23 Dekabr 2024

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 15 il ötür

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 15 il ötür.

media1.az xəbər verir ki, Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib.

2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin 3 dildə – Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən 919 – Çağrı Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb.

Bundan başqa, 2018-ci ildə istifadəyə verilən MİGAZ mobil tətbiqi əcnəbi vətəndaşların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə və növbə, “ASAN Viza” və xidmətin digər istiqamətləri üzrə servis xidmətlərinə çıxış əldə etmək imkanı yaradır. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti tərəfindən bütün “ASAN xidmət” mərkəzlərində də müvafiq xidmətlər göstərilir.

Ötən 15 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər görülüb. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən DMX-nin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası təmin edilib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət sayəsində DMX-nin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilən mobil bir quruma çevrilib.

DMX-nin 15 illik fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Bu illərdə qurum formalaşıb, güclənib, daha da inkişaf edib. Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də ötən il Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olub. DMX pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, post-pandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Xidmətin təşkilatçılığı ilə əcnəbiləri və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici onlayn görüşlər keçirilib. Miqrasiya qanunvericiliyi ilə bağlı DMX-nin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər təşkil edilib.

Fəaliyyətini pandemiyanın tələblərinə uyğun şəkildə quran DMX-də vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətlə həyata keçirilməsi, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir. İnzibati prosedurların minimuma endirilməsi, elektronlaşmanın geniş təşviqi, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması, icazə prosedurunun sadələşdirilməsi həyata keçirilir. DMX-nin xidmət səviyyəsinın yüksəldilməsi istiqamətində gördüyü işlər sayəsində “ASAN xidmət indeksi” üzrə 2020-2021-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən, Dövlət Miqrasiya Xidməti ardıcıl olaraq dördüncü dəfə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni (92,78 faiz) göstərib.

Ötən dövrdə DMX tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb. Bundan başqa, iki yeni – “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi” və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” elektron xidmətləri yaradılıb. Bundan başqa, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə əməkdaşlıq şəraitində “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)“ layihəsinin icrasına başlanıb.

Eləcə də Azərbaycan Respublikası BMT-nin Miqrasiya Şəbəkəsinin dəvəti ilə Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə “Çempion ölkələr” təşəbbüsünə qoşulan birinci ölkədir. Bu təşəbbüs BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən 2020-ci ilin sentyabrında təsis olunub.

Dövlət Miqrasiya Xidməti sosial layihələrin reallaşdırılmasını da diqqət mərkəzində saxlayır. Şəhid və qazi ailələri ilə bağlı tədbirlər, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Miqrasiya Məktəbi-4” layihəsi, əcnəbi və qaçqın statusu əsasında yaşayan aztəminatlı ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələr həyata keçirilir.