Bu gün Xarkovdan Polşaya 200-dək azərbaycanlı təxliyə ediləcək

“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.
Bunu Oxu.Az-a açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
O bildirib ki, ötən gün təxminən 100 nəfər Ukraynadan Polşaya keçib:
“Ümumilikdə, Ukraynada baş verən proseslərlə əlaqədar olaraq Polşaya təxliyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hazırda Polşa sərhədində gözləyən vətəndaşlarımızın sayı da az deyil. Mərhələli şəkildə Polşaya təxliyə olunmağı gözləyirlər.
Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib. Orada sərhədi keçən soydaşlarımızın sayı barədə hələ məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur.
Bəzi soydaşlarımız Polşa sərhədindən Polşa Daxili İşlər Nazirliyi tərəfindən Almaniyaya aparılır və orada hazırlanan düşərgələrə yerləşdiriliblər. Bəziləri oradakı vəziyyətin çətinliyini görüb Varşavaya doğru qayıdırlar”.
S.Adıgözəlli soydaşlarımızın hər birinin Azərbaycana getmək istədiyini deyir:
“Bu gün üçün təyyarə uçuşu gözlənilir, lakin tam dəqiq məlumat demək çətindir. Burada olan azərbaycanlıların siyahısı hazırlanıb və yəqin ki, buna müvafiq olaraq Xarici İşlər Nazirliyinin xətti ilə insanların təxliyəsinin təşkili məsələsinə baxılır. Ya bu gün, ya sabah üçün təyyarə ilə uçuş gözlənilir”.
S.Adıgözəlov Polşanın özündə də vəziyyətin gərgin olduğunu qeyd edib.