23 Noyabr 2024

Bu gün Azərbaycan Gəncləri Günüdür

Bu gün – 2 fevral Azərbaycan Gəncləri Günüdür.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Qeyd edək ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb. Bu arada qeyd edək ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

“Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, – deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır.

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.


Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.

Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Əziz gənclər, bayramınız mübarək!