Bərdə Regional Mədəniyyət İdarəsində musiqişünas alimlərlə fikir mübadiləsi aparılıb
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi əlaqədar görüş keçirilib.
Respublikanın aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin, tanınmış incəsənət xadimlərinin iştirakı ilə regional idarə üzrə uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün mütəmadi olaraq ustad dərsləri təşkil edilir.
Ustad dərslərinin keçirilməsində məqsəd təhsilin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və onlara metodiki kömək göstərməkdir.
Sözügedən işlərin davamı olaraq, regional idarənin rəisi Vəsilə Möhsümova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru Yeganə Mustafayeva ilə görüşüb. Görüş çərçivəsində Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş ustad dərslərinin təşkili, Azərbaycanın milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ustad dərslərin təşkili regional idarə tərəfindən mütəmadi olaraq davam etdiriləcəkdir.