şuşa Bəyannaməsi ilə Türkiyə ilə strateji müttəfiqliyə malikdir. Antalya Diplomatya Forumunda ölkəmiz ən yüksək səviyyədə təmsil olunur. Antalyadakı forum indiki həssas beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir”.  Ekspert bildirdi  ki, Antalya Forumunda mühüm müzakirələr aparılacaq: “Dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçıları, nazirlər, tanınmış dövlət və siyasi xadimlərin, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilat rəhbərlərinin, elm, fikir və iş adamları, media nümayəndələrinin iştirakı ilə iki gün davam edəcək tədbirdə qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları, bəşəriyyəti narahat edən problemlərdən xilas olunmaq naminə zəruri olan tədbirlərin həyata keçirilməsi kimi mövzular müzakirə olunacaq. 2019-cu ildə başlanmış forum mürəkkəb məsələlərə və çağırışlara yeni yanaşmalar formalaşdırır, sülhə ümidin formalaşmasına öz töhfəsini verir. Pandemiya ilə beynəlxalq güc balansının poulduğu indiki dünya nizamında forum müstəsna əhəmiyyətə malikdir. Daha əvvəl Türkiyə XİN rəhri Çavuşoğlu da bildimişdi ki, faktiki olaraq, biz dövlətlərarası və beynəlxalq münasibətlərin ən dəyişkən və qeyri-sabit dövrlərindən birini yaşayırıq. Bəşəriyyət ədalətsizliyə, aclığa, quraqlığa, münaqişələrə, qeyri-leqal miqrasiyaya və epidemiyalara qarşı çıxır. Populizm, ksenofobiya və müsəlmanlara nifrət artır. İqlim dəyişikliyi və terrorizm də gündəmdədir. Münaqişələr dayanmır. Antalya Sammiti öz əhəmiyyətinə görə heç bir qlobal forumdan fərqlənmir. Antalyada Ukrayna-Rusiya münaqişəsi  və digər məsələlərlə bağlı da dönüş yaradan qərarlar verilə bilər”.

Beləcə, dünyanın nəzərləri Türkiyəyə yönəlib.

R.T.Ərdoğan böyük bir missiyanı üzərinə götürüb, Putinin əli nüvə düyməsinə basılı qaldığı anda qardaş ölkənin lideri barış təşəbbüskarı olaraq ev sahibliyi edir, qardaşı İlham Əliyevlə bərabər…