12 Noyabr 2024

Dəm qazı yenə can alır – FHN rəsmisindən əhaliyə çağırış

“Vanna otaqlarında yanan qaz cihazları yoxlanmalıdır” – ekspert

Dəm qazından zəhərlənmələr, boğulmalar, ölüm hadisələri yenə də gündəmdədir. Bu hadisələrin ildən-ilə azalacağını düşünsək də, əksini görürük. Elə bir neçə gün öncə Goranboy rayonunda 2 Türkiyə vətəndaşı və bir azərbaycanlının dəm qazından zəhərlənməsi hadisəsi hər kəsi məyus etdi. Qarasüleymanlı qəsəbəsində 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir. Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyevin də dəm qazından zəhərləndiyi bildirilir. Bir neçə ay öncə Gəncədə evdə ana və iki azyaşlı uşağının ölməsi xəbəri ölkəmizdə bununla bağlı vəziyyətin kritik olmasından xəbər verir. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Leyla Məmmədova, onun oğlu, 2014-cü il təvəllüdlü Murad və qızı, 2015-ci il təvəllüdlü Xədicə hamamda çimdikləri zaman dəm qazından zəhərlənərək ölüblər. Əlbəttə, bu kimi faktların sayını çoxalda da bilərik.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, son bir ayda dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. Mərkəzdən bildirilib ki, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.

Bəs dəm qazından zəhərlənmələrin, boğulmaların səbəbi nədir? Bəzi ekspertlər bunun səbəbini hamam otaqlarında qaz cihazlarından insanların düzgün istifadə etməməsində görürlər. Əksər hallarda isə insanlar narazılıq edir, bu fikirlə razılaşmır, bildirirlər ki, hamam otağının qapısında dəliklər olsa da, otaqda havalandırma normal olsa da, yenə də zəhərlənmələr olur. Bəziləri hətta iddia edir ki, evlərə verilən qazın tərkibində zərərli maddələr var, bu təsir edir. Bəs görəsən, bu kimi iddiaların hər hansı əsası varmı?

Eyni zamanda baş verən əksər hadisələrdə hamam otaqlarında qaz cihazlarının – “kolonka”ların zəhərlənmələrə səbəb olduğu bildirilir. Hansı qaz cihazları daha etibarlıdır, insanlar hansı cihazları almalıdır ki, belə hallar baş verməsin? Bu və digər suallarla bağlı mütəxəssislərə müraciət etdik.

Dəm qazından zəhərlənmələrə səbəb olan amillər nələrdir – Turqay Abbaslı -  İŞ VAXTI - YouTube

Turqay Abbaslı 

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Havaların soyuması və qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə  birləşməli olan hemoqlobin  bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı saniyələr ərzində bütün orqanizm boyu yayılır”.

FHN rəsmisi qeyd edib ki, mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir: “Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

* qaz cihazı saz və standartlara uyğun olmalı;

* cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

* havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

* hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

* tüstü bacaları ildə iki dəfə təmizlənməlidir”.

T.Abbaslı əlavə edib ki, evə soba alarkən onun zəmanəti barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir: “Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənməsi, halsızlıq müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır”.

Nüsrət Qasımov: “Əgər bu cihaz yanan maddə aşkar edərsə, qazın verilməsi  bloklanır”

Nüsrət Qasımov 

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov da “Yeni Müsavat” a danışıb. O deyib ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq insanlar yenə də məsuliyyətsizlik edirlər: “İnsanların hamamda zəhərlənmələrinə səbəb qazdan düzgün istifadə etməmələridir. Vanna otaqlarında yanan qaz cihazları yoxlanmalıdır. Əllə, qaynaq yolu ilə düzəldilən ”kalonkalar”da tüstü bacası olur.  5, 9-20 mərtəbəli evlərdə o tüstü bacası divarin içi ilə yuxarı gedir, amma o birilərdə dəmir borular düzəldirlər, küçəyə çıxarırlar. Su qızdırıcılarının təlimatında yazılıb ki, 4 aydan bir tüstü bacaları təmizlənməlidir. “Ceyran” sobası, Rusiya istehsalı olan sobalar, kərpic, divar sobası – bunlar ildə bir dəfə mövsümqabağı təmizlənməlidir. Mən 30-40 ildir bu tüstü bacalarının yoxlanıldığını görməmişəm. Buradan çıxan dəm qazı havaya çıxmaq əvəzinə vanna otağına dolur. Bu da ölümə səbəb olur. Vanna otağının qapısında aşağıda 2.5 sm ölçüdə dəliklər, təbii işıq mənbəyi, nəfəslik olmalıdır. Ancaq bizdə kim harada istəyir qızdırıcı quraşdırır, mütəxəssislərdən də soruşmur. Hamamın həcmi 7.5 kub metr, hündürlüyü 2 metr 20 sm olmalıdır. Tüstü bacası damdan yarım metr hündürə qoyulmalıdır. Bakı küləklər şəhəridir, külək qazı yanma məhsulları təmizlənməyən bacaların, “kolonka”ların içinə  doldurur. Ölüm hadisələri də bu zaman baş verir. Bu parametrləri, standartları gözləməyəndə faciələr yaranır. İnsanlar sonra da “qaz zəhərlidir” və ya “qaza zəhər qatırlar” kimi əsassız fikirlər səsləndirirlər”.

Ekspert onu da əlavə edib ki, hər ölkənin özünün standartı var: “İranın satdığı sobalar bizim standartlara uyğun deyil. Bizim şəbəkədə qazın optimal təzyiqi 130 mm su tutumunun təzyiqinə bərabərdir. Məsələn, İrandan gətirilən sobaların istilik təzyiqi 178 mm-dir. Onu gətirib bizim şəbəkədə quraşdıranda düzgün işləmir. Üstəlik, naşı ustaya göstərirlər, o zaman da sobada yanma prosesi pozulur və nəticədə dəm qazı yaranır. Heç kim də soruşmur ki, bunları niyə bizim ölkədə satırsınız? Eyni zamanda diqqət olunmalı vacib məsələ, lisenziyası olmayan adamlara qaz cihazlarını təmir etdirmək olmaz. Eyni zamanda hamamxanada uşaqları, qocaları təkbaşına qoymaq olmaz, evə gələn qonaqlara da diqqət edin”.