Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir
Diplomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının (QH) 2019-2022-ci illərdə də sədridir.
Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.
Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Təbii ki, ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrliyi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Prezident İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib.
Bəxtiyar Nəbiyev,
YAP Yasamal rayon təşkilatının sədri