23 Dekabr 2024

Bərdə rayon Gənclər və İdman İdarəsi media təmsilçilərini təbrik edib

Milli mətbuat günündə “Bərdə” qəzetinin keşmiş redaktoru Elbrus Məmmədovun nurlu xatirəsi yad olunub

Hər ilin 22 iyulu ölkəmizdə Milli Mətbuat günü kimi qeyd olunur.

Ənənəyə sadiq qalaraq Bərdə rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi bir qrup media təmsilçisi ilə görüş təşkil edib.

Bərdə rayon Bələdiyyəsinin binasında keçirilmiş bayram tədbirində Media1.az-ın baş redaktoru Musa Muradlı , İTV-nin Qarabağ və Şərqi Zəngəzur üzrə müxbiri Şöhrət Eyvazov, Azərtacın Qarabağ üzrə bölgə müxbiri Tahir Ağaməmmədov, Arantv-nin təsisçisi Vüsal Bayramov, Bərdə qəzetinin baş redaktoru Salman İsmayılov, “Qaynarxətt.az”-ın baş redaktoru Rasim Məmmədov iştirak ediblər.

Media1.az xəbər verir ki, Bərdə rayon Gənclər və İdman İdarəsinin Milli Mətbuatın 146 illiyi ilə bağlı təşkil etdiyi bayramın işığına xeyli sayda gənc nəslin nümayəndəsi və müəllimlər də qatılıb.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli qonaqları salamlayaraq Milli Mətbuatın təşəkkülünü xalqımızın tarixində böyük hadisə adlandırıb. Mətbuat günü münasibətilə media nümayəndələrini təbrik edib. Qeyd edib ki, cəmiyyətdə baş verən proseslərə yanaşmada gənclərlə medianın həssaslığını daha çox görmək olar. Buna görə də medianın  gənclərə daha yaxın olduğunu düşünürlər.

 Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov medianın ictimai həyatımızda oynadığı rolu yüksək qiymətləndirərək medianı IV hakimiyyət adlandırıb.

Bərdə qəzetinin baş redaktoru Salman İsmayılov “Əkinçi” qəzetinin tarixindən, Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yoldan danışıb.

Azərtacın Qarabağ üzrə bölgə müxbiri jurnalistikanın qarşısında duran vəzifələrdən danışmaqla , bu peşənin özəl çətinliklərini qeyd edib. Çətinliklərə rəğmən jurnalistikanın şərəfli peşə olduğunu bildirib.

Media 1.az xəbər portalının baş redaktoru Musa Muradlı  hələ XIXəsrin 30-40-cı illərindən Tiflisdə rus qəzetlərinin əlavəsi kimi “Tatar xəbərlər”, “ Qafqazın bu üzünün əxbarı” adlı xəbərlərin işıq üzü gördüyünü bildirib. Milli mətbuatın əsasının Həsən bəy Zərdabinin naşirliyi ilə “ Əkinçi” qəzetinin çapını böyük milli hadisə adlandırıb.  Bu tarixin gənclərə təbliğ olunmasını əhəmiyyətli olduğunu vurğulayıb. Dini missioner təşkilatların mənfi təsirlərindən gənclərimizin qorunması üçün Azərbaycan Milli Maarifçilərinin yaratdıqları milli, fəlsəfi, ədəbi düşüncələrinin təbliğinin vacibliyindən danışıb.

İTV-nin  Qarabağ və Şərqi Zəngəzur üzrə müxbiri Şöhrət Eyvazov Bərdə qəzetinin keçmiş redaktoru olmuş Elbrus Məmmədovu xatırlayıb. Digər media nümayəndələri də peşəkar jurnalist, ömrünün böyük hissəsini “Bərdə” qəzetinə həsr eləmiş  Elbrus Məmmədovun nurlu xatirəsini yad ediblər.Sonra Şöhrət Eyvazov xoş əhval ruhiyyə yaratmaqla milli mətbuatın əhəmiyyətli rolundan danışıb.Görüşdə iştirak edən yeniyetmə gənclərə bu şərəfli peşəni seçib, gələcəkdə jurnalist olmağı arzulayıb.

Jurnalistlərin ürək sözlərinin söyləməsindən sonra iştirakçı gənclər jurnalistlərə suallar ünvanlayıblar.

Milli mətbuat günü  münasibətilə görüşə çağrılmış qonaqlara Bərdə rayon Gənclər və İdman İdarəsinin fəxri diplomu media mükafatları verilib.

Sonda görüş iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Media1.az- Musa Muradlı