24 Dekabr 2024

Azərbaycanın beynəlxalq təşəbbüsləri Qoşulmama Hərəkatının nüfuzunu daha da artırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vaxtında və düzgün verdiyi qərarlar, gördüyü qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə sadəcə regional deyil, eyni zamanda, inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Ölkə prezidenti İlham Əliyev ölkə daxilində pandemiya ilə mübarizədə nümunəvi təcrübə nümayiş etdirməklə bərabər, dünya ölkələrini də əməkdaşlığa dəvət etmiş, beynəlxalq həmrəylik göstərməyə çağırmışdır.

25 fevral 2022-ci il tarixdə BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxış edib. Dövlət başçısı çıxışında bir şox mühüm məsələlərə öz münasibətini bildirmişdir. Bildirilmişdir ki, COVİD-19 ilə mübarizədə, onun nəzarət altında saxlanılması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundemental rolu olmuş və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır. Bu istiqamətdə Qoşulmama Hərəkatının fəaliyyəti yüksək qiymətləndirilmişdir. Dövlət başçısı qeyd etmişdir ki, “Pandemiya başlandığı dövrdən Qoşulmama Hərəkarı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür”

Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik.

Ölkə başçısı Qoşulmama Hərəkatının bu istiqamətdə təşəbbüslərini davam etdirəcəyini bildirərək demişdir: “Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Hərəkatımız post-COVİD-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək”.

Qoşulmama Hərəkatının videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir.

Aynur Xəlilova,

Politoloq