23 Dekabr 2024

Bərdənin Qaradəmirçi və Xanağalı şəhidlərinin xatirəsinə bulaq inşa olunub – Yenilənib

Musa Muradlı, Media1.az

Bərdə  rayonunun Qaradəmirçi kəndində  44 günlük vətən müharibəsi döyüşlərində şəhid olmuş kənd sakinlərinin-Azər Aydın oğlu Həsənov, İdris Nazim oğlu Nərimanov,Təbriz Rəşid oğlu Həsənovun xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş “Şəhidlər bulağı”-nın  açılışı olub.

Media1.az  xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Qaradəmirçi kənd sakini İsrafil Paşayev mərasimi açıq elan edərək qonaqlara söz verib.

Bərdə rayon İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov çıxış edərək bildirib ki, şəhid adlarının əbədiləşdirilməsi üçün abidələr, xatirə kompleksləri, bulaqlar inşa olunur. Gələcəkdə qanuna müvafiq düzəlişlər ediləndən sonra şəhid adlarının küçələrə,meydanlara , təhsil müəssisələrinə veriləcəkdir.Sonra Samir Səfərov  Türkiyə Azərbaycan arasında Şuşa bəyannaməsinin imzalanmasından danışaraq, iyunun 15-də Şuşa şəhərindəki iki qardaş ölkə başçılarının iştirakı ilə tarixə çevrilmiş möhtəşəm hadisəni xalqlarımızın böyük uğuru adlandırıb.

Qarabağ Qazilər Birliyinin Bərdə rayon şöbəsinin sədri Surəddin Səfərov şəhidlərimizin xatirəsini hörmətlə yad edərək, onların ruhuna rəhmət oxuyub.

Bərdə şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Fatma xanım Yıldırımın vəkili Xosrov Musayev vurğulayıb ki, şəhid bulaqlarının, abidələrinin yaradılması tədbirlərində mütəmadi olaraq iştirak edirlər. Söhbətlər zamanı Fatma xanım Yıldırım belə tədbirlərdə iştirak etməyi yerdəki təmsilçilərinə davamlı olaraq tövsiyyə edir. Xosrov Musayev Azərbaycan Prezidentinin möhtəşəm uğurlara imza atmaqda davam etdiyini bildirərək, son günlər imzalanmış Şuşa bəyənnaməsini yüksək qiymətləndirib. “Bunun üçün də çətin yolların keçildiyini, Umummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində davamlı  işlər görülüb”-deyə Xosrov Musayev bildirib.

Yeniləşən Dövlətə Dəstək Birliyinin Qarabağ üzrə şöbəsinin sədri Bəxtiyar Hüsiyev şəhid ailələrinə möhtəşəm qələbəmiz münasibətilə təşəkkürünü bildirib. Ordumuzun əsgərlərinə minnətdarlıq hissini ifadə edib.

Yerli sakin  Damət Ələkbərov Qaradəmirçi , Xanağalı kənd sakinlərinin adından bulağın açılışına görə iştirak edən qonaqlara təşəkkürünü bildirib.Daha sonra çıxışına davam edən Damət Ələkbərov vətən müharibəsində böyük qələbənin əldə olunmasına görə  kənd sakinlərinin canından keçərək şəhidlik zirvəsinə ucalmasını böyük hadisə adlandırıb.

Tədbirdə iştirak edən şəhid valideyinləri də övladları ilə qürur duyduqlarını bildirmiş,qədirbilən xalqımıza onların xatirəsinə ehtiram göstərmələrindan razılıqlarını dilə gətirmişlər.

Sonda Şəhid bulağının pərdəsi götürülmüş, üç şəhidimizin şəkli vurulmuş lövhənin üzü açılmışdır. Şəhid bulağına su verilmişdir. Şəhidlərin xatirəsinə ehtiram olaraq bulağın qarşısına tər qərənfillər düzülmüşdür. Məktəblilərin ifasında şer kompozisiyası səsləndirilmişdir.