23 Dekabr 2024

Cənab Prezidentin müsahibəsində Ermənistanın təxribatçılıq siyasəti bir daha ifşa edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziyalara müsahibəsində səsləndirdiyi fikirlər, ilk növbədə, ölkəmizin sürətli inkişafından, dövlətimizdə regional və qlobal miqyasda mühüm layihələr həyata keçirməsindən xəbər verir. Bu müsahibə həm də göstərdi ki, dövlətimiz işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirir, həmin ərazilərin abadlığı ilə yanaşı, bu ərazilərdəki torpaqlardan səmərəli istifadə istiqamətində mühüm addımlar atır.

Dövlət başçısının müsahibəsində Ermənistanın təxribatçılıq siyasətini bir daha ifşa edilmiş, Ermənistanın istər müharibədən öncə, istər müharibə vaxtı, istərsə də postmüharibə dönəmində törətdiyi təxribatlar dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənistanda revanşist qüvvələrin xam xəyallarının heç vaxt reallaşmayacağını bildirən cənab Prezident Azərbaycanın hərbi quruculuq siyasətinə bundan sonra da böyük diqqət yetirəcəyini və dövlətimizin hər zaman hərbi quruculuq prosesinə böyük maliyyə vəsaiti ayıracağını diqqətə çatdırmışdır. Bunun mövcud reallıqlardan irəli gəldiyini və bundan sonra da hərbi quruculuğun inkişaf etdirilməsinin diqqətdə saxlanılacağını vurğulanmışdır. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə burada əsas müddəlardan biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın bu addımı atmaqda tərəddüd etməsi də hər zaman olduğu kimi, bu gün də dünyanın bəzi güclərinin əlində oyuncağa çevrilməsi ilə bağlıdır.

Cənab İlham Əliyevin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir: Azərbaycan istər müharibə, istərsə də postmünaqişə dövründə uğurlu siyasəti ilə daim inkişaf yolunda olub. Həyata keçirdiyi siyasətində müstəqil olan dövlətin iqtisadi tərəqqisi qaçılmazdır və bu da öz növbəsində siyasi müstəqilliyə əsas yaradır. Prezident İlham Əliyevin müsahibəsi Ermənistanın təxribatlarına cavab, erməni revanşistlərinə növbəti xəbərdarlıq, kapitulyasiyaya imza atmış ölkənin sülh prosesindən yayınma cəhdlərinin ifşası, Zəngəzur dəhlizinin reallaşması, regional sülh və əməkdaşlıq platformasının perspektivi, Azərbaycanın gələcək inkişafı, Qarabağda və Şərqi Zəngəzurda həyata keçiriləcək işlərin anonsu, COVİD-19 ilə mübarizə və peyvəndlənmə ilə bağlı çağırış, ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair fikirlər, həmçinin ABŞ-da və Avropada birtərəfli mövqe tutanların, ədalətsizlik nümayiş etdirənlərin tənqidi baxımdan da əhəmiyyətli oldu. Prezident İlham Əliyevin bu çıxışı dövlətimizin siyasəti, həyata keçirilən son yeniliklərlə bağlı daha aydın təsəvvür əldə etməklə yanaşı, vətəndaş olaraq üzərimizə düşən öhdəliklərin müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Arzu Abdullayev,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri