08 Sentyabr 2024

Çində bir gündə 37 milyon insan COVID-19-a yoluxdu!

Çində dekabrın 20-də 37 milyon insan koronavirusa yoluxub.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının qapalı iclasında belə bir dəhşətli rəqəm üzə çıxarılıb. Ümumilikdə dekabrın ilk 20 günündə 248 milyon insan, yəni ölkə əhalisinin təxminən 18 faizi koronavirus infeksiyasına yoluxub. İclasın protokollarında neçə nəfərin öldüyü göstərilmir.

“Bloomberg”in xəbərinə görə, yeni halların kəskin artması Çin hakimiyyətinin COVID-19-a qarşı tədbirlər çərçivəsində tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırması ilə bağlı ola bilər. Bu, təbii immuniteti aşağı olanlar arasında virusun omikron variantının yayılmasına səbəb olub. Qeyd olunur ki, Pekin və Sıçuan əyaləti sakinlərinin yarıdan çoxu koronavirus infeksiyasına yoluxub.

Bu xəbərdən sonra Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin ölkədəki koronavirus vəziyyətinin “proqnozlaşdırıla bilən və nəzarət altında” olduğunu söyləməyə məcbur qalıb.

Çin hakimiyyəti yalnız geniş etirazlardan sonra, dekabrın əvvəlində koronavirus məhdudiyyətlərini yumşaltmağa başlayıb. Dekabrın 7-dən ölkədə yoluxma riski olmayanlar üçün məcburi testi ləğv edilib. Koronavirus infeksiyasının “yüksək riskli zonaları” artıq küçə və məhəllələrdə deyil, binalar, mənzillər, mərtəbələr və ev təsərrüfatları boyunca tətbiq olunmağa başlayıb. Həmçinin, Çin sakinlərinə ölkə daxilində səyahət etmək və ya ictimai yerlərə daxil olmaq üçün artıq peyvənd sertifikatına ehtiyac yoxdur.