22 Noyabr 2024

Dövlətə məxsus avtomobillər 3 000 manatdan satılıb – QİYMƏTLƏR + FOTO

Bu gün keçirilən hərracda dövlətə məxsus 28 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, hərracda onlayn iştirak edən dörd sifarişçi qalib olub.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 150 sifariş qəbul olunub, bunun 31-i elektron qaydada həyata keçirilib. Hərracda qalib şəxslərdən 4-ü isə onlayn şəkildə iştirak edən sifarişçi olub.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin hərracının rəqabətli olması buna əyani sübutdur.

Hərracda ilkin satış qiyməti 7 500 manat olan avtomobilə ən son təklif iki dəfəyə yaxın artaraq 14 000 manat olub. İlkin satış qiyməti 5 000 manat olan avtomobil təklifdən 2 500 manat çox olmaqla 7 500 manata özəlləşdirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələri üçün ilkin satış qiyməti ən aşağı 3 000 manatdan başlayıb və 9 000 manata qədər artıb. Hərracda yekun satış qiymət isə 3 000 manatdan başlayıb, 14 200 manata qədər artıb.

Hərracda satılmış dövlət əmlakları üzrə 204 360 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə linkdən tanış olmaq mümkündür.  

Növbəti hərraclar 25 yanvar 1, 15 və 22 fevral tarixlərində keçiriləcək. Hər kəs Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.