23 Dekabr 2024

Daha iki ölkə NATO-ya qoşularsa: Mümkün təhlükələr – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə qədəm qoyduğu bir zamanda Avropanın şimalından NATO-ya istiqamətlənən meh əsir.

İsveç və Finlandiyanın NATO ailəsinin üzvü olmaq üçün texniki parametrləri uyğundur, hər iki ölkənin hərbi strukturu və qabaqcıl texnologiya ilə təchiz edilmiş ordusu NATO sisteminə uyğundur.

Amma strateji təmkinin itdiyi və siyasi əsəblərin tarıma çəkildiyi bir zamanda bu ölkələrin NATO-ya üzv olmaq üçün göstərdiyi səylər və qarşı tərəfdən aldığı xoşməramlı cavablar vəziyyəti qəliz məcraya yönəldir.

Hərçənd, bu, NATO-nun strateji ruhuna uyğundur və alyansın genişlənmə siyasətinin Rusiyaya elanıdır, ancaq iki ölkənin üzvlük məsələsi regionda yeni təhlükəli tendensiyalar yaradır.

Bu, qlobal güclərin rəqabətindəki hədəflərin miqyasını amansız şəkildə genişləndirir. Bu məsələdə ABŞ-ın üzərinə daha çox maliyyə xərci düşür.  

İsveç və Finlandiya NATO-ya üzv olacaqsa, Ağ Evin büdcəsinə yeni yük qoyulacaq.

Rusiyanın da hərbi büdcəsi yüklənəcək, axı sərhədlərində yeni NATO üzvləri mövcud olacaq.

Onların NATO-ya girişi Baltik dənizi regionunda təhlükəsizlik məsələlərini də aktual edir – istər Rusiya, istərsə də Qərb üçün.

Rusiya özünün hərbi ekspansiya xəttindən kənarlaşmasa, İsveç və Finlandiyanın NATO-ya istiqamətlənməsi strateji sabitliyi təhdid altına qoyacaq. Çünki NATO-nun cinahını genişləndirməsi Rusiyanı alternativ variantlara sövq edəcək və Rusiyanın aqressiv siqnallarla meydana girməsi təəccüblü olmayacaq.

Dərindən fikirləşəndə İsveç və Finlandiyanın NATO-nun tərkibində olması heç ABŞ-a da sərf etmir, sadəcə indi Ağ Evin strateji qaməti Rusiyaya mesaj ötürməkdən ibarətdir.

İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatında olmasının ABŞ başda olmaqla NATO-ya fayda gətirməməsinin səbəblərinə də toxunaq.

Birinci sual budur ki, NATO Finlandiya-Rusiya sərhədinin təhlükəsizliyini necə təmin edəcək? Sual ona görə aktualdır ki, NATO bu regiona nə qədər qoşun yerləşdirsə də, Rusiya da qamətini dik tutmağa çalışacaq.

İkinci amil Çinlə bağlıdır, Çin özü də həmin regionun hərbiləşdirilməsini özünə qarşı təhdid kimi görəcək və bu məsələdə Moskva ilə çəkici eyni nöqtəyə vuracaq.

Üçüncü amil, NATO-nun özünün reputasiyası ilə bağlıdır. Əgər Rusiya Finlandiya və İsveçə müharibə elan etsə, NATO öz nizamnaməsinin 5-ci maddəsini böyük şövqlə işə salacaqmı? Çətin məsələdir, bu isə NATO-nun etibarı üçün zərbədir.

Bu yazıdan çıxaracağımız nəticə belədir ki, Rusiya öz hərbi-siyasi doktrinasındakı ekspansiya xəttindən uzaqlaşsa (çətin məsələdir), İsveçlə Finlandiyanın NATO-ya girişi ağrısız olacaq.

Rusiya indiki siyasətində qalsa, bu zaman İsveç və Finlandiya NATO-nu yeni sınaqlarla üz-üzə qoyacaq.