23 Dekabr 2024

Diasporamız əvvəlcədən hazırlıqlı olmalıdır

Erməni yalanlarına qarşı hər bir azərbaycanlı fəallıq göstərməlidir

Azər Həsrət: “Hətta bizə rəğbəti ilə seçilən ölkələrdə belə Azərbaycanın mövqeyinə zidd paylaşımlara rast gəlirik”
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
  Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar dünya ictimaiyyətini məlumatlandırma prosesində diasporamızın da üzərinə böyük məsuliyyət və vəzifələr düşür. 44 günlük müharibədə olduğu kimi sentyabrın 12-dən, gecə saatlarından başlamış erməni təxribatı barədə də dünya azərbaycanlıları yaşadıqları ölkələrin hakim qurumlarına və beynəlxalq təşkilatlara çağırış edərək, onları erməni təxribatlarına biganə qalmamağa, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə səsləyirlər.
Dövlət sərhədində baş verən hadisələrin beynəlxalq müstəviyə çatdırılmasında diaspor nümayəndələrinin rolu danılmazdır. Soydaşlarımız erməni təxribatından dərhal sonra beynəlxalq qurumlara, media orqanlarına Ermənistanın təxribatları barədə dolğun məlumatlar çatdırırlar. İtaliyada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib. 
Azərbaycan-İtaliya Birliyinin sədri Fərid Abbasovun imzası ilə yayılan bəyanatda Ermənistanın hərbi təxribatı barədə ətraflı məlumat verilib, bu təcavüzün səbəblərinə diqqət cəlb edilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü nəzərə çatdırılıb. Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu bildirilib.
 Azərbaycanın işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda məhz Ermənistanın hərbi təxribata yol verməsi bu prosesə hər vəchlə mane olmasının növbəti bariz nümunəsi kimi qiymətləndirilib: “Biz, İtaliyada yaşayan Azərbaycan icması, dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistanın revanşizm ideyalarına son qoyulması və sülhə dəvət edilməsi istiqamətində səylərin artırılmasını tələb edirik”.    
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti də Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribata kəskin etirazını bildirib. Cəmiyyətin sədri Frəngiz Bağırovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi cinayəti barədə ətraflı məlumat verilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata Macarıstanda yaşayan soydaşlarımız da etiraz edib.  
 Macarıstanın Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi təcavüz barədə ətraflı məlumat verilib. 
Beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə zidd olan hərbi təxribatın səbəblərinə diqqət cəlb edilib. Təcavüzkar Ermənistanın hərbi təxribatına Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması sərt etiraz edib. Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında ünvanlanan məktubda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb edilib. ABŞ-ın Florida ştatında yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclər Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribata kəskin etiraz bildiriblər. 
Azərbaycan-Amerika Gənclər Assosiasiyasının təsisçisi və rəhbəri Nabat Eminovanın imzası ilə yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatda Ermənistanın növbəti dəfə törətdiyi hərbi cinayət barədə ətraflı məlumat verilib və bu qanlı faciənin səbəblərinə diqqət cəlb olunub. Bəyanatda sərhəddəki təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb, rəsmi İrəvanın beynəlxalq hüquq normalarına, Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə növbəti zərbə vurmasına görə narahatlıq ifadə edilib. Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq hüquq normalarına, bölgədə aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu bəyan edib. Assosiasiyanın yerli və beynəlxalq ictimaiyyətə ünvanladığı bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesi ilə bir araya sığmayan növbəti təcavüzü barədə məlumatlar yer alıb, bu hərbi cinayətin səbəblərinə diqqət cəlb edilib. İsraildə yaşayan Azərbaycan icması da Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan sərhədləri boyu törətdiyi genişmiqyaslı təxribata sərt etirazını bildirib. “İsraildə Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Nexamiya Şirin Mixaelinin imzası ilə yayılan bəyanatda vurğulanıb ki, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının həlledici mərhələsində belə təxribatın baş verməsi yolverilməzdir. Həmçinin nəzərə çatdırılıb ki, “İsraildə Azərbaycan Evi” diasor təşkilatının üzvləri rəsmi İrəvanın sülh danışıqlarına növbəti dəfə zərbə vurmasından dərin narahatlıq keçirir: “Doğma Vətənimizin işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı bir zamanda Ermənistanın təcavüzə yol verməsi bu prosesə mane olmasının növbəti bariz nümunəsidir. Dünya birliyindən bu cür halların təkrarlanmaması naminə beynəlxalq müstəvidə əməli addımlar atılmasını, Ermənistanın revanşizm ideyalarına soy qoyulmasını və sülhə sövq edilməsini tələb edirik”. Digər ölkələrdə yaşayan soydaşlarımız da kampaniyaya qoşularaq, erməni təxribatlarının ifşa olunmasında böyük işlərə imza atırlar.  Siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət sözlərinə atalar sözləri ilə başlayıb və bildirib ki, kim, harada nə bacarırsa, etməlidir: “Bir məsəl var – “dama-dama göl olar”. Belə təşəbbüslər ümumi işimizə böyük töhfə deməkdir. Diplomatik korpusun nümayəndələri və diaspora təşkilatları ilə yanaşı, hər bir vətəndaşımız bu işdə daha çox iş görməlidir. Əgər söhbət ABŞ və Avropa ölkələrindən gedirsə, orada fəaliyyət göstərən diaspora təşkilatlarımızın əlinin altında əvvəlcədən bu cür hallarda müraciət edə biləcəkləri siyasi şəxslərin siyahısı, onların əlaqə vasitələri olmalıdır. Məsələn, ABŞ-dakı diasporamız dərhal ermənipərəst konqresmenlərə, senatorlara, rəsmi şəxslərə ətraflı məlumatlar göndərməliydilər. Deyə bilmərəm, bunu nə dərəcədə ediblər. O cümlədən Avropa ölkələri, ayrı-ayrı ölkələrin parlamentləri, ən əsası isə media orqanları ən operativ şəkildə məlumatlandırılmalıdır. Əlbəttə, bunlar bir günlük işlər deyil. Əvvəlcədən hazırlıqlı olmalıyıq. Təəssüflə qeyd edirik ki, dünyanın hər tərəfində ermənilər mediada oturuşublar. Amma elə yerlər, elə media qurumları var ki, orada ümumiyyətlə azərbaycanlı yoxdur. Ümumiyyətlə, ictimai rəydə gözə dəymirlər. Bu çatışmazlığı aradan qaldırmaq üçün diaspora təşkilatlarımız fəaliyyətlərini gücləndirməli, əlavə işlər görməlidirlər. Bəlkə illərlə zaman lazım olacaq, amma əvvəl-axır buna nail olmalıyıq. Gördüyümüz işlər yetərli deyil”.   A.Həsrət bildirib ki, hətta bizə rəğbəti ilə seçilən ölkələrdə belə Azərbaycanın mövqeyinə zidd paylaşımlara rast gəlirik: “Son günlər Ukrayna ilə bağlı müzakirələr gedir, ukraynalılar bizi dəstəkləmir və s. Bunun səbəbi odur ki, biz Ukraynada həm səfirlik, həm də diaspora olaraq təbliğat işini yetərincə qura bilməmişik. Ermənilər media üzərindən anti-Azərbaycan təbliğatı qurur. Dünən özbək dostlarımızın paylaşımlarında gördüm ki, media resurslarında ermənilərin mövqeyi dərc olunur. Hamı bilir ki, bu məsələdə əlimdən gələni edirəm, sosial medianı izləyirəm, ölkəmiz əleyhinə açıqlamalara cavablar verirəm və s. Amma Azər Həsrət Bakıda oturub, bunları idarə edə bilməz. Niyə Özbəkistanda anti-Azərbaycan mövqe paylaşılır? Çünki oradakı səfirliyimiz yatır. Belə anlaşılır ki, Özbəkistandakı səfirliyimiz media ilə, ictimaiyyətlə işləmir. Əgər işləsəydilər, media informasiya almaq üçün ilkin mənbə kimi onlara müraciət edərdi, ermənilərin saxta xəbərlərini tirajlamazdı. Ona görə də həm diasporamız, həm də diplomatik korpusumuz, ictimai fəallarımız bacardıqlarını etməlidir”.