12 Dekabr 2024

Dünya Qarabağ müharibəsinin sirlərini öyrənir: 44 gündə hərb elmi yenidən yazıldı

Zirehli texnika, tank döyüşləri, təyyarələr, ağır artilleriya, hərb tarixində iz buraxmış silah-sursat…

Dünya hərbi cameəsi artıq müharibədə təkcə bunlara güvənməyin yersiz olduğunu, əksinə, müharibə taktikasının dəyişdiyi qənaətinə gəldi. İndi əsas diqqət “dron müharibəsi”nin sirlərini öyrənməyə yönəlib. Və bütün dünyanın istinad nöqtəsi Azərbaycanın 44 gün ərzində apardığı Vətən müharibəsi təcrübəsidir.

Vətən müharibəsində Azərbaycan Ordusu hərbi nəzəriyyələri alt-üst edən taktikaları uğurla tətbiq etdi.

– Şuşa əməliyyatı: bıçaq və tapança ilə silahlanmış qəhrəman əsgərlərimiz qayalara dırmaşaraq şəhəri azad etdi; hərbi mütəxəssislər bunu müasir hərb elminin prinsiplərini alt-üst edən əməliyyat adlandırırlar; israilli jurnalist Pyotr Lyukimson yazır ki, “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”;

– Aypara taktikası: bu, qədim türk hərbi taktikasının müasir hərbə transformasiya edilməsi, düşməni çəmbərə alaraq, məhv edilməsidir;

– Dron müharibəsi: qəhrəman əsgərlərimizlə yanaşı, müharibədə dronların uğurla tətbiqi, xüsusilə “Bayraktar”lardan istifadə hərb elminin nəzəriyyələrinə yenidən baxılmasını, ölkələrin müharibə strategiyalarının dəyişdirilməsini şərtləndirdi;

Azərbaycan 44 günlük müharibə ilə təsdiq etdi ki:

– Yüngül çəkili dronlarla ağır hərbi texnikanı, eləcə də Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxarmaq mümkündür;

– Müasir müharibə artıq dronlar, PUA-larla aparılır;

Azərbaycan tarixə XXI əsrin müharibəsini aparan ölkə olaraq düşdü. Çünki Vətən müharibəsində taktiki-strateji addımlar və əldə olunan möhtəşəm qələbə yeni əsrin silah sənayesini, müdafiə doktrinalarını və müharibə qaydalarını dəyişdirdi.

Bu hərbi strategiya nəticəsində 4 ilə işğal edilən torpaqlarımız cəmi 44 günə azad edildi. Müharibədə Ermənistan tərəfindən məhv edilən hərbi texnikası da Azərbaycanın qələbəsinin böyüklüyünü sübut edir.

– 53 dənə tank əleyhinə vasitələr;

– 4 dənə “Smerç”;

– 97 dənə “Qrad”;

– “Uraqan” – 2, “YARS” – 1, TOS odsaçan – 1, “S-300” zenit-raket kompleksləri – 7 atıcı qurğusu;

– 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;

– “Oborona” radiolokasiya stansiyası – 1;

– “TOR” zenit-raket kompleksi – 5 dənə;

– “Osa” zenit-raket kompleksi – 40 dənə;

– “KUB” zenit-raket kompleksi – 4 dənə;

– “KRUQ” zenit-raket kompleksi – 1 dənə;

– 14 dənə zastava;

– “S-125” zenit-raket kompleksi – 2 dənə;

– Pilotsuz uçuş aparatları – 22 dənə;

– “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;

– Ballistik raket – 1, “Toçka-U” raket kompleksi – 1, radioelektron mübarizə vasitələri – 5 dənə, “R-142” komanda qərargah maşını – 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası – 1 dənə, müxtəlif radiolokasiya stansiyaları – 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi – 4 dənə;

– Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb;

– Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb;

– Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb;

– Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb;

– Qumbaraatan – 178-i qənimət götürülüb;

– “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb;

– Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb;

– 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;

– Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, ümumilikdə 366 tank;

– Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb;

– “Su-25” təyyarəsi – 5-i məhv edilib;

– Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Ermənistanın hərbi texnika itkisi ümumilikdə 4 milyard dollara yaxındır. Təkcə “Bayraktar”lar düşmənin 1 milyard dollarlıq hərbi texnikasını məhv edib.

Məhz bu nəticə dünyada Qarabağ müharibəsinin XXI əsrin yeni müharibəsi olaraq qəbul edilməsini şərtləndirdi.

ABŞ Qarabağ müharibəsi təcrübəsini öyrənir, hətta müharibə ilə bağlı məlumatlar hərbi dərsliklərə də daxil edilib. ABŞ ordusunun asimmetrik müharibə məsələləri ilə məşğul olan bölməsinin rəhbəri polkovnik Skott Şou qeyd edir ki, Azərbaycan Türkiyənin “Bayraktar” TB2 pilotsuz aparatlarından və patrul fəaliyyəti həyata keçirən “kamikadze”lərdən istifadə etməklə müharibədə xeyli üstünlük əldə etdi.

“Gələcəkdə müharibələrdə məhz pilotsuz aparatlar böyük rol oynayacaqlar. PUA-ları təkcə böyük ölkələr yox, kiçik ölkələr də əldə edə biləcəklər, çünki ucuz və əlçatandır. ABŞ ordusu döyüş qabiliyyətini saxlamaq üçün strategiyasını dəyişdirməlidir”, – amerikalı mütəxəssis deyir.

Almaniya da Qarabağda müharibə təcrübəsini hərbi strategiyasının yenilənməsi üçün istinad mənbəyi olaraq öyrənir. Eyni addımı digər ölkələr də atırlar.

Suriya və Liviyada “Bayraktar”lardan kifayət qədər uğurlu istifadə edilmişdi. Qarabağ müharibəsində isə Türkiyə istehsalı olan PUA-lar dünyanı yenidən düşünməyə vadar edən performans göstərdi. Bu silahlara əsas diqqət də məhz Qarabağ müharibəsindən sonra oldu. Çünki digər müharibələrdən fərqli olaraq, Azərbaycan “Bayraktar” və digər dronlarla ordunun hərəkətini uğurla sintez etmiş, tətbiq etdiyi hərbi strategiya ilə böyük Zəfər qazanmışdı. Və 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın adı tarixə XXI əsrin müharibəsinin müəllifi olaraq düşdü.