22 Noyabr 2024

Beynəlxalq məhkəmə Ermənistanın Azərbaycana qarşı qaldırdığı bu vəsatəti tamamilə rədd edib

“Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə Beynəlxalq Ədalət Məhkəməsidir”.

media1.az xəbər verir ki,  bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız qarşılıqlı iddia irəli sürüb: “Hər iki dövlət məhkəmədə müvəqqəti qərarların qəbul edilməsi üçün vəsatət verib. Məhkəmə illər ərzində yekun qərar çıxarmaq üçün şikayətlərə baxacaq. Ancaq yekun qərar çıxanadək həm Azərbaycan, həm də Ermənistan müvəqqəti qərar çıxarılması üçün vəsatət vermişdi. Oktyabrın 14-19-dək keçirilən dinləmələrdə bu vəsatətə baxıldı. Bu dinləmələrdə Azərbaycan Ermənistana qarşı öz sübutlarını təqdim edib. Azərbaycan tərəfini bu proses çərçivəsində ABŞ və Britaniyadan olan peşəkar vəkillər komandası təmsil edib. Azərbaycan ilk əvvəl minalanmış ərazilərin təmizlənməsi üçün Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edib. Ermənistan digər məsələlərdə olduğu kimi bu məsələdə də çox qeyri-səmimi mövqedən çıxış edib. Ermənistan tərəfi bu məsələnin şərh edilməsindən ümumiyyətlə imtina edib. İkinci mərhələdə isə ümumiyyətlə mina xəritələrinin mövcud olmaması ilə bağlı fikirlər irəli sürməyə başladı. Bu ilin iyun-iyul ayında isə Ermənistan xüsusi şərt irəli sürərək bir neçə rayonun mina xəritələrini verəcəyini dedi və Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərin qeyd-şərtsiz Ermənistana qaytarılmasını bildirdi. Halbuki beynəlxalq konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycan verməlidir”.

E. Məmmədov qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının elan edilməsindən 3 gün öncə Ermənistan minalanmış xəritələrin xəritəsini verməklə məhkəməni bu məsələyə münasibət bildirməsinin qarşısını alıb.

Nazir müavini vurğulayıb ki, digər tərəfdən Ermənistanın məhkəmə qarşısında əsas vəsatəti Azərbaycanda saxlanılan cinayət törətmiş şəxslərin dərhal və qeyd-şərtsiz buraxılmasıdır: “Məhkəmədə dinləmələr zamanı Ermənistan tərəfi özlərinə ayrılmış vaxtın böyük əksəriyyətini bu məsələyə həsr edib. Bu tələbi Azərbaycanda həmin şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olması ilə əlaqələndirməyə çalışıblar. Tərəfimizdən saxlanılan şəxslərə qarşı bütün ittiham aktları, faktlar beynəlxalq məhkəməyə təqdim edilib. Nəticədə beynəlxalq məhkəmə Ermənistanın Azərbaycana qarşı qaldırdığı bu vəsatəti tamamilə rədd edib. Vəsatəti rədd etməklə beynəlxalq məhkəmə Azərbaycanda saxlanılan ermənilərlə bağlı gedən prosesə öz hörmətini göstərib və müdaxilə etməyib”.