24 Dekabr 2024

Azərbaycan-Rusiya mütəffiqliyi ölkəmizin maraqlarına xidmət edir

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Kremldə iki ölkə başçılarının imzaladığı Bəyənnamə ilkin olaraq Azərbaycanın maraqlarına xidmət edir.
Bəyənnamənin müddəaları hazırlanarkən ölkəmiz üçün əhəmiyyət kəsb edən amillərə xüsusi diqqət yetirilib bə önəm verilibdir. Bildiyimiz kimi Moskva Bəyannaməsindən öncə Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsini imzalayıbdır. Türkiyə bizim qardaşımız və yaxın müttəfiqimizdir. Aramızda son illər hərbi-siyasi və digər yaxınlaşmalar yüksələn xətlə inkişaf edir. Biz bunu 44 günlük Vətən müharibəsində daha aydın hiss etdik. Deməli, Moskva Bəyannaməsi Türkiyə ilə əlaqələrimizə heç bir xələl gətirməyəcəkdir və fəlsəfi baxımdan onun davamı kimi səciyyələndirilə bilər.
Moskva Bəyannaməsi hərbi, iqtisadi, mədəni əlaqələrimizin inkişafında, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığı, ərazi bütövlüyümüzün, ən başlıcası isə müstəqilliyimizin Rusiya Federasiyası tərəfindən qəbul edilməsində böyük əhəmiyyət kəsb edən tarixi bir sənəddir.
Ölkələrimiz arasında münasibətlərin yeni bir mərhələyə qədəm qoyması bir sıra dövlətlərlə yanaşı seperatçı Ermənistanı da narahat edibdir və Ermənistanın siyasi dairələri yenə də iftira dolu xəbərlər yaymaqdadırlar.
Ermənistan rəhbərliyi gözəl başa düşür ki, Azərbaycan və Rusiya ölkələrinin başçılarının imzaladığı yeni Bəyannamə Dağlıq Qarabağdan seperatçı qüvvələrin çıxarılmasında, Cənubi Qafqazda sülhün bərqərar olması və Azərbaycanın nüfuzunun artmasında əhəmiyyətli rol oynayacaqdır.

Rəşad Həşimov
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatı
“Heydər Əliyev pr 38A” ərazi partiya təşkilatının sədri