23 Dekabr 2024

Dünya ölkələri münaqişələrə ikili standartlarla yanaşır – TƏHLİL

Bu gün dünyada mövcud münaqişələrlə bağlı beynəlxalq ictimaiyyətin münasibətini, çoxlu sayda sanksiylar tətbiq etməsini gördükdə bir daha ikili standartların şahidi oluruq. Azərbaycan torpaqları 30 il ərzində erməni işğalı altında qaldığı müddətdə beynəlxalq ictimaiyyət səssiz qalırdı, nəinki sanksiyalar tətbiq etmirdi, qəbul edilmiş qətnamələrin belə yerinə yetirilməsi üçün heç bir addım atmırdı.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, hazırda biz digər münaqişələrlə bağlı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq olunduğunu görəndə bir daha ikili standartların şahidi oluruq.

“30 il ərzində Avrasiya məkanında ən uzunmüddətli olan Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan dəfələrlə ikili standartların şahidi oldu. Azərbaycan ərazisi işğala məruz qaldı, xalqımıza qarşı etnik təmizləmə, soyqırım, qətliamlar törədildi, ərazilərimizdə ekoloji böhran yaradıldı, mədəni isrimizdə, o cümlədən bəşəri mədəni irsə qarşı böyük vandallıq törədildi, Azərbaycan xalqına məxsus olan milli-mədəni və tarixi abidələr dağıdıldı, məscidlərimizə qarşı təhqiramiz hərəkətlər törədildi.

Azərbaycanın milli irsin və mədəniyyətin qorunmasını təbliğ edən UNESCO-ya çoxlu sayda müraciətləri cavabsız qaldı. Azərbaycan UNESCO-ya müraciətlər etdi ki, həmin ərazilərə gəlsinlər və bu vandallıqla bağlı rəylərini bildirsinlər, lakin təşkilat bu istiqamətdə heç bir addım atmadı. Təkcə UNESCO deyil, digər beynəlxalq təşkilatlar da eyni mövqe sərgilədilər. Qətnamələr qəbul edilsə də Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı heç bir addım atılmadı, dünyanın ən ali təşkilatı olan BMT tərəfindən münaqişə ilə bağlı qəbul edilən qətnamələr kağız üzərində qalmışdı. Avropa İttifaqı, Avropa Şurası tərəfindən də qətnamələr qədul edilmişdi, lakin bunların heç biri həyata keçirilmədi.

Lakin Azərbaycan dövləti öz ordusunun gücünə qətnamələrin icrasını təmin etdi. İllər ərzində dinc əhalimizə qarşı törədilən Xocalı, Başlıbel, Ağdaban və digər soyqırımların cinayətkarları hələ də cəzasız qalırlar. Mədəni irsimizə qarşı törədilər soyqırımlarla bağlı da hələ də bir münasibət sərgilənməyib. 60-dan çox məscidimiz dağıdılıb, məscidlərimiz təhqir olunub ancaq beynəlxalq təşkilatlar tərəfindən heç bir münasibət bildirilməyib.

Lakin guya azad edilmiş ərazilərdə erməni mədəni irsinin təhlükədə olması ilə bağlı ermənilərin saxta məlumatlarına dərhal münasibət bildirirlər ancaq 30 il ərzində Azərbaycanın milli-mədəni irsinə qarşı törədilən barbarlığa qarşı hər hansı bir münasibət bildirmirdilər, – deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli də qeyd edib ki, müasir beynəlxalq münasibətlərin ikili standartlı prinsiplər üzərində qurulması artıq heç kəsdə şübhə doğurmur. Böyük dövlətlərin oxşar situasiyalara münasibətdə selektiv yanaşma sərgiləmələri artıq adi hala çevrilib. Təəssüf ki, dünyada bu cür neqativ hallara ən məruz qalan ölkələrdən biri Azərbaycandır.

“30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qaldı. Baxmayaraq ki, digər ölkələrlə bağlı çıxarılan qətnamələr dərhal qüvvəyə minmiş və müvafiq ölkələrə qarşı ciddi cəza tədbirləri görülmüşdü. Amma təəssüflər olsun ki, anoloji yanaşmaları Ermənistana münasibətdə görə bilmədik. Əksinə, işğalçını daha da azğınlaşdıran ritorika sərgiləndi. Biz beynəlxalq hüquqa söykənərək Ermənistana sanksiyaların tətbini tələb edirdik, amma beynəlxalq birlik bu ölkə ilə əməkdaşlığa üstünlük verir, bəzi hallarda hətta onun silahlanmasına dəstək göstərməkdən çəkinmirdi. Nəticədə, düşmən daha da azğınlaşaraq, “yeni ərazilər uğrunda yeni müharibə” şüarı ilə çıxış etməyə başladı. Bəli, dəmir yumruğumuz düşmənin başını əzdi, amma hadisələrin bax, bu səviyyəyə gəlib çıxmasında beynəlxalq birliyin də az günahı yoxdur. Xüsusən, Minsk qrupunun həmsədrləri münaqişənin dondurulmuş vəziyyətdə qalmasına rəvac verən ritorika sərgikəməklə müharibənin qaçılmaz olmasına baiskar oldu. Dövlətimizin başçısı da çıxışında haqlı olaraq vurğuladı ki, onların mövqeyi ilə Ermənistanın mövqeyi üst-üstə düşürdü. Hər iki tərəf işğalı stimullaşdırmağa çalışırdı. Məsələnin ən paradoksal məqamı odur ki, başqa heç bir məsələdə kompromis variant tapa bilməyən həmsədrlər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı eyni mövqedən çıxış edirdilər. Çünki hər 3 ölkədə dərin kök salmış erməni lobbisi siyasi qərarvericilər üzərində böyük təsir imkanına sahib idilər”.

Politoloq xatırladıb ki, Azərbaycan 30 illik işğal dövründə dəfələrlə UNESCO-nu monitorinq aparmaq üçün işğal altındakı torpaqlara dəvət etmişdi. Çünki tarixi irsimiz, mədəniyyət və dini abidələrimiz erməni vandalları tərəfindən yer üzündən silinmişdi.

“Biz həmin faktların beynəlxalq səviyyədə sənədləşməsini istəyirdik. Amma dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, təşkilat bu missiyadan qaçdı. Bəhanə kimi isə onu gətirdilər ki, guya bunlar siyasi məsələlərə qarışmırlar. Amma 44 günlük müharibədən sonra UNESCO birdən-birə Qarabağa səfər etmək niyyətini ortaya qoydu. Səbəb kimi isə guya “erməni mədəni irsinin təhlükə altında olması” arqumentini gətirdi. UNESCO siyasi bir təsisat olduğunu bax bu addımı ilə nümayiş etdirdi. Təşkilat ikili standartlı prinsiplər əsasında işlədiyini bir daha ortaya qoydu. UNESCO əgər obyektiv bir təşkilat olduğunu sübut etmək istəyirsə, işğal dövründə 67 məscidimizdən 65-nin erməni vandalları tərəfindən dağıdılması faktını sənədləşdirsin, yer üzündən silinən mədəni irsimizlə bağlı hesabat hazırlasın və s. Azərbaycan xalqı yalnız bundan sonra sözügedən təşkilatın səmimiliyinə inana bilər”, – deyə C.Əhmədov vurğulayıb.