Azərbaycandan kapital axını artıb – səbəblər
Ekspert: “Hökumət təcili addımlar atmasa”…
2021-ci ildə Azərbaycandan kapital axını 5 milyard dollardan çox təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat açıqlayıb. Məlumata görə, bu, 2020-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Mərkəzi Bank 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 825,79 milyon dollar həcmində birbaşa investisiya yatırılmasını qeydə alıb. İl ərzində ən çox investisiya Türkiyəyə yatırılıb. Bu ölkəyə investisiyalar 16 faiz azalsa da, 280,54 milyon dollarla birinci yerdə qərarlaşıb. İkinci yerdə Böyük Britaniya 122,31 milyon dollar(2,7 dəfə artım), üçüncüdə ABŞ 65,97 milyon dollar(2,6 dəfə azalma), dördüncüdə Gürcüstan 64,11 milyon dollar(64,4 faiz artım) gəlir. Ötən il Azərbaycandan Rusiyaya birbaşa investisiyalar 4,8 dəfə azalaraq 19,72 milyon dollar, Ukraynaya investisiyalar isə 2,1 dəfə artmaqla 17,76 milyon dollar təşkil edib. Maraqlıdır ki, Almaniyaya(6,4 dəfə, 17,21 milyon dollar), Özbəkistana (9,8 dəfə, 8,56 milyon dollar), İtaliyaya(3,4 dəıfə, 5,97 milyon dollar), Çexiyaya(6,4 dəfə, 4,15 milyon dollar), Çinə(33,2 dəfə, 3,92 milyon dollar) investisiyalarımız artıb. Eyni zamanda coğraqfiya da genişlənib: belə ki, keçən il Azərbaycandan ilk dəfə Honqkonqa 8,26 milyon dollar, Yeni Zelandiyaya isə 9,72 milyon dollar birbaşa investisiya qoyuluşu həyata keçirilib.
Qonşu ölkələrin statistikasından aydın olur ki, azərbaycanlılar xaricdə daşınmaz əmlaka yatırımları artırırlar. Belə ki, ötən il Türkiyədə daşınmaz əmlak satın alan azərbaycanlıların sayı artıb. Türkiyə qurumlarının açıqladığı rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycan vətəndaşları Türkiyədən 1 min 517 daşınmaz əmlak alıb. Bu rəqəm 2020-ci illə müqayisədə 238 ədəd və ya 18,6 faiz çoxdur.
2022-ci ilin yanvarında isə Azərbaycan vətəndaşları Türkiyədə 89 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21 obyekt çoxdur.
Azərbaycanlıların Gürcüstan, Avropa ölkələrində sərmayə yatırımlarında biznes fəaliyyəti üstünlük təşkil edir.
Ölkədən kənara kapital hansı yollarla çıxarılır? Bu axının səbəbi nədir? Azərbaycan investisiyalara kəskin ehtiyac duyduğu indiki məqamda hökumət kapital axınının qarşısını necə almaq olar?
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, kapital axını Azərbaycandan xaricə birbaşa investisiya qoyuluşları, portfel investisiyaları və sair formada baş verir: “Eyni zamanda Azərbaycana qoyulan xarici investisiyalardan əldə olunan gəlirlərin repatriasiyası formasında da irihəcmli vəsait axını baş verir. 2021-ci ildə bu, özünü kəskin şəkildə büruzə verir. Kənara çıxarılan vəsaitlərin təxminən 48 faizi repatriasiyanın payına düşsə də, 2,5 milyard dollardan artıq kapital axını ölkədən investisiya məqsədilə çıxarılan vəsaitlərdir. Azərbaycan iqtisadiyyatı kifayət qədər xamdır, işlənməyib. Digər tərəfdən, işğaldan azad olunan ərazilərin bərpası böyük miqdarda vəsait tələb edir. Belə bir şəraitdə ölkədən kənara kapital axınının artması arzuolunmaz haldır”.
Kapital axınının səbəblərinə gəlincə, ekspertə görə, burada ilk növbədə digər ölkələrdə yatırımlar etməklə daha çox qazanc əldə etmək istəyi gəlir: “Digər faktor budur ki, ölkədə kapital bazarları inkişaf etməyib. Yəni əlavə mənbələrdən kapital əldə etmək imkanı məhduddur. İkincisi, investisiya mühiti təkmil, ədalətli deyil. Sağlam rəqabət mühiti təmin olunmur. Bu həm də ölkəyə xarici investisiya qoyuluşlarını da kəskin azaldır. Buna görə də investisiya mühiti tam yenilənməsə, ədalətli mühit yaradılmasa həm ölkədən kənara kapital axını getdikcə güclənəcək, həm də ölkəyə xarici investisiya qoyuluşu azalmağa davam edəcək. Bu baxımdan, hökumət ən qısa müddətdə hərəkətə keçərək, ölkədə normal investisiya mühiti təmin etməyə yönəlik islahatlar həyata keçirməlidir”.
Mərkəzi Bankın məlumatına əsasən 2021-ci ildə Azərbaycandan kapitalın repatriasiyasının həcmi 6 milyard 907,9 milyon dollar təşkil edib. 2020-ci ildə isə Azərbaycandan 4 milyard 472,2 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, 2021-ci ildə Azərbaycandan kapitalın repatriasiyasının həcmi 54,5 faiz artıb.
2021-ci ilin I rübündə Azərbaycandan kapitalın repatriasiyası 1 milyard 277,9 milyon dollar, II rübdə 1 milyard 271,7 milyon dollar, III rübdə 1 milyard 718,6 milyon dollar, IV rübdə 2 milyard 639,7 milyon dollar təşkil edib.
2021-ci ildə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər 0,3 milyard dollar (2020-ci ildə 0,3 milyard), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər 0,3 milyard dollar (2020-ci ildə 0,5 milyard), digər ödənişlər 0,2 milyard dollar (2020-ci ildə 0,4 milyard) olub.
Yeri gəlmişkən, Azərbaycanda investisiya gəlirlərinin köçürülməsinə hansı hallarda məhdudiyyət qoyulacağı müəyyənləşir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, investisiya gəlirlərinin sərbəst dönərli valyutada “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq Azərbaycan Respublikasından xaricə bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, təxirə salınmadan və sərbəst köçürülməsinə təminat verilir.
Layihəyə əsasən, müflisləşmə və iflas sahəsində kreditorların hüquqlarının müdafiəsi, cinayət və ya inzibati məsuliyyətdən irəli gələn, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, vergi və digər dövlət ödənişlərinin ödənilməsi, məhkəmə qərarlarının icrası sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq köçürmələr ayrı-seçkiliyə və qərəzliliyə yol verilmədən təxirə salına və ya məhdudlaşdırıla bilər.
Dünya SAKİT