23 Dekabr 2024

Bakı və Ankara geosiyasi seçim qarşısında – Masada nəhəng təkliflər var

Asif Nərimanlı: “Bakıda Əliyev-Ərdoğan müzakirəsi olacaq və qərarlar birgə veriləcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq. Liderlər iyunun 13-14-də Brüsseldə keçiriləcək NATO sammitində bir araya gələcəklər. Sammit zamanı Ərdoğanla Bayden arasında keçiriləcək təkbətək görüşdə ölkələr arasındakı münasibətlər, qlobal və regional məsələlər müzakirəyə çıxarılacaq.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Türkiyə Prezidenti sözügedən görüşdən dərhal sonra – iyunun 14-16-da Bakıda səfərdə olacaq. Güman edilir ki, Ərdoğanla Baydenin müzakirə edəcəyi əsas məsələlərdən biri də Cənubi Qafqazdakı geosiyasi vəziyyət olacaq.

Türkiyə ilə Rusiya arasında son günlər yaşanan gərginlik fonunda ABŞ və Türkiyə liderlərinin görüşü, Ərdoğanın bundan bir gün sonra Bakıya gəlişi bölgədəki siyasi konfiqurasiya baxımından bir sıra suallar ortaya çıxarır.

AYNA-nın mövzu ilə bağlı suallarını jurnalist, siyasi şərhçi Asif Nərimanlı cavablandırıb.

No description available.

– Ərdoğan-Bayden görüşünü Rusiya ilə Türkiyə arasında yaşanan müəyyən gərginlik fonunda necə dəyərləndirirsiniz?

– ABŞ-Türkiyə-Rusiya üçbucağında nə baş verdiyini anlamaq üçün 2016-cı ilə qayıdaq. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Ankara xarici siyasət kursundə ciddi korrektlər etdi, lakin bu, Rusiyaya meyllənmək yox, regional güc olmaq istiqamətində idi. Bu, Obamanın, yəni Demokratların hakimiyyətinin son dövründə baş vermişdi. Tramp Respublikaçıların ənənəsinə uyğun olaraq, proseslərə Demokratlar qədər müdaxilə etmədi. Əslində Tramp Administrasiyası Türkiyə və Rusiyanı yaxınlaşdıran ABŞ təhlükəsini kənarda saxlamaqla, iki ölkənin öz aralarında hesablaşmasına şərait yaratdı. Ankara və Moskvanın maraqlarının toqquşduğu məqamların önə çıxması, müəyyən narazılıqların olması da bu dövrdə baş verdi. İndi Demokratlar yenidən qayıdıb və Baydenin “Amerika qayıdır” şüarı ilə aktiv müdaxilə strategiyasına keçidi Türkiyə və Rusiya üçün ABŞ təhlükəsini aktuallaşdırır. Düz məntiqlə iki ölkənin bu təhlükəyə qarşı yenidən yaxınlaşması gözləniləndir. Hərçənd, indi Britaniya-Çin xətti güclənir və bu xətdə həlledici oyunçu Türkiyədir. Yəni geosiyasi vəziyyət 5 il öncəki kimi deyil. ABŞ əsas rəqib kimi Çini görür və Pekinlə mübarizədə Türkiyəyə də, Rusiyaya da ehtiyacı var, lakin öncə bu iki ölkəni uzaqlaşdırmaq üçün Ərdoğana və Putinə ayrı-ayrılıqda təzyiq və təkliflər edəcək. Çünki ABŞ Türkiyə-Rusiya yaxınlığını Vaşinqtondan Pekinə uzanan siyasi coğrafiyada maraqlarına təhlükə hesab edir.

ABŞ-Rusiya toqquşması və Türkiyənin NATO ölkəsi olması Baydenin Ərdoğanla anlaşmağa çalışacağı fikrini önə çıxara bilər, amma qeyd etdiyim Britaniya-Çin xəttində baş verənlər Ərdoğandan fərqli olaraq, Putinin Baydenlə anlaşa biləcəyi ehtimalını gücləndirir. Birincisi, ABŞ Türkiyəyə qarşı PKK-nın Suriyadakı qolu PYD ilə əməkdaşlıq edir və Bayden administrasiyası bu terrorçuları tərəfdaşları hesab edir. Vaşinqton bu siyasətdən əl çəkməyəcək. Ərdoğanın görüşdən öncə – iyunun 2-də Milli Təhlükəsizlik Şurasının iclasını keçirməsi və terrora qarşı mübarizəni artırmaqla bağlı verilən qərarlar da Türkiyənin təhlükəni gördüyü deməkdir.

İkincisi, Bayden administrasiyası Ərdoğanla, yəni Türkiyənin müstəqil siyasi kursunu əsas götürən hökumətlə işləmək istəmir. ABŞ Prezidenti Ağ Evə gəlməmişdən öncə bunu açıq şəkildə bəyan edib. İndi Türkiyə daxilində AKP hökumətinə qarşı baş verənlər də bunu göstərir.

Üçüncüsü, Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsini ABŞ təhlükə hesab etdiyi qədər, Rusiya da layihədəki son dəyişikliyin Asiyadakı maraqlarına risklər yaratdığını hesab edir. Çünki Rusiyanın layihədə yer aldığı Şimal dəhlizi yox, Mərkəzi Asiyadan keçərək, Azərbaycan üzərindən Avropaya uzanan Orta dəhliz aktualdır. Bu dəhlizin aktuallığı Mərkəzi Asiya ölkələrinin Rusiyanın təsirindən uzaqlaşmasına, Türkiyəyə yaxınlaşmasına şərait yaradır, son proseslər də bu yöndədir. Bu baxımdan, ABŞ və Rusiya toqquşan tərəflər olsa da, “Bir kəmər, bir yol” layihəsinin yaratdığı təhlükəyə qarşı birləşə bilərlər.

Türkiyənin Şərqi Avropa ölkələri üzərində son dövrlər təsir imkanlarını artırmaq istiqamətində atdığı addımlar, Türk Şurasını beynəlxalq təşkilata çevirmək istəkləri də Rusiya üçün təhlükəli prosesdir. Lakin bu, ABŞ-ın Rusiyaya qarşı siyasətinin yox, Britaniya-Çin xəttinin tərkib hissəsidir. Koronavirus pandemiyasından sonra haqqında tez-tez bəhs edilən yeni dünya nizamında Türkiyənin regional gücü önə çıxır və Orta dəhlizin keçdiyi coğrafiyada həlledici oyunçu də Ankara olacaq. ABŞ layihənin qarşısını almaq üçün hazırda aktual olan Orta dəhlizin üzərinə hücum edir, Rusiya da bu dəhlizin aktuallığını azaltmaq üçün analoji addımlar atır. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması qərarı, Tacikistan-Qırğızıstan toqquşması da Çinin sərhədlərində yeni münaqişə ocaqlarının yaradılması planıdır və proseslərin inkişafı Əfqanıstan üzərində yeni ekstremizm dalğasının artacağı gözləntilərini gücləndirir.

Bayden-Ərdoğan və Bayden-Putin görüşünün yeni geosiyasi mübarizənin başlanğıcı olacağını deyə bilərik. Bayden Ərdoğanı yeni dünya nizamında ABŞ-la birlikdə, daha doğrusu, ABŞ maraqları üçün hərəkət etməyə razı salmağa çalışacaq. Bunun reallaşacağı daha çətin görünür, o baxımdan, Baydenlə Putinin arxa fonda razlaşmalarının ola biləcəyi ehtimalı böyükdür.

Baydenlə Ərdoğanın görüş yeri və tarixi açıqlanıb

-Yəqin ki, ABŞ və Türkiyə liderlərinin görüşündə Cənubi Qafqazla bağlı da müzakirə olacaq. Bu müzakirədən nə gözlənilir?

– Əslində geosiyasi mübarizənin əsas platforması Cənubi Qafqazdır. Çünki “Bir kəmər, bir yol” layihəsinin Şimal və Cənub dəhlizi məhz bu bölgədə, Azərbaycan üzərində Orta dəhlizlə birləşir və “hab” yaranır. İkinci Qarabağ müharibəsi, müharibədən sonra regionda təklif olunan “Altılıq platforması” bu prosesin tərkib hissəsi idi. ABŞ Çinin qarşısını məhz bu “hab”da almaq niyyətindədir. Gürcüstanın “Altılıq platforması”na isti yanaşmaması, Ermənistanda Paşinyan hakimiyyətinin üçtərəfli razılaşmaları icra etməmək cəhdləri də bundan qaynaqlanır.

Bayden müharibədən sonra regionda kommunikasiyasının bərpası prosesində iştirak etmək istəyir. Ərdoğandan əsas istəyi də bu olacaq – xüsusilə də Zəngəzur dəhlizi məsələsində. Nikol Paşinyanın Zəngəzur səfəri zamanı ABŞ-ın Ermənistandakı səfirinin də bölgəyə gəlişi, eyni vaxtda Ermənistanın sərhəddə atəşkəsi pozması təsadüfi deyildi. Əslində bu gün sərhəddə yaranan qarşıdurmanın əsası həmin vaxt qoyuldu və məqsəd Paşinyanın təklif etdiyi “beynəlxalq müşahidəçilərin” gəlişinə zəmin yaratmaq idi. ABŞ Zəngəzur dəhlizindən Mərkəzi Asiyaya çıxış üçün istifadə etmək niyyətindədir və bunu Mərkəzi Asiya ölkələri ilə yaratmaq istədiyi 5+1 formatının əsas logistikası hesab edir. Vaşinqton Bakı və Ankaraya birgə işləmək təklifini edir, buna paralel olaraq, təklifinin qəbul edilməsi üçün rıçaqlar da formalaşdırır. “Beynəlxalq müşahidəçi” məsələsi bu rıçaqlardan biri hesab oluna bilər. Baydenin Ərdoğandan istəyəcəyi məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsi olacaq.

– Bu, Rusiyanın maraqlarına zidd deyilmi?

– Əlbəttə, ABŞ-ın Mərkəzi Asiyaya çıxmaq planı Rusiyanın maraqlarına zidd addımdır. Lakin Moskva Orta dəhlizin aktuallığının arxa plana keçirilməsi baxımından bu coğrafiyada gərginliyin yaranmasında maraqlıdır. Çünki dünyanın gələcəyi Avrasiyada formalaşır və Rusiya bu gələcəkdən daha çox pay əldə etmək niyyətindədir. Rusiyanın mövqeyini anlamaq üçün “beynəlxalq müşahidəçilərin” sərhəd məsələsində iştirakına icazə verib-verməyəcəyinə baxmaq lazımdır. Fikrimcə, bu məsələ Bayden-Putin görüşündə həll olunacaq və istisna deyil ki, Moskva Vaşinqtona “hə” deyəcək.

“Putinin Baydenə reaksiyası kiçik itin böyük doqa hürməsinə bənzəyir” –     İNOZEMTSEV

– Türkiyə liderinin ABŞ lideri ilə görüşdən sonra dərhal Azərbaycana səfəri təsadüfdürmü?

– Təsadüfi deyil, qeyd etdiyim kimi, Cənubi Qafqaz hazırda ABŞ-Çin mübarizəsinə ev sahibliyi edir və proseslərə Bakıda aydınlıq gətiriləcək. Çin lideri və Avropa İttifaqı Şurası Prezidentinin eyni gündə Azərbaycan Prezidentinə zəng etməsi də təsadüfi deyildi. Ərdoğan və Əliyevin bu geosiyasi mübarizədə seçəcəyi tərəf güclənəcək. Fikrimcə, bu seçim Britaniya-Çin xətti üzrə edilib, lakin Türkiyə və Azərbaycan ABŞ-a qarşı mübarizədə ön xətdə olmaq istəmir, bu baxımdan, iki tərəf arasında manevr etmək, mübarizənin nəticəsini gözləmək siyasətini yürüdəcək. Ərdoğan da Bakıda Baydenlə görüşün nəticələrini müzakirə edəcək və qərarlar birgə veriləcək.

– Məlumdur ki, Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada olacaq. Azərbaycan və Türkiyə rəhbərləri Şuşadan dünyaya hansı mesajları verə bilərlər?

– Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində Şuşanı ziyarət etməsinin ilk növbədə simvolik tərəfi var. Çünki Şuşa Qarabağın azadlığının rəmzidir. Ərdoğanın Şuşaya gəlişi özündə bir neçə hədəfi birləşdirir. Birincisi, Türkiyə və Azərbaycan liderləri Şuşadan dünyaya müharibənin başa çatdığının, münaqişənin bitdiyinin mesajlarını verəcək. İkincisi, Xankəndidə lövbər atmış Rusiyaya Şuşadan Türkiyənin Azərbaycanın maraqlarının müdafiəçisi kimi Qarabağda mövcudluğunun mesajı veriləcək. Üçüncüsü, bu səfər Türkiyənin Qarabağda hərbi mövcudluğunun rəsmiləşməsinin başlanğıcı ola bilər.

– Türkiyənin hərbi mövcudluğu demişkən, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Fikirlər var ki, Ərdoğanın səfəri öncəsi belə bir dialoqun keçirilməsi Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsinə hazırlıqdır. Türkiyənin hərbi bazasının Azərbaycanda, xüsusən də Qarabağa yaxın ərazilərdə yerləşdirilməsi mümkündürmü?

– Ərdoğanın səfərindən öncə belə bir iclasın keçirilməsi Türkiyənin Azərbaycanda hərbi mövcudluğunun – bu, hərbi baza, yaxud hansısa formada hərbi təmsilçilik də ola bilər –  rəsmiləşməsinə hazırlığın getdiyi ehtimalını artırır. Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da Türkiyə hərbçilərinin Azərbaycandakı fəaliyyətinin müzakirə edilməsi bu ehtimalı gücləndirən məqamlardandır. Bundan öncə türk hərbi bazalarının Azərbaycanda yaradılacağı haqda xəbərlər yayılmışdı, lakin Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün buna imkan vermədiyi açıqlandı. Hərçənd, bu, maneə deyil. Çünki Qoşulmama Hərəkatı hansısa hərbi bloka qoşulmağı qadağan edir, hərbi bazaların mövcudluğunu yox. Türkiyənin hərbi bazalarının olduğu bir çox ölkə, məsələn, İraq, Somali, Livan, Qətər və s. Qoşulmama Hərəkatının üzvüdür. Güman ki, həmin vaxt kənar müdaxilələri neytrallaşdırmaq üçün belə bir açıqlama verilmişdi.

Mümkündür ki, iclasda hərbi bazanın, yaxud hərbi təmsilçiliyin sənədləri hazırlansın və Ərdoğanın səfərində imzalansın. Mümkün hərbi bazanın Zəngilanda yerləşdirilə biləcəyi fikrini irəli sürmək olar. Çünki bu bölgə Zəngəzur dəhlizinə yaxındır və beləliklə Türkiyə Naxçıvan və Zəngilandan dəhlizin təhlükəsizliyini qarant altına almış ola bilər. Təbii ki, bunlar ehtimallardır. Lakin mövcud situasiya, geosiyasi mübarizənin çətin dövrə qədəm qoyduğu bir vaxtda böyük güclər Azərbaycanın seçim etməsi tələbini sərtləşdirə bilər. Türkiyənin hərbi bazasının olması Azərbaycanın böyük güclərin qarısını seçimi olacaq.

– Sərhədlərin delimitasiyası məsələsində Rusiya vasitəçiliyi var. Türkiyənin də prosesə qoşulması mümkündürmü?

– Putin-Bayden görüşü Rusiyanın sərhədlərin delimitasiyası prosesinə yanaşmasını müəyyən edəcək. Görüşdə razılıq olmasa, Rusiya Qarabağ münaqişəsinin həllində olduğu kimi, sərhədlərin müəyənləşməsində də Türkiyə ilə birlikdə hərəkət edə bilər. Lakin bu fikri zəiflədən tərəflər birdən çoxdur. Xüsusilə də Ermənistanda Paşinyan hakimiyyətinin mövqeyi və rusların Paşinyanı devirəcək qədər imkanlarının olmaması. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz məqamlar Rusiyanın təklifdə olduğu kimi ABŞ və Fransanın gəlişinə razı olması ehtimalını önə çıxarır. Bu, ATƏT-in Minsk Qrupu formatının Qarabağdan sərhəd bölgəsinə keçidi ola bilər. Bunun bizim üçün müsbət tərəfləri var, hər şeydən öncə Qarabağ məsələsinin həll edildiyinin həmsədr ölkələr tərəfindən qəbul edilməsi baxımından. Lakin Azərbaycanın Türkiyənin iştirakı məsələsini qaldıracağı mümkündür. Fransanın Ermənistana yaxın mövqe tutması da prosesdə Azərbaycana yaxın bir ölkənin iştirakına şərait yarada bilər. Bakının Ankaranın iştirakı olmadan məsələyə razılaşacağı ehtimalı azdır.Müəllif: 

Anar Bayramoğlu