COVID-19: Fransada son sutkada 14 534 yeni yoluxma və 120 ölüm qeydə alınıb

Fransada son sutkada COVID-19 pandemiyasına 14 534 yeni yoluxma və bu xəstəlikdən 120 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, son həftədə pandemiyaya gündəlik yoluxmaların sayı orta hesabla 13 316 olub. Xəstəxanalarda 11 000-ə qədər xəstə var ki, onlardan 761-i son 24 saatda daxil olub. Reanimasiya şöbələrində 200-ü son sutkada qəbul edilməklə 2 259 ağır vəziyyətdə olan xəstə intensiv müalicə alır.
Pandemiya başlayandan ölkədə koronavirusa 6 854 028 yoluxma təsdiqlənib və virusdan ölənlərin ümumi sayı 115 159-a çatıb.
Ölkədə 49 070 298 sakinə peyvəndin ən azı birinci dozası vurulub.
Son həftələr koronovirusun Delta ştammının yayılmasına görə peyvəndin 2-ci dozasından 6 ay sonra 3-cü dozanın vurulmasının vacibliyi vurğulanıb. Bildirilib ki, peyvəndin 4-cü dozası immuniteti son dərəcə zəif olan insanlar üçün çox yararlı olacaq.
Dərs ili yenicə başlamasına baxmayaraq, məktəblilərin yoluxması nəticəsində artıq ölkədə 545 sinif bağlanıb.