23 Dekabr 2024

Bu il prokurorluq tərəfindən 119 şəxsə Amnistiya aktı tətbiq edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş 2021-ci il noyabrın 5-də “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib.

Bu barədə “İki sahil”ə Baş Prokurorluqdan daxil olan məlumatda bildirilib.

“Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 119-dur. Belə ki, 2022-ci ilin yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 nəfər barəsində amnistiya aktı tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb”, deyə məlumatda bildirilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.