23 Dekabr 2024

Bu gün Od çərşənbəsidir

Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin oyanacağı günü bizə daha da yaxınlaşdırır

Bu gün Novruz çərşənbələrindən ikincisini – Od çərşənbəsini qeyd edirik. Qədim türk coğrafiyasında çillələrdən sonra gələn Boz ay bitincə yeni ilin başlanğıcını, təbiətin oyanışını təmin edirmiş. Boz aydan əvvəl isə bir neçə yalançı çərşənbələr də zaman-zaman qeyd olunub. Amma ilk əsas çərşənbə olan Su çərşənbəsindən sonra Od çərşənbəsi qeyd olunmağa başlanılıb. Od çərşənbəsində od yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

Od çərşənbəsinin də özünəməxsus adətləri, inancları var. Bu çərşənbədə bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özü ilə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun. Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən. Od çərşənbəsi ona görə ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur.

Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də, onların məhvi baxımından vacib ritual sayılıb: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”, deyilir, bu çərşənbədə…

Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar. Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.

Od çərşənbəsində də falabaxma xüsusi maraq doğurur. Açar falı: Bu gecə ürəyində niyyət tutan şəxs özü ilə açar götürüb evlərinin yanındakı yola çıxır. Yolayrıcı olan yerdə açarı sağ ayağının altına qoyub gözləyir. Yoldan ötənlərin ilk sözünü eşidib yadında saxlayır və açarı da götürərək geri qayıdır. Eşitdiyi söz xoş bir məna verirsə, yaxşı nəsə haqqındadırsa həmin adam niyyətinin baş tutacağına inanır. Buradakı açar isə simvolik olaraq həmin niyyətin açarı deməkdir.

Alma falı: Od çərşənbəsində iki alma seçilir və onlardan birinə nişan qoyulur. Daha sonra həmin nişanı gizlədərək niyyət tutur və evdəkilərdən birinə almalardan hansınısa götürməsini deyir. Həmin adam əgər nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə kimi anlaşılır. Burada istifadə olunan alma mifoloji dünyagörüşdə xoşbəxtlik, uğur bəxş edən rəmzi motivin daşıyıcısıdır.

Hər zaman ocağınızın yanar, odunuzun sönməz, eviniz işıqlı olması diləyilə, Od çərşənbəniz mübarək olsun!