23 Dekabr 2024

Azərbaycan-Türkiyə münasibətlərində yeni inqilabi addım

Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin çox yüksək səviyyədə olması ölkələrimizin daha da güclənməsinə, tərəqqisinə, eləcə də regionda sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bunun əyani təsdiqidir. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə Respublikası 100 ildən sonra Şuşa Bəyannaməsinə imza atmaqla ilk növbədə Azərbaycanın və ümumilikdə mürəkkəb bir regionun təhlükəsizliyinə qarant qismində çıxış etdi. Qarabağın tacı Şuşa şəhərində iki dost arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Azərbaycan və Türkiyənin liderliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı kimi dəyərləndirilir.  Bu tarixi sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur.

Mühüm siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.

Şuşa Bəyannaməsində diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, malların sərbəst hərəkətinin təşkilinə nail olacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının fikrincə, Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Ekspert bildirir ki, xüsusən də Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir: “Bəyannamə ilə BP, “Signify” kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir”.

Bəyannamədə Zəngəzur dəhlizinə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir. Ekspertlər bildirirlər ki, ixrac həcmini artırmağı planlaşdıran Türkiyə Mərkəzi Asiya və Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Dəhliz Türkiyə-Rusiya iqtisadi əlaqələrinin güclənməsinə də geniş imkanlar açacaq. İxracyönümlü Türkiyə iqtisadiyyatı üçün Zəngəzur dəhlizi ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində mühüm rol oynayacaq.

44 günlük Vətən müharibəsinin uğurlu davamı olan Şuşa Bəyannaməsi, həmçinin ermənilərə və onların havadarlarına da tutarlı bir cavab oldu. Bununla da Qarabağ məsələsinin başa çatdığı, münaqişənin tamamilə həll olunduğu qətiləşdirildi. Bu tarixi sənədin imzalanması bir daha təsdiq etdi ki, tarixi dostluq, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək zirvəsinə ucalıb.