23 Dekabr 2024

Azərbaycanın tanınmış yazarları, bəstəkarları Ukrayna haqqında əsər yazıbmı?

Müharibə mövzusu ədəbiyyat və incəsənət nümunələrində hər zaman bu və ya digər şəkildə əksini tapıb. İnsanların ağrı-acısı, itkiləri, duyğuları əsrlər boyu, musiqi, şeir və s. vasitələrlə gələcək nəsillərə ötürülür.

Bu gün dünyanın diqqəti Ukraynadadır. 24 gündür davam edən Ukrayna-Rusiya silahlı münaqişəsi milyonlarla insanı naçar duruma salıb. Şəhərlər, yaşayış məntəqələri yerlə-yeksan edilir. İtkilərin sayı hər gün artır. Başqa ölkələrdə yaşayanlar olayları mətbuatdan izləyir. Yaradıcı insanlar üçün isə müharibə kadrları yeni əsərlərin yazılması üçün duyğular oyadır.

“Yeni Müsavat” Azərbaycanın tanınmış yaradıcı şəxsləri arasında sorğu keçirib. Görəsən, onlar Ukrayna haqda şeir yazır, mahnı bəstələyirlərmi?

Nəriman Həsənzadə: O poemaya görə həyat yoldaşımı itirdim… – Yenicag.Az

Nəriman Həsənzadə

Xalq şairi Nəriman Həsənzadə “Yeni Müsavat”a bildirdi ki, Ukrayna hadisələri barədə hər kəs yazır, yazmağa da davam edəcək: “Mən də yazmışam. Yeri gəlmişkən, mən Azərbaycan-Ukrayna ədəbi əlaqələri mövzusunda dissertasiya işi müdafiə etmişəm. Ukrayna və Ukrayna ilə bağlı istənilən mövzu mənə yaxındır. Azərbaycan dövləti də Ukraynaya yardım edir. Biz də bu proseslərdən kənarda qala bilmərik”.

Yazıçı Şərif Ağayar qeyd etdi ki, müharibə ilə bağlı hər hansı ədəbi janrda əsər yazmaq hələ tezdir: “Hadisələr bitməmiş onları bədii süzgəcdən keçirmək asan deyil. Ədəbi əsər yazmaq üçün detallara ehtiyac var. Yazarlar fotodan, kadrdan, heç kimin fərqinə varmadığı detaldan təsirlənə bilərlər. Məsələn, Vətən müharibəsində Gəncədə dağıntılar arasında qalmış gəlinciklər mənə çox təsir etmişdi. Müharibə davam etdiyi müddətdə ədəbi nümunələrin yazılması asan deyil. İştirak etmədiyin hadisələri şərti, qiyabi olaraq yaşamalısan. Bunsuz bədii mətn yarana bilməz. Müharibəni yazıçı kimi yaşamaq çox mürəkkəb prosesdir. Biz də müharibə görmüşük. Yazıçı hislərimizi Vətən müharibəsində daha çox yaşamışıq. Təbii ki, analogiya aparıb yazmaq olar, çox güman yazılacaq da. Lakin mütləq zaman lazımdır. Müharibə haqqında yazmaq müharibədə döyüşmək qədər çətindir”.

Aygün Səmədzadə - YouTube

Aygün Səmədzadə

Xalq artisti, bəstəkar Aygün Səmədzadə hər bir yaradıcı insanın əsərlərində haqsızlığa bu və ya digər şəkildə etiraz etdiyini vurğuladı: “Ukraynada baş verənlər hər birimizi təsirləndirir. Hər gün xəbərləri izləyirik, nigaranıq, şəhərlər dağılır. Ukraynadakı Azərbaycan diasporu ilə mütəmadi əlaqə saxlayıram. Təəssüf ki, dünyada müharibələr bitmir. Bir yerdə bitirsə, digər yerdə başlayır. İstənilən müharibə faciədir. Dünyada silah satışını dayandırmaq mümkün deyil. Görünən odur ki, müharibələr daim baş verəcək, insanlar da bunun əziyyətini çəkəcəklər. Bu hisslər isə yaradıcılıq nümunələrində təcəssüm etdiriləcək”.

Gövhər Həsənzadə: “Arxasınca dünyanın o başına gedərəm…” – Yenicag.Az

Gövhər Həsənzadə

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə “Yeni Müsavat”a bildirdi ki, Ukrayna müharibəsinə həsr olunmuş əsər yazmaq barədə düşünməyib: “Vətən müharibəsində əsərlər yazmışıq, yazmağa da davam edəcəyik. Ukrayna hadisələrinin yaradıcılığımda hər hansı şəkildə əks olunacağını düşünmürəm. Heç bir ölkədə insanların müharibə görməsini, itki yaşamasını istəməzdim. Bəlkə də dünyada bundan ən çox əziyyət çəkən, haqsızlığa uğrayan xalq biz olmuşuq. 30 il bu zülmü çəkdik. Nəticədə şərəfli qələbə qazandıq. Bizim yaramız hələ qapanmayıb. Hələ də şəhidlərimizin ruhu ilə yatıb-dururuq. Buna görə də Ukraynada baş verənlərə laqeyd qala bilmərik. Ümumiyyətlə, müharibə ilə bağlı yazdığım hər əsərdə əsas mövzu Qarabağ olacaq. Arzu edirəm ki, heç bir ölkədə silah səsi eşidilməsin”.