22 Dekabr 2024

Deputat ATƏT PA-nın iclasında Zəngəzur dəhlizindən danışıb – FOTO

Azərbaycan təbii qazının Avropaya tədarükünün miqdarının illik 20 milyard kubmetrə çatdırılması gözlənilir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev İpək Yoluna Dəstək Qrupunun konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 18 iyul 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanan Anlaşma Memorandumu, həmçinin, Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

“Digər tərəfdən Azərbaycan “Qərb-Şərq” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafına böyük töhfə vermiş və Orta Dəhlizin önəmli bir hissəsi olacaq Zəngəzur dəhlizinin açılmasını aktiv şəkildə təşviq edir”, – deyə o vurğulayıb.

Tural Əsədi