Deputatlar maaş və pensiyaların nə qədər artacağını açıqladı
Gələn il üçün sosial paketin maliyyələşməsinə 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub
Gələn il əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması nəzərdə tutulur. Ekspertlərin sözlərinə görə, artımların 40 faiz və daha çox olacağı gözlənilir və sahələrdən asılı olaraq bu rəqəmlər dəyişə də bilər. Bu artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, gələn ilin dövlət büdcəsinin 46 faizdən çoxu sosialyönümlü olacaq: “Prezident İlham Əliyevin imzaladığı ”Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam sosialyönümlü xərclərin artırılmasına imkan verir. Yəni, milyardla ifadə olunan vəsaitin bu istiqamətdə yönəldilməsi nəzərdə tutulur. 2022-ci ilin dövlət büdcəsi artıq Milli Məclisdə təsdiq olunub. Büdcə xərclərinin 46.4 faizi sosial istiqamətə yönəldiləcək. Bu, müstəqillik illərində sosial xərclərin büdcə xərclərində ən böyük payıdır.
Yəni bu o deməkdir ki, növbəti il hər 100 manatdan 46.4 manatı sosial məqsəd üçün istifadə olunacaq. Bu ondan xəbər verir ki, 2022-ci ildə tətbiq olunacaq sosial paket kifayət qədər əhatəli olacaq və kifayət qədər çox vətəndaşımızın həm birbaşa, həm də dolayı olaraq bu artımlardan faydalanmasına gətirib çıxaracaq”.
Musa Quliyev
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Musa Quliyev də vurğuladı ki, gələn ilin dövlət büdcəsində əməkhaqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin artımı nəzərdə tutulub: “Minimum əmək haqqının gələn il mövcud 250 manatdan 300 manata qaldırılması, başqa sözlə, 20 faiz artırılması, vahid tarif cədvəli üzrə çalışan muzdlu işçilərin hamısının əməkhaqlarının artımına səbəb olacaq. 400 mindən çox özəl sektorda, 700 mindən artıq isə dövlət sektorunda muzdlu əməklə çalışan işçilərimizin əmək haqları artacaq. Əməkhaqlarının artım faizi fərqli olacaq. Onu indidən söyləmək çətindir. Amma 20 faizdən aşağı olmayacaq. Ola bilər ki, 20 faizlə 40 faiz arasında dəyişəcək. Biz onu ilin sonunda dəqiq biləcəyik. Digər məsələ pensiyaların artması ilə bağlıdır. Pensiyaların indeksasiyası orta aylıq əmək haqqının dəyişməsinə bağlıdır. Gələn il orta aylıq əmək haqqının mövcud 742 manatdan 65 manat, başqa sözlə, 8,7 faiz artaraq 807 manata çatacağı proqnozlaşdırılır. Deməli, pensiyaların da orta hesabla 8-9 faiz arasında artımı nəzərdə tutulur ki, bu da 35-45 manat həcmində bir məbləğ təşkil edəcək. Bütün kateqoriyalardan olan pensiyaçıların pensiyaları artacaq. Burada yaşa görə pensiya, ailə başçısını itirməyə görə pensiya və əlilliyə görə pensiya məbləğləri təxminən 35-45 manat arasında olmaqla artırılacaq”.
Vüqar Bayramov
Deputat Vüqar Bayramov isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bütövlükdə gələn il üçün sosial paketin maliyyələşməsinə 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub: “Bu, 2 milyondan artıq vətəndaşımız əhatə edir. Hələlik nəzərə alsaq ki, fərqli sektorlar üzrə artımlar gözlənilir, bunun üçün konkret hansı faiz artımlarının olacağını proqnozlaşdırmaq çətindir. Amma təbii ki, proqnozlaşdırılan və gözlənilən ondan ibarətdir ki, əksər istiqamətlər üzrə müxtəlif sektorlarda biz əməkhaqqı artımları müşahidə edə biləcəyik. Bu ondan xəbər verir ki, növbəti il kifayət qədər geniş sosial paket tətbiq olunacaq. Əmək pensiyalarının indeksiya faizi isə 2021-ci ildəki nominal əmək haqqındakı artım faizinə uyğun olacaq. 2021-ci ildəki nominal orta aylıq əmək haqqındakı artım tempinə uyğun olaraq, gələn il əmək pensiyalarının indeksasiyası həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, nominal əməkhaqqı təxminən beş faiz artacaq. Gözlənilir ki, növbəti ay əmək pensiyaları 5,1 faizlik artıma indeksasiya olunacaq”.