22 Noyabr 2024

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır

Azərbaycanda martın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.