22 Dekabr 2024

Ceyranlar Qarabağa qayıdır – ekosistemimizin bərpası nə qədər vaxt alacaq? – Ekoloqlar danışır

Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində iştirak ediblər. Bir gün sonra isə İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Ərdoğan əraziyə daha 15 baş ceyran buraxıblar. Beləliklə, onların sayı 33-ə çatıb.

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həyata keçirilən işlər Şərqi Zəngəzur bölgəsinin dirçəlməsinin göstəricisidir: “Öncəliklə dünənki (srağagünkü – red.) mərasimin və Zəngilan aeroportunun açılışının mühüm strateji bir addım olduğunu bildirir və millətimizi təbrik edirəm! Hava limanının açılışı haqqında öncədən bilgisi olan İranın təlimlərinə iki qardaşın bir yumruq jestləri bu, ağır bir cavab oldu. Qaldı əraziyə daha 15 baş ceyranın buraxılmasına, bu da azad edilmiş torpaqlarımızda dağıdılmış ekosistemin bərpası istiqamətində mühüm və ardıcıl addımların tərkib hissəsidir. Vəhşi təbiət qorunduqca bərpa prosesi güclənəcək. Bildiyiniz kimi, düşmən dövlətimizə milyardlarla dollar dəyərində zərər vurub.

ZİYANLI NAĞILLARIMIZ - Qorxmaz İbrahimli yazır

 Qorxmaz İbrahimli

Təbii ehtiyatlar və vəhşi təbiətimizə dəymiş zərər də milyardlarla ölçülür. Ceyranların Cəbrayıl ərazisinə buraxılması təbii şəraitə uyğundur. Bu, həmçinin, ərazidə bəzi təhlükəsizlik tədbirlərinin də irəlilədiyini göstərir. Dövlətin ciddi nəzarəti altında ceyranlar şəraitə uyğunlaşaraq yaşayacaqlar. Lakin bu o demək deyil ki, digər azad olunmuş rayonlarımıza ceyran və ya başqa heyvanlar buraxılmayacaq. Tədricən hər birinin ərazisinə belə canlılar yerləşdiriləcək. Mina təhlükəsinə gəlincə, ceyranların xüsusən çəkilərinin yüngül olması səbəbindən belə bir təhlükədən demək olar ki, uzaqdırlar”.

Elşad Əsgərov: "İki milli parkda 120 fototələ quraşdırılıb"

Elşad Əsgərov 

Zoologiya İnstitutunun elmi işçisi, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov dedi ki, vaxtilə Azərbaycanda ceyranların yaşadığı ərazilərin çox geniş olub:  “Mərkəzi Aran düzənliyi, Böyük Qafqaz, Kiçik Qafqaz dağətəyi ərazilərin hamısı ceyran sürüləri ilə dolu olub. Sonradan mərkəzi düzənliyin əkilməsi, motorlu texnikanın meydana çıxması, ceyranların ovlanması onların yaşayış yerlərinin azalmasına gətirib çıxarıb. 1960-cı ildə aparılan aviauçotlar zamanı məlum oldu ki, Azərbaycanda 20-30 min ceyrandan cəmi 200-ü qalıb. Bundan sonra akademik Həsən Əliyevin rəhbərliyi altında ceyranın xilas edilməsi üçün yasaqlıqlar, qoruqlar yaradıldı. Ceyran sürətlə artan heyvan olduğu üçün onun sayları qısa müddətdə çoxalmağa başladı. Şirvan düzündə cəmi 66 ceyran qalmışdı. 1980-ci illərdə bu say 3500-dək artdı. Adı Ceyrançöl olsa da, Ceyrançöl düzənliyində hazırda bir dənə də ceyran yoxdur, çünki nəsli kəsilib. Arazboyu düzənliklər ceyranın tarixi arealına aid ərazilərdir və erməni işğalından azad edilməsi təbiətimizi bərpa etmək üçün tarixi şans yaradıb. Ceyranların artırılması üçün layihə həmin hissədə davam etdirilir. Ceyranların tarixi arealının bərpa olunması layihəsi Ekologiya Nazirliyi, İdeal İctimai Birliyi və Təbiətin mühafizə fondu tərəfindən həyata keçirilir. Ötən gün ölkə rəhbərliyi səviyyəsində ilkin olaraq 18 ceyran tarixi arealına buraxıldı və layihə ceyran sürüləri bərpa olunana qədər davam etdiriləcək”.

İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq  ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər - AZƏRTAC

İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Yeni Müsavat”a bildirdi ki, ötən əsrin sonlarına doğru Azərbaycanda ceyranların sayı kəskin sürətdə azalmışdı, hətta bu nadir növün nəslinin kəsilməsi təhlükəsi mövcud idi: “Bu səbəbdən 2003-cü ildə Prezidentin sərəncamı ilə Şirvan Milli Parkı yaradıldı, parkın ərazisində ceyranların təbii arealının mühafizəsi, qorunması həyata keçirildi. Artıq bu bir faktdır ki, Azərbaycanda ceyran populyasiyası bərpa edilib və sayları artmaqdadır. Bu gün təkcə Şirvan Milli Parkının ərazisində 6228 baş ceyran məskunlaşıb, ölkə üzrə isə 7000-dən artıq ceyran fərdi yayılıb. 2010-cu ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi tərəfindən ”Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi üzrə ceyranların təbii areallarına qaytarılması istiqamətində fəaliyyətlər davam etdirilir və uğurlu nəticələr əldə olunub. Bu reintroduksiya layihəsi çərçivəsində 293 baş ceyran Şirvan Milli Parkından Abşeron və Ağgöl Milli Parklarının, Gürcüstan Respublikasının Vaşlovani Milli Parkının, İlisu və Korçay Dövlət Təbiət Qoruqlarının, Qax Dövlət Təbiət Yasaqlığının ərazilərinə, həmçinin Cəngiyə reintroduksiya edilib. Qarabağ bölgəsində də bu cür layihələrin icrasına başlanılıb. Ceyranla yanaşı, bezoar keçisi, Dağıstan turu və nəcib maralın öz tarixi areallarına reintroduksiyası planlaşdırılır. Artıq bu layihə çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyran buraxıldı, proses bu il və gələn il ərzində də davam etdiriləcək. Balıq növlərinin populyasiyasının bərpası üçün də davamlı işlər görülməkdədir. İki il ərzində Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə  qızılxallı balıq körpələrinin buraxılışı təşkil olunub. Eyni zamanda, Bezoar keçisi populyasiyalarının beynəlxalq qorunma statusunun təhlükə həddində olduğu nəzərə alınaraq 2022-2023-cü illərdə İDEA İctimai Birliyi ilə birgə müəyyən sayda bezoar keçisinin Naxçıvan Muxtar Respublikası ərazisindən gətirilərək ölkənin digər uyğun ərazilərinə, o cümlədən Qarabağ bölgəsinə reintroduksiyası həyata keçiriləcək. Eyni zamanda, Qafqaz nəcib maralı və Şərqi Qafqaz Turunun da  reintroduksiyası layihəsinin reallaşdırılması nəzərdə tutulub”.

Nigar HƏSƏNLİ