Cənubi Koreya Sarı dənizdə hərbi təlimlərə başlayıb
Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Sarı dənizdə 20-dən çox gəminin iştirakı ilə genişmiqyaslı manevrlərə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, “Hoquk” təlimləri çərçivəsində baş tutacaq 4 günlük manevrlərə quru qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsi ilə yanaşı, ABŞ hərbçiləri də qatılacaq.
Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Aegis” sistemi ilə təchiz edilmiş freqatlar və esmineslər, həmçinin Cənubi Koreyanın HHQ-yə məxsus “Apaçi” helikopterləri, “F-15K” və “F-16” qırıcıları iştirak edəcək. ABŞ tərəfi təlimlərə “Apaçi” helikopterlərini və “A-10” qırıcılarını cəlb edəcək.
Xatırladaq ki, oktyabrın 17-də start verilmiş “Hoquk” təlimləri oktyabrın 28-dək davam edəcək.