23 Dekabr 2024

Cəlil Xəlilov: Biz veteranlar sonsuz diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığımızı ifadə edirik – VİDEO

«Düşmənin torpaqlarımızdan qovulması, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Prezident İlham Əliyev böyük uzaqgörənliklə ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirilmiş və bu istiqamətdə möhtəşəm  addımların atılmasını təmin etmişdir. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. 44 günlük Vətən müharibəsində Azərbaycan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət kimi dünyaya öz gücünü göstərmişdir. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi qiymətləndirilir. Böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduya çevrilib.»

Bu fikirləri «İki sahil»  qəzetinə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

C.Xəlilov qeyd edib ki, planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycan yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir.

C.Xəlilov vurğulayıb ki, dövlət başçımızın ordu quruculuğu istiqamətində  mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanmasıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Ulu Öndərin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak etmişdir.

C.Xəlilov diqqətə çatdırıb ki, Azərbaycanda cənab Prezidentin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur: «Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün bütün dünyada şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətlərdən biri, hətta mən deyərdim ki, birincisidir. Bununla yanaşı, dövlətimiz yaxın gələcəkdə də məlum kateqoriyaya məxsus vətəndaşlarımızla bağlı böyük sosial layihələr həyata keçirməyi nəzərdə tutur ki, bu layihələrin də miqyası olduqca böyükdür. Nümunə üçün qeyd edim ki, 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin  şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq  2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib ki, bu da kifayət qədər böyük göstəricidir. Biz veteranlar olaraq dövlət başçısına müharibə əlillərinə, şəhid ailələrinə, qazilərə olan qayğıkeş münasibətə görə öz təşəkkürümüzü bildirir, minnətdarlığımızı ifadə edirik.»

«İki sahil»https://www.youtube.com/embed/L5AzAyN13AE