Bu gün Ümumdünya Meteorologiya Günüdür
Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür.
media1.az xəbər verir ki, bu tarix Ümumdünya Meteorologiya Təşkilatının təsis edildiyi gündür. Belə ki, təşkilat 1950-ci ilin məhz həmin günü atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “Erkən xəbərdarlıq və erkən hərəkət”dir.
Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri – temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 8 stansiyadan sutka ərzində 8 dəfə dəniz hidrometeoroloji müşahidələri – dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s., 41 hidroloji məntəqədən çaylar üzrə suyun səviyyəsi və su sərfi haqqında məlumatlar alınaraq təhlil edilir, gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar, aylıq hava proqnozu, Xəzər dənizinin 6 akvatoriyası üzrə qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barədə xəbərdarlıqlar kimi hidrometeoroloji proqnozlar tərtib edilir. Bununla yanaşı, tibbi-meteoroloji proqnozlar, böyük su anbarlarının (Mingəçevir, Şəmkir) gündəlik axım, Kür çayının aşağı axınında Kür-Surra, Şirvan və Salyan məntəqələri üzrə 2- 3 günlük səviyyə, çaylar üzrə ongünlük, aylıq, böyük su anbarlarının fəsillik axım, yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozları da tərtib olunur.
Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda, çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq nazirliyin veb-səhifəsində yerləşdirilir. Respublikanın bölgələri, Bakı və Abşeron yarımadası üzrə iki və üçgünlük hava proqnozları, hava şəraitinin kəskin dəyişməsi, çaylarda gözlənilən qısamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara göndərilir.
Azərbaycanda əhaliyə göstərilən hidrometeoroloji xidmətin səviyyəsinin yüksəldilməsi, hava proqnozlarının dəqiqliyinin artırılması, o cümlədən bütün ölkəni əhatə edən hidrometeoroloji şəbəkənin fəaliyyətinin təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində son illər genişmiqyaslı tədbirlər həyata keçirilir.
Görülən işlərin bariz nümunələrindən biri kimi qeyd etmək olar ki, Göygöl və Şamaxı rayonlarının ərazisində 2 ən müasir dopler radar sistemi qurulub. 2030-cu ilədək ölkəmizdə daha 3 müasir radar sisteminin quraşdırılması nəzərdə tutulur ki, bu da bütün ölkə ərazisində təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin əsas həlqəsini təşkil edən radiometeoroloji müşahidələrin aparılmasını tam əhatə edəcək.
Ölkəmizdə hidrometeoroloji xidmətin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə, ölkəmizdə hidrometeoroloji müşahidə şəbəkəsi avromatlaşdırılır. Son iki il ərzində çaylarda olan dinamikanı izləmək, sonrakı dövr üçün çayların hidroloji vəziyyətinə dair proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiya quraşdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılması istiqamətində işlər görülür. İyunadək həmin stansiyaların instalyasiyası gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət edəcək.
“Şəbəkənin modernləşdirilməsi ilə yanaşı, işçilərin kadr potensialının artırılması da hədəf kimi qarşıya qoyulub. Eyni zamanda, proqnozların dəqiqliyinə xidmət göstərən rəqəmsal lokal hava modellərinin Azərbaycanda tətbiqi də yaxın gələcəkdə hədəflərimizdən biridir”, – deyə U.Tağıyeva qeyd edib.