23 Dekabr 2024

Azərbaycan Ordusunun Fərrux zəfəri və Rusiya Müdafiə Nazirliyinə tutarlı cavab

44 günlük müharibədən sonra qəhrəman əsgərlərimiz növbəti zəfərlə tarix yazdılar; qələbələr seriyası davam edəcək

Rəşadətli Azərbaycan Ordusu Fərrux yüksəkliyinə və Xocalının Fərrux kəndinə nəzarəti tam ələ aldı. Artıq hər kəs əmindir ki, bu, növbəti böyük qələbənin müjdəsidir, Qarabağda yarımçıq qalan işlərin davamının uğurla həyata keçəcəyinin anonsudur.

Eyni zamanda şübhəmiz yoxdur ki, bu, həm də hazırda yaşanan geopolitik qarmaşa vaxtı Azərbaycanın uğurudur. Azərbaycanın qələbəsini həzm etmək istəməyənlər isə yenə də erməni separatçı-terrorçu qüvvələrin mövqeyindən çıxış etməyə başlayıblar. Rusiya Müdafiə Nazirliyi erməniləri məmnun etməkdən ötrü növbəti dəfə Azərbaycanın qələbəsinə kölgə salmağa çalışdı və dərhal cavabını aldı.

Rəsmi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma halı qeydə alınmayıb. Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur”.

Açıqlamada daha sonra bildirilir: “Rusiya Müdafiə Nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında ”Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki, 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik nümayiş etdirir. Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı “FƏRRUX” dur. Ümid edirik ki, növbəti açıqlamalarda kəndin adı düzgün formada göstəriləcəkdir”.

Göründüyü kimi, sərrast şəkildə hədəfə ünvanlanan cavabdır. Bundan sonra Moskvadakı dairələrin davranışları necə olacaq, demək çətindir, hər halda, gözləyək. İstənilən halda, Azərbaycan özünün haqq yolu ilə gedir. BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra edən ordumuz Qarabağdakı erməni quldurlarının cavabını verməklə həm də üçtərəfli bəyannamənin icrasına nail olacaq, bu, Rusiyanın da aktivinə yazıla bilər. Fakt budur ki, sülhməramlılar Qarabağdakı terrorçuları il yarım müddətində ərazidən çıxara bilməyib. Biz zamanı doğru dəyərləndirməklə strateji yüksəkliyi işğaldan azad edə bildik. Amma suallar da var. Rusiya Müdafiə Nazirliyinin məlum açıqlamaları, israrı, təxribat xarakterli davranışları nədən xəbər verir? Bəs fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik sazişi nə tez yaddan çıxdı? Bəziləri Rusiya MN-in məlum bəyanatlarının Putinin iradəsi ziddinə yayıldığını deyir. Bir qisim isə bu bəyanat davasının əvvəldən razılaşdırılmış məsələ olduğunu bildirirlər. Qərbin başını qatmaq, Ermənistanı Qərbin müdafiəsindən məhrum etmək üçün Rusiya ilə Azərbaycanın anlaşması kimi təqdim edirlər. Bu iddia və qənaətlərin yaşama haqqı varmı? Amma və lakin, heç şübhəsiz, bu məsələdə əsas həlledici faktor Azərbaycan dövlətinin dəmir iradəsi, Ordumuzun əzmi, Müdafiə Nazirliyinin dirənişidir. Bu qələbənin siyasi və hərbi, həmçinin geopolitik mahiyyəti barədə nələr demək olar?

Üzeyir Cəfərov: “Müdafiə nazirlərinin Bakı görüşü Azərbaycan üçün  əhəmiyyətli idi”

Polkovnik: “Bu, 2020-ci ildə Qarabağda yarımçıq qalan işlərin davamıdır və sonuna doğru dövlətimizin qətiyyətinin göstəricisidir”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusunun Xocalının Fərrux kəndinə nəzarəti tam ələ alması əslində qarşı tərəfə və onlara havadarlıq edən tərəf və tərəflərə çox ciddi bir mesajdır: “Bu, 2020-ci ildə Qarabağda yarımçıq qalan işlərin davamıdır və sonuna doğru dövlətimizin qətiyyətinin göstəricisidir. Şəxsi düşüncəmə görə, bunu birbaşa Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından istifadə etmək kimi tam mənasında qəbul etmək o qədər də doğru deyil. Bu məqam da var, amma faiz nisbətində o qədər də çox olmayan şəkildə. O dostlar ki, kim bunu zamanın doğru dəyərləndirilməsi kimi qiymətləndirirlər, haradasa razılaşmaq olar. Lakin bütövlükdə bu, bizim strateji məqsədlərimizdən biri idi və  məsələ mütləq şəkildə həll edilməliydi. Bunun davamı gəlir və yaxın həftələrdə yəqin ki, Müdafiə Nazirliyimiz müəyyən məlumatları açıqlayacaq. Bizim hər hansı gizli planlarımız və hədəflərimiz yoxdur. Bunu qarşı tərəf kimi Ermənistan da yaxşı dərk edir və onların səs-küy salmaları da elə-belə məsələ deyil. Bu işlər aylar öncə görülməli və başa çatdırılmalıydı. Sadəcə, bəzi məlum qüvvələr öz məkrli, uzaqgedən planlarını həyata keçirmək üçün vaxtı bilərəkdən uzadır və bu minvalla onlar 16 ay ərzində 10 noyabr 2020-ci il bəyanatında göstərilən ən vacib məsələləri ləngidirdilər. Necə deyərlər, hər bir şeyin sonu olduğu kimi, bu işin də bir sonu olmalıydı və artıq prosesə start verilib”.

Polkovnik Cəfərov qeyd etdi ki, Fərruxda başlayan proseslər geriyə dönüşü olmayan addımlar kimi başa düşülməlidir: “Bu hadisənin hərbi, həmçinin geopolitik mahiyyəti ondan ibarətdir ki, Ermənistan üçün həm Qarabağda planlaşdırdığı avantüranın həlqəsi daralır və həm də onlar başa düşürlər ki, Azərbaycan artıq bundan sonra heç bir halda onlara separatçılıqla bağlı hansısa addımlar atmağa və qondarma bir oyuncaq qurum yaranmasına imkan verməyəcək”. Hərbi ekspert Fərrux yüksəkliyi və kəndinin önəmindən də bəhs etdi: “Bu bölgə Azərbaycan üçün Qarabağdakı ən önəmli açar nöqtələrindən biri və bəlkə də Xankəndinə yaxın ən önəmli yaşayış məntəqəsi və strateji nöqtədir. 1992-ci ildə bizim neçə-neçə qəhrəman oğullarımız bu yerdə şəhidlik zirvəsinə ucalıblar, neçəsi qazi olub. Ən ağır döyüşlərimiz bu yüksəklik uğrunda baş verib desəm, yanılmaram”. Ü.Cəfərov bildirdi ki, Rusiya Müdafiə Nazirliyinin məlum açıqlamaları, israrı, təxribat xarakterli davranışları isə çox yerində olmayan bir həyasızlıq və kobud müdaxilə cəhdi idi: “Bunlar Ukraynadakı ağır məğlubiyyətlərindən doğan ağrı və acını bizə nifrin kimi püskürməyə çalışmışdılar. Lakin Azərbaycan Müdafiə Nazirliyi də onlara layiqli şəkildə, sərt münasibət sərgilədi. Hesab edirəm ki, hər zaman belə olmaq lazımdır. Qoy çaşmasınlar! Bunlarla yalnız öz dillərində danışanda başa düşürlər. Azərbaycan Fərruxla kifayətlənməyəcək və yaxın həftələrdə digər yaşayış məntəqələrimizlə bağlı da nəticələr olacaq”.

Elçin Mirzəbəyli: “Vətəndaşlar reketçiliyə qarşı mübarizədə fəal  olmalıdırlar”

Siyasi şərhçi: “Fərrux üzərində nəzarətin ələ alınması həm Ağdamın təhlükəsizliyi, həm də hazırda Rusiya sülməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimizdəki hərəkətliliyin müşahidə olunması baxımından mühüm önəm daşıyır”

Siyasi şərhçi Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bildirdi ki, Fərrux kəndi və Fərrux yüksəkliyi mühüm hərbi strateji əhəmiyyət kəsb edən bir ərazidə yerləşir: “Bu kənd üzərində nəzarətin ələ alınması həm Ağdamın təhlükəsizliyi, həm də hazırda Rusiya sülməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilərimizdəki hərəkətliliyin müşahidə olunması baxımından mühüm önəm daşıyır. Rusiya Müdafiə Nazirliyinin son iki açıqlamasına gəldikdə isə mətnin sülhməramlıların komandanı Volkov və onun yan-yörəsindəki erməni tör-töküntüləri ilə birlikdə hazırlandığı və Rusiya Müdafiə Nazirliyindəki başıpozuqluq nəticəsində ”dövriyyəyə buraxıldığı” qənaətindəyəm. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskayanın “yan-yörəsindəki” ermənilərin də sayı az deyil, bu zaman real mənzərəni müəyyənləşdirə bilərik”. E.Mirzəbəyli qeyd etdi ki, Rusiya Müdafiə Nazirliyinin saytında yayılan məlumatın bir müddət sonra silinməsi bu təsisatdakı atmosferin qeyri-ciddiliyindən xəbər verir. “Azərbaycan Ordusunun Fərrux kəndini nəzarətə götürməsi 10 noyabr bəyanatının müddəalarına əməl etməyən Ermənistana və təbii ki, Rusiya sülhməramlılarının komandanlığına əməli xəbərdarlıqdır. Bu zamanadək Azərbaycan tərəfi prosesin hərbi təzyiq olmadan həyata keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edib. Hesab edirəm ki, əgər qanunsuz erməni silahlı birləşmələri ən qısa bir zaman ərzində Azərbaycan ərazilərini tərk etməzlərsə, Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan torpaqları tam silahsızlaşdırılmazsa, o zaman Azərbaycan 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsini təmin etmək üçün müvafiq təhlükəsizlik tədbirləri həyata keçirmək məcburiyyətində qalacaq. Kimsə unutmasın ki, BMT Təhlükəsizlik Şurasının uzun 28 il ərzində yerinə yetirilməyən qətnamələri Azərbaycan tərəfindən 44 gün ərzində icra edilib. 10 noyabr bəyanatının ilk müddəasının icrası üçün 4 gün də yetərlidir”, – E.Mirzəbəyli daha sonra fikirlərinə əlavə etdi.

Ötən gün axşam saatlarında Ermənistan tərəf daha bir açıqlama yaydı. Açıqlamada Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin təsir dairəsinə doğru irəlilədiyi iddia olunur. İrəvanda hələ də anlamaq istəmirlər ki, Qarabağ Azərbaycan ərazisidir və əsgərlərimiz bu ərazinin istənilən bölgəsində ola bilər. Nə qədər tez başa düşüb, terrorçuları Qarabağdan rədd eləsələr, özlərini xilas etmiş olarlar…