23 Dekabr 2024

Azərbaycanın dostu olmaq istəyən dövlətlərin sayı artır – Gücümüz üstünlüyümüzə çevrilir

“Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf gətirməkdir”.

Bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin:

“Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik tərəfindən tanınmasına gətirib çıxarmışdır. Artıq əminliklə deyə bilərik ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb. Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə, səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.

Xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi. Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar. Yəni Minsk Qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir. 

Əlbəttə, burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması da rol oynadı. Aydın məsələdir ki, bu gün beynəlxalq siyasətdə hüququn gücü yox, gücün hüququ işləyir. Yəni “güclüsənsə, deməli haqlısan” prinsipi əksər hallarda özünü doğruldur. Bu mənada, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq, təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir, haqq işimizə əlavə töhfələr verir. 

Bu gün böyük güc mərkəzlərinin regiona baxışları Azərbaycanın mövqeyi ilə demək olar, üst-üstə düşür. Regionda marağı olan dövlətlər postmünaqişə reallıqlarından çıxış etməyə üstünlük verirlər. Təbii, bəziləri buna məcbur ediliblər. Çünki regiona qayıtmaq üçün başqa bir qapı yoxdur. Xüsusən, ötən ilin sonları keçirilmiş Soçi və Brüssel danışıqları onu göstərdi ki, Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibənin nəticələrinə dair beynəlxalq konsensus mövcuddur. Həm Rusiya, həm də Qərb yeni reallıqları tanıyırlar”.