22 Noyabr 2024

Deputat: “Aparılan islahatlar proqnozlaşdırılandan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb”

“Pandemiyanın təsirlərinə baxmayaraq, 2021-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu oldu. Ötən il Azərbaycan iqtisadiyyatı 5 faizdən çox böyüdü. 2021-ci ilin ilk aylarında sərt karantin tədbirlərinin tətbiq olunduğunu nəzərə alsaq bu, kifayət qədər ciddi artım kimi xarakterizə olunur. Bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, 2021-ci ildə ən vacib məqamlardan biri də iqtisadi artımın qeyri-neft sektoru hesabına baş verməsidir. Belə ki, qeyri-neft sektorunda artım 7,2 faiz təşkil edib. Bu isə ölkə üzrə ümumi iqtisadi artım faizindən daha çoxdur. Nəticədə qeyri-neft sektoru iqtisadiyyatdakı artımın lokomotivinə çevrilir. Bu da, iqtisadi inkişafın dayanıqlılığı baxımından çox vacibdir.

“İqtisadi artım, eləcə də iqtisadi islahatlar fiskal büdcə gəlirlərinin proqnozlaşdırılandan daha çox olmasına şərait yaratdı. 2021-ci ildə dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların artması Dövlət Neft Fondundan transfertlərə qənaət edilməsinə gətirib çıxardı. Həmçinin 2022-ci il üçün müstəqillik illərinin ən böyük büdcəsinin proqnozlaşdırılmasına imkan verdi. Beləliklə iqtisadiyyatın inkişaf etməsi, iqtisadi artım tempinin bərpası həm də 2022-ci il iqtisadiyyatı üçün nikbin proqnozlar və qiymətləndirmələr aparılmasına gətirib çıxardı”, – deyə V.Bayramov vurğulayıb.

Deputat əlavə edib ki, pandemiyanın nəzarətə götürülməsi, yoluxma sayının optimallaşdırılması ilə bağlı həyata keçirilən siyasət pandemiyanın davam etməsinə baxmayaraq, real sektorda iqtisadi artımın əldə edilməsinə səbəb olub. Həmçinin BMT tərəfindən Azərbaycan iqtisadiyyatının bu il 4 faiz böyüyəcəyi proqnozlaşdırılır. Bu isə onu deməyə əsas verir ki, pandemiyanın 2020-ci illərdəki sərt təsirlərindən sonra Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub. Qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı aparılan islahatlar proqnozlaşdırılandan daha böyük iqtisadi artımın əldə edilməsinə imkan yaradıb və yaradacaq.