Bu günün idmançıları beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edir
Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bir daha bildirdi ki, Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi
Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən Azərbaycan idmanının inkişafından, əldə etdiyimiz uğurlardan geniş bəhs edərək əsas diqqət göstərdiyi məsələ vətənpərvərlik, torpaq sevgisi və bunun fonunda 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz oldu. “Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək. Hər halda, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir” fikirlərini səsləndirən dövlət başçısı bu gün qalibiyyətimizin bizdə yaratdığı qürur hissini, qələbələrə çağırışlarını diqqətə çatdıraraq torpaqlarımızın işğalının səbəblərini də açıqlamışdır. Cənab İlham Əliyevin çıxışlarının hər birində bu çağırış öz əksini tapır ki, həqiqətləri olduğu kimi bilməli və deməliyik. Ən əsası hər kəs bilməlidir ki, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.
Ölkə Prezidenti qeyd edilən görüşdə də torpaqlarımızın işğalının səbəblərinə xüsusi diqqət yönəldərək bildirmişdir ki, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi: “Məhz bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad edəcəyik və etdik. Bir daha demək istəyirəm, hesab edirəm ki, o cümlədən idman sahəsində əldə edilmiş uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Belə də oldu.”
Artıq bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. Tarixi Zəfərimiz ölkəmizə qarşı münasibətlərdə böyük dəyişikliklərə yol açdı. Dünya haqqın, ədalətin kimin tərəfində olduğunu bir daha gördü və qəbul etdi. Hazırda informasiya mübarizəsinin getdiyi dövrdə 44 günlük Vətən müharibəsinin reallıqlarının qəbulu istiqamətində ciddi addımlar atılır. Bu gün idmançılarımız da qalib Azərbaycanı təmsil etməkdən sevinclidirlər. Həqiqətlərimizin təbliğinə öz töhfələrini verirlər.
Bir ildən artıqdır ki, azadlığına qovuşmuş tarixi torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev mütəmadi olaraq bu ərazilərə səfərlər edərək görülən işlərlə yaxından tanış olur, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılır. cari il Böyük Qayıdışın başlanması ili kimi tarixə yazılacaq.
Bu gün yaşadığımız qürur hissi 44 günlük Vətən müharibəsini hər zaman yada salmağı bir zərurət kimi ortaya qoyur. Bu baxımdan ki, 44 gündə 30 ilin işğalına son qoyuldu. 44 gün özündə bir çox məqamları, çağırışları ehtiva etdi. 44 günlük İkinci Qarabağ müharibəsi xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizin başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi. Dövlətimizin başçısı nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Bir addım da mövqeyindən geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu- Torpaqlarımızdan rədd olub getmək. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik reallıqda əksini tapdı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-dən artıq yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi. Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin və xanımı Mehriban Əliyevanın müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, sevincini ilk olaraq xalqla paylaşması, Azərbaycanın gələcəyi ilə bağlı prioritetləri açıqlaması və sair kimi qürur verən məqamlar xalq-Prezident birliyinin, həmrəyliyinin təzahürüdür. Cəbhə bölgələrimizdən gələn hər bir qələbə xəbərini, o cümlədən Zəfər Günümüzü özünün “Twitter” səhifəsində paylaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daim bu arzunu, istəyi ifadə edirdi ki, Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Bu gün o sevinci yaşayırıq. 30 ilə yaxın dövrdə daim dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «hücum» əmrini gözləyən Azərbaycan əsgəri sentyabrın 27-də bu istəyinə nail oldu. Bu müharibə xalqımızın nə qədər məğrur, yenilməz olduğunu nümayiş etdirməklə yanaşı, vətənpərvərlik duyğularını, hər kəsin Vətəni öz canından daha çox istədiyini ortaya qoydu. Gənclərimizin dilindən tez-tez eşitdiyimiz «Vətən məni çağırır», “Vətən, torpaq yolunda canından keçmək böyük qəhrəmanlıqdır”, «Biz Vətənimizi qorumasaq, kim qoruyacaq» kimi fikirlər qürurverici, sabahımıza böyük inam idi. Azərbaycan əsgəri 30 ilə yaxın müddətdə dünyanın edə bilmədiyini etdi. Beynəlxalq hüquq normalarını və prinsiplərini kağız üzərində saxlamaqla ədalət meyarını maraqlarına qurban verən dünyanın aparıcı dövlətləri Azərbaycan əsgərinin qəhrəmanlığının, şücaətinin şahidi oldu. Azərbaycan Ordusu 28 ildir həllini gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.
Ölkə Prezidenti İlham Əliyev sözügedən görüşdə bir daha bu reallıqlara diqqəti yönəldərək bildirdi ki, indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu müharibələrə diqqət yetirsək, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha xalqımızın böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür: “Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.”
Qeyd etdiyimiz kimi, qarşıdakı illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək. Ölkəmizin həyatında yeni dövr-quruculuq dövrü uğurla davam edir. Bir milyondan artıq soydaşımız tezliklə Böyük Qayıdışla öz yurd-yuvalarına qovuşacaqlar. Dövlət başçısı görüşdə onu da bildirmişdir ki, əlbəttə, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır: “İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur. Amma bunlar hansı formada olacaq, memarlığı necə olacaq, bunu artıq müvafiq federasiyalar, Gənclər və İdman Nazirliyi təqdim etməlidir.”
Cənab İlham Əliyevin bütün görüşlərində, çıxışlarında bu məqam da xüsusi yer alır ki, Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Bu yumruq, həm güc, həm də birlikdir. Azərbaycan xalqı öz birliyini, həmrəyliyini bir daha nümayiş etdirdi. Əvvəldə də qeyd etdiyimiz kimi, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız fəallıqlarını daha da artırdı, Azərbaycanımızın qələbəsinə dəstəklərini ortaya qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan» çağırışı harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızı bir araya gətirir, ölkəmizin inkişafı, tərəqqisi üçün daha səylə çalışmağa ruhlandırır. Məhz bu əminliyə söykənərək, dövlətimizin başçısı «Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq» söyləyərək belə bir reallığı da diqqətə çatdırır ki, birliyi olan ölkələr, iradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.
Azərbaycan gəncliyi vətənpərvər, müasir dünyagörüşünə malik gənclikdir. Ulu öndər Heydər Əliyev gənclərimizə milli ruhda tərbiyə olunmağa, milli-mənəvi dəyərlərimizi, dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi qorumağa çağırışlar edirdi. Son 18 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyur. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsinin davamlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğu diqqətə çatdırılır. Son iki ildə həyata keçirilən kadr islahatlarına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin yeni təyin olunmuş gənc dövlət məmurları ilə keçirdiyi görüşlərdə də qarşıya qoyduğu əsas hədəf milli maraqların hər şeydən üstün olmasıdır. Bildirilir ki, hər kəs dövlət maraqlarını üstün tutmalı, vətəndaşların qayğıları ilə yaşamalı, ölkənin hərtərəfli inkişafına dəstək olmalıdır.
Qeyd edilənlər fonunda bu ümumiləşdirməni apara bilərik ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın milli qürurunu özünə qaytardı. Tarixinə, mədəniyyətinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycanın gələcək nəsilləri Zəfər tariximizi vərəqlədikcə qürur duyacaq, torpaq, Vətən yolunda şəhidlik zirvəsinə yüksələn, yaralanan, böyük şücaət göstərən gənclərimizin həyat yolu vətənpərvərlik məktəbi kimi öyrəniləcək. Cənab İlham Əliyev Avropa çempionatının iştirakçılarını qəbul edərkən söylədiyi “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar… Çünki biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik” fikirləri ilə bu reallıqların aydın mənzərəsini təqdim edir.