Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf etdirilir
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 avqust 2024-cü il tarixində Azərbaycana rəsmi dövlət səfəri ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı baxımından tarixi bir hadisə kimi dəyərləndirilir. Səfərin formatı və xarakteri dövlətlərarası əlaqələrin yüksək səviyyəsini əks etdirir və regional sabitlik, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə məhdud tərkibdə keçirilən görüşündə bildirdiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hazırkı dövlət səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq: “Bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin, həm də münasibətlərimiz üçün xoş olacaq”. Dövlət başçısı bildirib ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. “Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq”.
Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. iki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsində cari ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi qeyd edilməlidir. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı