22 Noyabr 2024

Dünyaca məşhur muzeydə Azərbaycan guşəsi yaradılıb – FOTO

Qətər Dövlətinin dünyaca məşhur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan guşəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və ölkəmizin Qətərdəki səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Faysal Muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani, Azərbaycanın Dohadakı səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar və mətbuat nümayəndələri iştirak edib.

Açılış mərasimindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulayıb.

Səfir qeyd edib ki, dünyanın tanınmış Şeyx Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Səfir yaradılmış şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək, bu cür eksponatları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd edib.

Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və qonaqlarla birlikdə eksponatlara baxış keçiriblər. Burada sərgilənən məlumatlar və eksponatları özündə əks etdirən guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəssürat yaradıb. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponatları maraqla izləyiblər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.